Qədim Naxçıvan diyarında xalqımıza məxsus milli və mənəvi dəyərlərin, folklorumuzun, adət-ənənələrimizin, o cümlədən milli mətbəx nümunələrimizin qorunub saxlanılmasına, onun təbliğ edilməsinə, yaşadılmasına böyük diqqət göstərilir. Artıq ənənə halını alan milli mətbəx günlərinin keçirilməsi, süfrələrimizin bəzəyi olan bu ləziz nümunələrin tanıdılması, onların gələcək nəsillərə çatdırılması baxımındam mühüm əhəmiyyət daşıyır.
“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində aprelin 7-də start verilən və iki gün davam edən “Kətə” festivalına da maraq böyük olub. Festivalda 23 ictimai iaşə obyekti və 130 fiziki şəxs iştirak edib. Muxtar respublikamızın ayrı-ayrı rayonlarına məxsus müxtəlif çeşiddə kətələrin hazırlanmasını əyani olaraq izləmək, təndirdə bişmiş kətələrin dadına baxmaq imkanı əldə edən şəhər sakinləri və qonaqlar mənalı istirahət edib, xidmətlərdən məmnun qalıblar.
Festivalın sonuncu günü “Ən dadlı kətə” nominasiyası üzrə müsabiqənin nəticələri elan olunub. Nümayiş olunan məhsullar görünüşünə, çeşid müxtəlifliyi və dadına görə münsiflər tərəfindən seçilərək, festivalın qalibi, ikinci və üçüncü yerlərin sahibləri müəyyənləşdirilib. Münsiflər heyətinin qərarı ilə kətə məhsullarının hazırlanmasında qabiliyyət və bacarığına görə “Ən dadlı kətə” müsabiqəsi üzrə Şərur rayonundan Mirqasım Eminov birinci yerə, Şahbuz rayonundan Aygün Mahmudova, Naxçıvan şəhəri “Büllur” ictimai iaşə obyektinin əməkdaşı Nazilə Allahverdiyeva ikinci, Babək rayonundan Rahilə Cəlilova və Kəngərli rayonundan Pakizə İsmayılova isə üçüncü yerə layiq görülüblər. Qaliblərə diplomlar və “Naxçıvan mətbəxi” kitabı təqdim olunub.
Müsabiqənin qalibi Şərur rayon Yuxarı Yaycı kənd sakini Mirqasım Eminovla həmsöhbət olduq. Onun dediklərindən: – Naxçıvanda bişirilən şomu, qarışıq göyərti, çiriş, gicitkən, balqabaq, mərcimək, lobya, cəviz, halva, şirin, döymə, dürmək kətələri çox məşhurdur. Yazın ilk aylarında yeyilə bilən yabanı bitkilərdən hazırlanan kətə çeşidləri Naxçıvan mətbəxində xüsusi yerə malikdir. Bu bitkilərdən hazırlanan kətə insan orqanizmi üçün çox faydalıdır.
Kətələri kəndimizin uca dağlarında bitən ən dadlı pencərlərimizdən hazırlayırıq, – deyərək söhbətimizə qoşulan həmin kəndin sakini Bəyim nənə Şərur bölgəsində hamı tərəfindən sevilən və xüsusilə Novruz bayramının son günü bişirilən lobya kətəsi haqqında danışdı:
– Əvvəlcə lobyanın toxumları təmizlənir, qurudulur. Bu kətənin xəmiri də digər kətə xəmirlərindən fərqlidir. Un, yağ, süd, droj və sarıkök qarışdırılır, yoğurulur və xəmirin acımasını gözləyirlər. Sonra lobya toxumu və mərcimək yaxşı qaynadılıb süzülür. Əvvəlcədən qovurduğumuz soğanla birlikdə ət maşınından keçirilir. Xəmirin içərisinə hazırladığımız içlikdən qoyub, büküb, yastılayıb, üzərinə yumurta sarısı vurub, təndirdə bişiririk. Bəyim nənə onu da bildirdi ki, bu, Naxçıvan mətbəxinə məxsus olan ən qədim kətə növlərindəndir.
Həmsöhbətlərim göstərilən dövlət qayğısına görə minnətdarlıq etdilər. Bildirdilər ki, bu cür tədbirlərin davamlı keçirilməsi xalqımıza məxsus mətbəx nümunələrini yaşatmaqda böyük rol oynayır.
Digər bir müsahibim Kəngərli rayon sakini, müsabiqədə üçüncü yerə layiq görülən Pakizə İsmayılova dağ bitkiləri və onlardan hazırlanan kətələrin dadından söhbət açdı. O dedi ki, bu yabanı bitkiləri özləri dağlardan toplayırlar. Dadı ilə seçilən pencərlərin mineral tərkibi çox zəngin olduğu üçün onlardan hazırlanan kətələr faydalıdır.
Sədərək rayonundan gələn Kəmalə Əliyeva hazırladıqları “tənbəl” kətəsinin niyə bu cür adlandırıldığı haqqında bizə məlumat verdi: “Rəvayətə görə, bir gün şah şəhəri gəzməyə çıxır, təsadüfən bu qocanın evinə qonaq olur. Bu kişinin də bir tənbəl qızı var imiş. Padşahın gəldiyini görən ata qızına yemək hazırlamasını tapşırır. Tənbəl qız evdə nə qədər pencər varsa, hamısın bir-birinə qatır və kətə bişirib şaha təqdim edir. Şah bu kətəni çox bəyənir. Elə həmin günün səhəri qızın evinə elçi göndərib, atasından razılıq alıb onunla ailə qurur. O vaxtdan bu kətənin adı “tənbəl” kətəsi qalıb”.
Festivalda münsiflər heyətinin üzvləri ilə də görüşərək söhbət etdik. Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzinin direktoru Türkay Səfərzadənin dedikləri:
– Naxçıvan mətbəxi müxtəlif növ yeməkləri kimi kətələri ilə də məşhurdur. Yerli mətbəximizdə 20-yə yaxın kətə növü mövcuddur. Bunlar bu günə qədər mətbəximizdə sevilə-sevilə hazırlanır.
Türkay Səfərzadə onu da dedi ki, festivalda keçirilən “Ən dadlı kətə” müsabiqəsində münsiflər heyəti olaraq növbənöv dadlı məhsullardan ən yaxşısını seçməkdə çətinlik çəksək də, ədalətli olmağa çalışdıq. Seçim zamanı bir sıra məziyyətlərlə yanaşı, festivala gələnlərin maraqlarını da nəzərə aldıq.
Naxçıvan mətbəxi öz bənzərsizliyi ilə seçilir. Özünəməxsus dad-tamı ilə qədimdən bəri mətbəximizdə yaşadılmış kətə çeşidlərinin də tanıdılması üçün bu festivalların keçirilməsi çox böyük əhəmiyyət kəsb edir. Festivalda iştirak edənlərin çoxluğu və nümayiş olunan məhsulların çeşidliliyi, eyni zamanda yerli əhali və xarici qonaqlar tərəfindən festivala böyük maraq göstərilməsi, buradakı qələbəlik zəngin xalq yaradıcılığımızın, milli dəyərlərimizin, bənzərsiz mətbəximizin təbliği baxımından belə tədbirlərin təşkilinin əhəmiyyətini bir daha təsdiq etdi.