Naxçıvana səfəri barədə deyib: “Mən çox şadam ki, Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyətə başladığım qısa müddət ərzində Naxçıvana gəlməyə müvəffəq olmuşam. Muxtar respublikaya səfərimin məqsədi Almaniya ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında iqtisadi, təhsil və mədəniyyət əlaqələrinin daha da genişləndirmək idi. Naxçıvanda keçirdiyim yüksək səviyyəli görüşlərdə bu məsələlər ətrafında müzakirələr apardıq”.
Mixael Kindsqrab Naxçıvan Muxtar Respublikası ilə Almaniya Federativ Respublikası arasında iqtisadi əlaqələrin gələcək inkişaf perspektivləri barədə danışaraq deyib: “Ümidvaram ki, iqtisadi əlaqələrimiz daha da genişlənəcəkdir. Bu məqsədlə Bakıdakı Alman-Azərbaycan Xarici Ticarət Palatası ilə Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyi arasında görüşlər keçiriləcək və iqtisadi əlaqələrin genişləndirilməsinin perspektivləri müzakirə ediləcəkdir”.
Qədim Naxçıvanın Azərbaycanın tarixində xüsusi rol oynadığını vurğulayan səfir deyib: “Naxçıvan Muxtar Respublikasına səfərimdən çox məmnunam. Səfər uğurla başa çatdı. Burada mənə göstərilən qonaqpərvərliyə görə minnətdarlığımı bildirirəm. Naxçıvan şəhərinin təmizliyi, buradakı səliqə-sahman, insanların qonaqpərvərliyi məndə xoş təəssürat yaratdı”.