"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Bu diyarı gəzmək, onun gözəlliklərinə tamaşa etmək insanın ruhunu təzələyir, könlünü oxşayır

Muxtar respublikamıza gələn turistlər bu fikirdədirlər

Tarixi minilliklərlə ölçülən qədim Naxçıvan torpağının bu gün hər qarışına vurulan yeni naxışların ecazkarlığı insanların mənəvi dünyasına sirayət edir, qələm sahibləri bu gözəlliklər qarşısında heyranlıqlarını gizlədə bilmir, yurdumuzun büsatına şeirlər yazır, nəğmələr qoşurlar. Günü-gündən gözəlləşən doğma diyarımız həm də böyük turizm potensialına malikdir. Burada turizmin inkişafı istiqamətində əhəmiyyətli tədbirlər görülməkdədir. Turistlər qonaqpərvərliklə qarşılanır, yüksək səviyyəli xidmətin, mehriban münasibətin şahidi olurlar. Bu da, təbii ki, doğma diyarımızdan yolunu salanların sayının ilbəil çoxalması ilə nəticələnir. Məlumat üçün bildirək ki, cari ilin 6 ayında Naxçıvana 195 min 886 turist gəlib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 391 nəfər çoxdur. 

Qədim Naxçıvanın ecazkar təbiəti, tarixiliyi, həm də möhtəşəm inkişafı haqqında fikirləri əcnəbi vətəndaşların dilindən eşitmək, şübhəsiz ki, hər birimizdə fəxarət hissi ­doğurur. 

Qədim diyarımız ilin bütün fəsillərində qonaqlı-qaralı olur. Biz də ara-sıra yolumuzu turizm məkanlarından salır, qonaqlarla görüşür, onların Naxçıvan haqqında təəssüratlarını öyrənirik. Ötən günlərdə söhbətləşdiyimiz insanların da bu barədə fikirləri maraqlı oldu. 

Qazağıstan vətəndaşı Arsakul Sadırkulova ikinci dəfədir ki, qədim diyarın qonağı olur. Onun dediklərindən:

– Naxçıvana ilk dəfə səyahət məqsədilə üç il bundan öncə gəlməyim yaxşı yadımdadır. Həmin vaxt gəzdiyim yerlərdə gördüklərim qədim torpaq barədə məndə böyük təəssürat oyatdı. Xüsusilə də buranın tarixi məkanları diqqətimi çəkdi. Belə ki, Əshabi-Kəhf ziyarətgahında olduğum zaman indiyədək mənə qaranlıq qalan suala aydınlıq gəldi. Həmin günədək dünyanın bir sıra ölkə­lərində yerləşən bu adda məkanlar tanıyırdım. Lakin müqəddəs kitabımız “Qurani-Kərim”də haqqında bəhs olunan Əshabi-Kəhflə həmin məkanların fərqli cəhətləri çoxdur. Qədim diyarla tanışlıq zamanı illərdir, izinə düşdüyüm müqəddəs ziyarət ocağını tapdım. Və həmin gün əhd etdim ki, qismət olsa, nə vaxtsa, yenidən Naxçıvana qayıdacaq, Əshabi-Kəhfi bir daha ziyarət edəcəyəm. Şadam ki, niyyətim qəbul olunub. Bu dəfə ailə üzvlərimlə gəlmişəm ki, onlar da bu məkanın möcüzəsini yaxından hiss etsinlər. Onu da deyim ki, Naxçıvan olduqca səliqəli, təmiz və abad məkandır. Buradakı sabitlik, qayda-qanun diqqətimi çəkdi. Əgər bir diyarda inkişaf gedirsə, o da, ilk növbədə, əmin-amanlıq sayəsində mümkün olur. Hər gün dünyanın bir sıra şəhərlərində insanlar qanunsuzluqla, özbaşınalıqla qarşılaşırlar. Lakin Naxçıvanda hara üz tutursan, səni mədəni şəkildə qarşılayıb, qonaqpərvərliklə yola salırlar.

Bu fikirlər məndə əbəs yerə yaranmayıb. Sizə burada başıma gələn maraqlı hadisəni nəql etmək istəyirəm. Belə ki, ötən günlərdə mağazaya daxil olub alacağım məhsulları sifariş verdim. Satıcı da məmnuniyyətlə onları torbaya yığıb nəzarət-kassa aparatı vasitəsilə ödədiyim pulun qəbzini təqdim etdi. Elə həmin an telefonuma zəng gəldi və tələsik oradan çıxmalı oldum. Bir az uzaqlaşmışdım ki, səs eşitdim və arxaya dönəndə həmin satıcını gördüm:

– Xanım, buyurun, yadınızdan çıxıb mağazada qalıb, – deyib pul kisəmi mənə uzatdı. 

Bu işdən çox məmnun qaldım və hadisəni dost-tanışla bölüşdüm. Açığını deyim, çoxu inanmadı. Amma bu, belə olub və mən çox sevincliyəm ki, belə qanun-qaydanın, ­mədəni-əxlaqi keyfiyyətlərin hökm sürdüyü bir diyarın qonağıyam.

Digər bir həmsöhbətim Ukraynanın Kiyev şəhərində yaşayan İrina Vladimirovna Maxinya övladını müalicə etdirmək məqsədilə Naxçıvana gəlib. Söhbət zamanı sevincqarışıq qəhərlə bunları dedi:

– Valideyn üçün dünyada ən əziz nemət onun övladıdır. Uca Yaradan mənə də bu şirin paydan bəxş edib. Ancaq tale elə gətirdi ki, övladım bronxial-astma xəstəliyinə tutuldu. Bir sıra müalicə ocaqlarına müraciət etsək də, dərdinə əlac tapan olmadı. Daha sonra sosial şəbəkələr vasitəsilə Naxçıvanda Duzdağ Fizioterapiya Mərkəzinin olduğunu və burada həmin xəstə­liyin müalicəsinin aparıldığını öyrəndim. Sözün düzü, öncə məlumatın doğruluğuna şübhə ilə yanaşdım. Çünki öz Vətənimdə də bənzər məkanlar vardır. Həmin yerlərə üz tutsaq da, müalicənin müsbət effektini görə bilmədik. Naxçıvandakı Duzdağ Fizioterapiya Mərkəzində müalicə alıb, şəfa tapan insanlarla ünsiyyətdən sonra içimdə ümid qığılcımları yarandı. Vaxt itirmədən sizin diyara üz tutdum. Onu da deyim ki, buraya gəlməzdən bir neçə gün öncə övladımın vəziyyəti daha da ağırlaşmışdı. Gəldik və bu ilahi möcüzənin şahidi olduq. Artıq 3 gün keçməsinə baxmayaraq, müsbət nəticələr əldə edilib. Həkimlər də müalicə barədə ürəkaçan rəylər veriblər. Düşünürəm ki, bir ana üçün övladının sağlamlığından üstün heç nə ola bilməz. 

Vətənimdə də bronxial-astma xəstəliyindən əziyyət çəkənlər çoxdur. Qayıdan kimi onlara ilk müjdəm bu barədə olacaq. Yeri gəlmişkən onu da qeyd edim ki, “Duzdağ” otelində də bizə yüksək xidmət göstərilir. Fürsət tapıb diyarınızın gəzməli-görməli yerləri ilə də tanış olmuşam. Çox zəngin tarixiniz, maraqlı abidələriniz var. Möminə xatın və Nuh Peyğəmbərin türbələri məni, həqiqətən, heyran etdi. Naxçıvan mətbəxinin ləziz təamlarını dadmaq olduqca zövqvericidir. Bundan sonra Naxçıvana tez-tez gəlməyi düşünürəm.

Bakı şəhərində yaşayan Vüsalə Əliyeva da yolunu tez-tez Naxçıvandan salır. Deyir, bu torpaq ona yeni həyat bəxş edib. Bu barədə dediklərindən:

– İllər öncə tutulduğum bronxial-astma xəstəliyindən uzun müddət müalicə alsam da, heç bir müsbət nəticə əldə olunmadı. 2013-cü ilin fevral ayında isə vəziyyətim daha da ağırlaşdı və ürəyimdə bir ümidlə Naxçıvana üz tutdum. Duzdağ Fizioterapiya Mərkəzinə ilk ayaq basdığım andan ciyərlərimdə açılma, nəfəsimdə rahatlıq hiss etdim. Bu, məni inanılmaz dərəcədə çox sevindirdi. Artıq beşinci dəfədir ki, müalicə üçün buraya gəlirəm və ötən illər ərzində Naxçıvanın bir çox görməli yerlərini də gəzmək fürsətim olub. Qədim torpağın hansı səmtinə yolumuz düşübsə, orada tarixi-mədəni abidələrlə, füsunkar təbiət mənzərələri ilə qarşılaşmışam. Ulu Tanrı səxavətini bu torpaqdan əsirgəməyib, buranı cənnətməkana çevirib. Qədim diyarın təbiəti insanı xəyallar aləminə qərq edir, füsunkar gözəlliklərə heyran qalmaya bilmirsən. Fikrimcə, Naxçıvan qədim tarixi, müasir inkişafı və qonaq­pərvərliyi ilə xeyli sayda turisti cəlb etmək imkanına malikdir. Buradakı xalqın keçmişinə işıqsalan tarixi abidələr, mənəvi irsimizin qorunduğu mədəniyyət ocaqları, insana daxili rahatlıq bəxş edən təbiət guşələri, milli memarlıq elementlərinin bərq vurduğu müasir binalar, səliqə-sahmanı ilə gözoxşayan abad, geniş küçələr məni valeh etdi. Bir sözlə, Naxçıvanı gəzmək, şəfəqsaçan gözəlliklərə tamaşa etmək insanın ruhunu dincəldir, könlünü oxşayır.

Görüşüb söhbət etdiyimiz qonaqların de­­­dik­­­­­­­­­­­­­­­­­­­­­lərindən bir daha aydın oldu ki, Naxçıvanda turizmin inkişafı istiqamətində aparılan uğurlu siyasət ilbəil öz bəhrələrini verir.

 

01081116
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
171
225
1131
8038
1081116

Tarix: 26-12-2024
Biz, sosial şəbəkələrdə: