"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Anatoli Maxin: “Naxçıvan əhalisi Sədərəkdə parlaq qəhrəmanlıq nümunəsi göstərdilər”

Anatoli Maxin: “Naxçıvan əhalisi Sədərəkdə paralaq qəhrəmanlıq nümunəsi göstərdilər”Rusiya Federasiyasının vətəndaşı Anatoli Maxin həm veteran idmançı, həm də Voskresensk şəhərinin millət vəkilidir.

Naxçıvanın ötən əsrin 90-cı illərindəki çətin məqamlarında burada olan, o günlərin yaddaşında dərin iz buraxdığını qeyd edən qonağımız bu dəfə sadə bir turist qismində Naxçıvanımızı ziyarət etməyi özünə mənəvi borc bilib.

Sovet ordusunun tərkibində burada xidməti vəzifəsini yerinə yetirən Anatoli Maxin İşğalçı Ermənistanın Sədərəyə, ümumilikdə Naxçıvana silah və texnika ilə hücüm etdiyi həmin dövrdə naxçıvanlılar cəbhədə canlarını sipər etməsini, düşmənin bir qarış belə irəliləməsinə imkan verməməsini parlaq qəhrəmanlıq nümunəsi kimi dəyərləndirir.

Anatoli Maxin o zamankı Naxçıvanı belə xatırlayır:

"İlk dəfə Naxçıvana 1989-cu ildə gəlmişəm. Daha dəqiq desəm 18 dekabr günü idi. SSRİ dövrü idi. Mən profilaktik xidmət üzrə təşkilatçı kimi fəaliyyət göstərirdim. Çox çətin illər idi. Sənaye müəssisələri fəaliyyəsiz idi, işsizlik artırdı, qeyri-müəyyən vəziyyət hökm sürürdü. O dövrü indiki ilə müqaisə edəndə heyrətlənirsən. 1990-cı ilin mart ayında mən buradan getdim. Bütün bu illər ərzində Naxçıvana gəlmək istəmişəm. Bunu düşünəndə belə kövrəlirəm. Bu gözəl sülhsevər xalqın firavan yaşamını görmək istəyirdim. Hətta o vaxt mən insanların baxışlarında gələcəyə inamı görüb hiss edirdim. Mənə müxtəlif xəbərlər çatırdı. Guya burada yaşayış çətindir. Mən buna inanmırdım. Düşünürdüm ki, əməksevər, diyarına bağlı insanların həyatı yaxşı olmalıdır. Keçmişdə idmançı olmuşam, güləşçiyəm. Veteranlar qrupunun tərkibində Rusiya çempionatında iştirak etdim, 3-cü yeri tutdum. Halbuki yaşım 65-i ötmüşdü. Sonra Bolqarıstanda dünya çempionatında 3-cü yeri qazandım. Bu məni ruhlandırdı və 3 gün ərzində turist kimi sənədlərimi düzəldib uzun fasilədən sonra buraya gəldim. Ürəyim əsirdi. Otelə getdim və 2-3 saatdan sonra şəhərə çıxdım. İnanın, şəhəri tanımadım. O zamankı Naxçıvan xatirimdə qalmışdı. Məişət vəziyyəti yaxşı deyildi. Və mən indi Avropa tipli bir məkanı gördüm. Heydər Əliyev Muzeyini çox bəyəndim. Parkda gəzirəm, o dincliyi sanki uduram. Anlayıram ki, Naxçıvanda həyat rahat və sakitdir".

Keçmiş günlərin xatirələrini göz önünə gətirən müsahibimizin kövrəldiyinin də şahidi olduq. O dərindən köks ötürərək fikrinə davam etdi:

"Skamyada oturmuşdum. Birdən bir uşağın oxuduğunu eşitdim. Gözlərim doldu. Sözlə bunu ifadə edə bilmirəm. Axı mən o zamankı Naxçıvanı görmüşəm. Tarixə boylanıram. 28 il keçib. Hər şey, hər yer göz oxşayır. Tanıdığım, gördüyüm insanlarla qarşılaşmaq istərdim, amma onlar məni yəqin ki, tanımayacaq. Onu deyim ki, o vaxt da, indi də insanların ürəkaçıqlığını, qonaqpərvərliyini hiss edirəm. Hiss edirəm ki, onlar arxayın və  rahatdırlar. İnsan üçün bu çox vacibdir. Fürsətdən istifadə edib və ömrünü hüquq-mühafizə sistemi ilə bağlayan insan, Voskresensk şəhər bələdiyyəsinin deputatı kimi deyirəm ki, istiqamət çox düzgün götürülüb. Hər şey insanların rahat yaşamasına yönəlib. Mən rəhbərliyinizə yox, rəhbərliyimizə, çünki özümü ailənizin üzvü sayıram, sağ ol deməyə borcluyam. Ali Məclis Sədrinin fəaliyyəti hər irəliyə gedən işdə hiss olunur. Nəticələr göz qabağındadır. Burada qaldığım müddətdə Naxçıvan Televiziyasına baxıram, hər şeydən xəbər tutmaq istəyirəm. 2013-cü ildə də burada olanda çəkiliş etdim. Bilirsiz necə? Televiziya ekranından çəkdim. Bunu sərvət hesab edirəm. Naxçıvan yadıma düşəndə həmin materiallara baxıram. Bütün sahələrdə irəliləyiş var. Bu məni çox sevindirir. Çox irəliyə getmisiniz. Bəlkdə də yüz ildə əldə olunacaq nailiyyətləri 20 ildə qazanmısınız. Bunu tam səmimiyyətlə deyirəm".

Anatoli Maxindən Naxçıvana nə üçün sırf bu ərəfədə gəldiyini soruşduqda da maraqlı cavab aldıq:

"Əziz naxçıvanlılar, Yaşayırıq və gözəlliyi görəndə heç düşünmürük ki, bunun arxasında böyük zəhmət var. Nəsillərdən gəlir, biz onu saxlayırıq, inkişaf etdiririk. Qazanılanlar rəhbərliyin düzgün fəaliyyətinin nəticələridi. O vaxt da, indi də o qonaqpərvərlik var. Son tikə çörəyi insanlar qonağa mərdliklə uzadır. Gənclərə səslənirəm, bu dəyərləri qoruyun. Rusiya ilə Azərbaycanın uzun müddətdir ki, yaxşı əlaqələri var. Mən bayram, başqa bir təntənəli gün də gələ bilərdim. Bu ərəfədə gəlməyimin səbəbləri var. Sırf həmin illərin elə həmin günlərini xatırlamaq üçün burdayam. Bir də müstəqillik uğrunda canlarından keçən insanların məzarları qarşısında baş əymək üçün. Sülh olsun. Sülhdən yaxşı elə sülhdür."

Dəyərli fikirlərini bizimlə bölüşən qonağımız bu səfərinin sonuncu olmayacağını və növbəti illərdə də diyarımızı məmnuniyyətlə ziyarət edəcəyini bildirdi. Mənəvi cəhətdən özünü Naxçıvana bağlı biri kimi təqdim edən qonağımız bu inkişafı və yaradılan şəraiti, eyni zamanda qonaqpərvəliyi görməyin hər zaman xoş olduğunu bildirdi...

01070347
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
104
242
4430
10550
1070347

Tarix: 23-11-2024
Biz, sosial şəbəkələrdə: