"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

“Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilmişdir

Mayın 1-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalının açılışı olmuşdur.

Festival iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsinin önünə tər gül dəstələri düzmüş və Heydər Əliyev Muzeyini ziyarət etmişlər. 

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Vüqar Səfərov “Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalının açılışı münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, şahmatçıları və qonaqları salamlayaraq demişdir ki, Azərbaycanda şahmatın qədim tarixi var. Lakin intellektual idman növü kimi şahmatın inkişafına ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə nail olunmuş, ötən əsrin 70-ci illərində Azərbaycan şahmat məktəbi formalaşmışdır. Ölkəmiz müstəqillik qazandıqdan sonra isə müasir tələblər səviyyəsində şahmat məktəbləri, şahmatın inkişafı ilə bağlı maddi-texniki və tədris bazası yaradılmışdır. Şahmatın inkişafı hər bir ölkənin və xalqın ümumi intellektual potensialını göstərir. Qeyd etmək xoşdur ki, Azərbaycan Respublikası da şahmatın dövlət səviyyəsində himayə olunduğu ölkələrdəndir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Şahmatın inkişafı bu gün Azərbaycanda dövlət siyasətidir”.

Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında şahmatın inkişafına göstərilən diqqətin nəticəsidir ki, yetişən gənc nəsil üçün şahmat daha əlçatan olmuşdur. Naxçıvan şəhərində müasir Şahmat Mərkəzinin, muxtar respublikanın rayonlarında isə Uşaq-gənclər şahmat məktəblərinin istifadəyə verilməsi, ümumtəhsil məktəblərində şahmat fənninin tədrisi, Naxçıvanda beynəlxalq şahmat festivallarının və digər yarışların keçirilməsi şahmat hərəkatının genişlənməsinə öz təsirini göstərmişdir. Hazırda muxtar respublikada 1 qrossmeyster, 2 beynəlxalq şahmat ustası, 3 FİDE ustası, 1 beynəlxalq hakim və 1 FİDE hakimi fəaliyyət göstərir. 4 minə yaxın gənc şahmatla məşğul olur. Gənc şahmatçılardan üçünün adı gənc istedadların “Qızıl kitabı”na yazılmış və Ali Məclis Sədrinin aylıq xüsusi təqaüdünə layiq görülmüşlər.

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri yarışların əsl idman mübarizəsi şəraitində keçəcəyinə əminliklə “Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalını açıq elan etmiş, hər bir şahmatçıya qələbə arzulamışdır.

Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov çıxışında bildirmişdir ki, Naxçıvanda ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş beynəlxalq şahmat festivallarının keçirilməsi böyük məna kəsb edir. Çünki ulu öndərin ölkəmizə rəhbərliyi dövründə şahmatın inkişafına böyük qayğı göstərilmişdir. Hələ Sovet İttifaqı dövründə dünya şahmat tacının Azərbaycana gətirilməsində də görkəmli dövlət xadiminin əvəzsiz xidmətləri olmuşdur. Dahi şəxsiyyətin yolunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev də şahmatın inkişafına xüsusi diqqət və qayğı göstərir. Buna görədir ki, Azərbaycan şahmatçıları hər il daha böyük uğurlar əldə edirlər. Son 10 ildə Azərbaycan millisi üç dəfə tarixi şahmat ənənələri olan Avropada qızıl, gümüş və bürünc medallar qazanmışdır. Şahmatın inkişafı ilə bağlı dünyada yeganə dövlət pro­qramının Azərbaycanda qəbul olunması da şahmata dövlət səviyyəsində göstərilən diqqətin ifadəsidir. Naxçıvan Muxtar Respublikasında da şahmatın inkişafına böyük qayğı göstərilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində son illər Naxçıvanda şahmat böyük inkişaf yolu keçmişdir. Artıq naxçıvanlı şahmatçılar beynəlxalq turnirlərdə, dünya və Avropa birinciliklərində yüksək nəticələr əldə edirlər. 

Azərbaycan Respublikasının gənc­lər və idman naziri Azad Rəhimov bildirmişdir ki, Naxçıvanda ənənə halını almış beynəlxalq şahmat festivallarının keçirilməsinin böyük əhəmiyyəti vardır. Çünki ümummilli liderimiz Azərbaycanda bütün sahələrlə yanaşı, bədən tərbiyəsi və idmanın, o cümlədən şahmatın inkişafına hərtərəfli qayğı göstərmişdir. Bu gün də ölkə Prezidenti Azərbaycanda şahmatın inkişafını diqqətdə saxlayır. Göstərilən qayğı sayəsində gənclərin şahmata marağı xeyli artmış, bunun məntiqi nəticəsi olaraq Azərbaycan şahmatçıları beynəlxalq turnirlərdə böyük uğurlar qazanmışlar. Ulu öndər ­Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalı da bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Azad Rəhimov muxtar respublikada idmanın və şahmatın inkişafı sahəsində görü­lən işlərə, eləcə də festivalın təşkilinə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə minnətdarlığını bildirmişdir. 

Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti, Türkiyə Respublikasının Şahmat Federasiyasının prezidenti Gülkız Tülay çıxış edərək demişdir: – Naxçıvanda olduğum iki gün ərzində ulu öndər Heydər Əliyevin qeyd etdiyi “Bir millət, iki dövlət” fikrini bir daha yaxından hiss etdim. Bu müddət ərzində muxtar respublikadakı şahmat məktəblərində olmaq və onlar haqqında məlumat almaq imkanı əldə etdim. Burada gözəl şahmat məktəbləri var. Muxtar respublikanın şahmat infrastrukturuna və qabaqcıl təcrübəsinə əsaslanaraq demək olar ki, dövlət bu sahəyə xüsusi diqqət və qayğı göstərir. Şahmatçılar isə bundan bəhrələnərək özlərini inkişaf etdirirlər. Bu mənada, Naxçıvanda şahmatın inkişafı sahəsində görülən işlər nümunə gücündədir. Beynəlxalq Şahmat Federasiyası şahmatın inkişafı sahəsində həyata keçirdiyi tədbirlərdə Naxçıvan nümunəsini örnək götürməli və tətbiq etməlidir. Gülkız Tülay “Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalına dəvət edildiyinə görə minnətdarlığını bildirmişdir. 

Tədbirdə çıxış edən beynəlxalq dərəcəli hakim, şahmat festivalının baş hakimi Faiq Həsənov beynəlxalq şahmat festivallarının keçirildiyi ötən 8 ildə Naxçıvanda şahmat sahəsində böyük nailiyyətlərin əldə edildiyini vurğulamışdır. Diqqətə çatdırmışdır ki, göstərilən dövlət qayğısı da şahmatın yeni mərhələdə inkişafına geniş imkanlar açır. Muxtar respublikanın bütün məktəblərində şahmatın tədris olunması, şahmat məktəblərinin fəaliyyət göstərməsi Naxçıvanda dünya əhəmiyyətli şahmatçıların yetişməsi üçün əsaslı zəmin yaradıb. Naxçıvan beynəlxalq şahmat mərkəzinə çevrilib. Dünyanın ən güclü şahmatçılarının festivalda iştirak etməsi bunu bir daha təsdiq edir. 

Sonra şahmat festivalının püşkü atılmışdır.

“Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalında A, B və C qruplarında 15 ölkədən 300-dən artıq şahmatçı mübarizə aparacaqdır. 23 beynəlxalq qrossmeyster, 16 beynəlxalq usta, 14 FİDE ustası, eləcə də ustalığa namizəd şahmatçıların iştirak etdiyi festival mayın 10-dək davam edəcəkdir.

Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının kollektivi konsert proqramı ilə çıxış etmişdir.

01066113
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
196
261
1791
6316
1066113

Tarix: 18-11-2024
Biz, sosial şəbəkələrdə: