"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

“İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan – 2018” loqotipinin təqdimatı olub

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan – 2018” loqotipinin təqdimatı olub. 

Təqdimat mərasimində çıxış edən birliyin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva bildirib ki, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabrında Bakı şəhərində keçirilmiş altıncı konfransında qəbul edilmiş qərarla Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il iyunun 2-də imzaladığı Sərəncama əsasən Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılan Təşkilat Komitəsinin ötən il noyabrın 25-də keçirilən ilk iclasında hazırlıq işləri ilə bağlı məsələlər müzakirə olunub, görüləcək işlərin istiqaməti müəyyənləşdirilib. Bu il yanvarın 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan – 2018” loqotipinin hazırlanması haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunması ilə əlaqədar loqotipin hazırlanması məqsədilə yaradıcılıq müsabiqəsi elan edilib.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Rəssamlar Birliyi tərəfindən müsabiqənin əsasnaməsi hazırlanıb və həmin əsasnaməyə uyğun olaraq təyin edilmiş münsiflər heyəti tərəfindən loqotip seçilib. Müsabiqədə həm Naxçıvanda, həm də muxtar respublikadan kənarda yaşayan yaradıcı insanlar – rəssamlar, memarlar və tələbələr iştirak edib, 40-a yaxın iştirakçı tərəfindən 70-dən çox loqotip təqdim olunub. Qiymətləndirmə zamanı yaradıcı yanaşma, işin təsiredici qüvvəyə malik olması və asan qavranılması ilə yanaşı, həmin loqotipin Naxçıvanın türk-islam mədəniyyəti nümunələrini, eləcə də qədim tarixini və müasirliyini əks etdirməsinə üstünlük verilib.

Vurğulanıb ki, fevralın 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” loqotipinin seçilməsi ilə bağlı tədbir keçirilib. Həmin tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri qeyd edib ki, təqdim olunmuş loqotiplərdən mövzunun əhatə olunması baxımından ən uyğunu müəllifi Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvü Tapdıq Həmzəyev olan loqotipdir. Burada Naxçıvanın həm türk, həm də İslam mədəniyyətinin daşıyıcısı olması, Naxçıvanın qədim və müasir tarixi rəmzlərlə çatdırıla bilib. 

Ülviyyə Həmzəyeva loqotipin mənası barədə danışaraq deyib: “Haçadağın təsviri onu ifadə edir ki, Naxçıvan qədim tarixə malikdir və həmçinin naxçıvanlılar dağ kimi vüqarlı, əyilməzdirlər. Dağın içərisində alovun təsviri həyat əlamətini göstərməklə bərabər, həm də Azərbaycanın “Odlar yurdu” olduğunu ifadə edir. Alovun içərisində yazılan Allah sözü İslamın rəmzi, Naxçıvanın müqəddəs torpaq olduğunun göstəricisidir. Ayparanın və onun üzərindəki bayrağın, həmçinin ulduzun təsviri dövlətçiliyimizin ifadəsidir”. 

Təklif olunan loqotip “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” loqotipi kimi qəbul olunub. Ali Məclisin Sədri Tapdıq Həmzəyevi qalib olması münasibətilə təbrik edib, ona pul mükafatı verilib. Ülviyyə Həmzəyeva rəssamlara göstərdiyi diqqət və qayğıya görə muxtar respublika rəhbərinə birliyin üzvləri adından minnətdarlığını bildirib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Həsən Kərimov, Naxçıvan Muxtar Respublikası Memarlar Birliyinin sədri Heydər Əhmədov çıxış ediblər.

Loqotipin müəllifi Tapdıq Həmzəyev bildirib ki, Rəssamlar Birliyinin digər üzvləri kimi, mən də müsabiqəyə qatılaraq 3 layihə təqdim etdim. Hazırladığım loqotipin seçilməsi məni çox sevindirdi. Lakin mənim üçün ən böyük mükafat Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən təbrik edilməyim oldu. Muxtar respublika rəhbərinə əməyimə verdiyi yüksək qiymətə görə öz dərin minnətdarlığımı bildirirəm.

 

01080731
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
11
381
746
7653
1080731

Tarix: 25-12-2024
Biz, sosial şəbəkələrdə: