"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Türkiyəli sənətçi, rəssam və jurnalist Hülya Sezgin Naxçıvan haqqında yazdı

Türkiyəli sənətçi, rəssam və jurnalist Hülya Sezginin “Ortaq səs” qəzetində “İki dövlət, bir millət – qardaş Naxçıvan” sərlövhəli məqaləsi dərc edilib.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə keçirilən “Naxçıvan – bəşə­riyyətin beşiyi” IV Beynəlxalq Rəsm Festivalında iştirak edən Hülya Sezgin muxtar respublikadan aldığı zəngin təəssüratlarını oxucularla bölüşüb. O məqaləsinə belə başlayır: “Naxçıvan və naxçıvanlılar mənə çox doğmadır. Bundan əvvəlki iki festivalda da Naxçıvanda olmuşam. Ona görə də festivalda iştirak edən rəssamlara Naxçıvan haqqında məlumat verirdim. Naxçıvanı əvvəl Azərbaycanın bir rayonu sanırdım. Cahilmişəm. Çünki İqdırla sərhəd olan Naxçıvan Azərbaycandan ayrı düşmüş və onun tərkib hissəsi olan muxtar dövlətdir.... Naxçıvanda kənd təsərrüfatı və sənaye inkişaf edir. Zəngin tarixi-mədəni irsi var. Sahib çıxıb qorumağı da çox yaxşı bilirlər. Hər tərəf tər-təmiz, yaşıllıqlarla və gül-çiçəklə əhatə olunub. Ona görə də bu gözəl diyarı hər kəs gəzmək, görmək istəyir. Turizmin inkişafı isə iqtisadiyyata ciddi töhfə verir. Naxçıvanda bu sahədə mühüm işlər görülür, malik olduğu zəngin mədəniyyət təbliğ edilir, sənətə və sənətkara qiymət verilir, gözəl festivallar keçirilir. Düşünürəm ki, Türkiyənin turizm şirkətləri öz marşrutlarına Naxçıvanı əlavə etməlidirlər”.

Naxçıvanın son zamanlar böyük iqtisadi və mədəni yüksəliş əldə etdiyini yazan müəllif bu uğurların yüksək səviyyəli beynəlxalq tədbir və festivalların keçirilməsi sahəsində özünü göstərdiyini qeyd edib: “Ona görə də bu ənənəvi rəsm festivalına maraq daha da artır. Bu il festivalda 14 ölkədən 60-dan artıq rəssam iştirak edirdi”.

Hülya Sezgin Naxçıvanda sənətkarlığın, eləcə də rəssamlığın böyük qayğı ilə əhatə olunduğunu vurğulayaraq yazıb: “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri hörmətli Vasif Talıbov sənətə və sənətçilərə böyük qiymət verir, Azərbaycana xas mədəni və milli dəyərlərin qorunub yaşadılması istiqamətində sistemli iş aparır. Ona görə də Naxçıvanda son illər ­görkəmli fırça ustası Bəhruz Kəngərlinin davamçıları olan onlarla istedadlı gənc rəssam yetişib. 
Naxçıvanın tarixi binaları ilə yanaşı, yeni tikililəri də estetik görünüşə malikdir. Yəni ruhsuz beton yığını deyil. Sənətə, elmə, idmana çox mühüm əhəmiyyət verirlər. Görkəmli teatrları, kitabxanaları, idman obyektləri, şahmat mərkəzi, konservatoriyası, müxtəlif ixtisaslar üzrə təhsil verən universitetləri var. Gələcəyin sənət adamları, xüsusilə rəssamlar bu ali təhsil ocaqlarında yetişir. İki gün müddətində Naxçıvanın çox yerini gəzdik, amma bu qədim diyarın gözəlliklərindən doymadıq. Möhtəşəm sənət əsəri olan Möminə xatın türbəsi sanki Naxçıvanın Tac-Mahalıdır. Xalça Muzeyində çox dəyərli xalçalar saxlanır və toxunur. Burada xalçaçı-rəssamlar da var. Xalça toxumaqla və ­muncuqla tablo yaradılması böyük marağıma səbəb oldu”.
Müəllif yazır: “Keçən festivalda açılışı olan Bəhruz Kəngərli adına Rəssamlar Parkını gəzdik. Azərbaycanın ən məşhur realist rəssamı olan Bəhruz Kəngərli öz rəsm əsərlərini sataraq əldə etdiyi qazancı yetim uşaqların oxumasına xərcləyən xalq qəhrəmanıdır. Onun əsərlərində Naxçıvanın tarixini oxumaq mümkündür. Məhz Bəhruz Kəngərlinin əsərindən yola çıxılaraq Nuh Peyğəmbərin türbəsi bərpa olunmuşdur”.
Hülya Sezgin Naxçıvan mətbəxinə, xüsusilə mürəbbələrinə heyran qaldığını da vurğulayır: “Burada hər şey yerli və təbiidir. Geni dəyişilmiş toxuma yer yoxdur!.. Çox ləzzətli və məşhur mürəbbələri var. Xüsusilə də cəviz mürəbbəsinin dadına doyum yoxdu”.
“Çox gözəl qaydaları var. Yolda qarşıdan-qarşıya geçərkən Türkiyədən fərqli olaraq avtomobillər piyadaya yol verir”, – qeydlərini paylaşan müəllif daha sonra əlavə edir ki, “dörd il əvvəl festivalın Möminə xatın türbəsinin ətrafındakı açılış mərasimində milli geyimli gənc qız “Sarı gəlin” mahnısının sədaları altında rəqs etdi. Çox duyğulanmışdım. Bu il həmin səhnəni canlandıran bir əsər yaratdım. Naxçıvanın hər tərəfi güllərlə əhatə olunduğu üçün də rəsmin alt hissəsini güllərlə bəzədim”.
Məqaləni səmimi notlarla bitirən Hülya Sezgin yazır: “Bu qədər çox rəssam qrupunu bu qədər möhtəşəm qonaq etmək, onların qayğısına qalmaq asan məsələ deyil. Bunun arxasında böyük əmək, sədaqət və sevgi durur. Bütün bunlara görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq edirəm... Biz Naxçıvanı dostca, qardaşca gəzib gördük, gözəl rəsmlər çəkdik… Sənət dostluqdur, sənət sülhdür, sənət bəşəridir…”

Nuhçıxan İnformasiya Agentliyi

01081116
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
171
225
1131
8038
1081116

Tarix: 26-12-2024
Biz, sosial şəbəkələrdə: