"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Beynəlxalq rəsm festivalı xoş təəssüratlarla yadda qalıb

Naxçıvanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Naxçıvan – bəşəriyyətin beşiyi” IV Beynəlxalq Rəsm Festivalı keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun, Mədəniyyət Nazirliyinin və Rəssamlar Birliyi tərəfindən təşkil edilən beynəlxalq festival çərçivəsində rəssamlar qədim diyarın bir çox gəzməli-görməli yerləri, tarixi abidələri, mədəniyyət müəssisələri ilə tanış olublar. Festivalın sonuncu günü iştirakçılar Qarabağlar Türbə Kompleksi, “Cahan” AVM, Naxçıvan Biznes Mərkəzi ilə də tanış olub, Naxçıvan Dövlət Universitetində təşkil edilən rəsm sərgisinə baxıblar. Onlarla görüşüb həmsöhbət olduq, Naxçıvanla bağlı təəssüratlarını öyrəndik.

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov: – Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası həm tarixi keçmişi, həm də mədəniyyəti ilə zəngin bir diyardır. Muxtar respublika ötən illər ərzində çox böyük inkişaf yolu keçib, yeni, gözəl memarlıq quruluşuna malik binalar tikilib, müasir yollar salınıb, müxtəlif muzeylər yaradılıb. Xüsusilə muxtar respublikada mədəniyyət sahəsində böyük işlər görülüb. Bu da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin milli mədəniyyətin inkişafına göstərdiyi böyük qayğıdır. Bu qayğının nəticəsidir ki, Naxçıvanda rəssamların fəaliyyəti üçün ən müasir şərait yaradılıb, onların əməyi daim yüksək səviyyədə qiymətləndirilir. “Naxçıvan – bəşəriyyətin beşiyi” IV Beynəlxalq Rəsm Festivalının keçirilməsi də muxtar respublikada mədəniyyətə göstərilən diqqətin bir nümunəsidir. Bu festivalın muxtar respublika üçün böyük əhəmiyyəti var. Burada iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən rəssamlar gəlib. Naxçıvanın təbiəti, tarixi tikililəri onlar üçün tükənməz mövzu mənbəyidir. Bu da imkan verir ki, Naxçıvan beynəlxalq aləmdə daha çox tanınsın, təbliğ olunsun. Bir daha belə bir festivalın keçirilməsinə görə Ali Məclisin Sədrinə rəssamlarımız adından dərin ­minnətdarlığımı bildirirəm.

Mehmet Sağ (Türkiyə): – Festivala dəvət olunduğumu eşidəndə çox sevindim, həyəcan­landım və duyğulandım. Axı bəşəriyyətin beşiyi sayılan Naxçıvana ilk dəfə gələcəkdim.
Digər bir tərəfdən, bütün Türk dünyasının unudulmaz liderlərindən olan dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlı bir beynəlxalq festivalda iştirak etməyin sevinc və məsuliyyətini yaşayırdım. Sərgi salonunda ulu öndərin anadan olmasının 95 illiyinə həsr edilmiş sərgiyə baxarkən dünya şöhrətli bu siyasi xadimin şəxsiyyətinin böyüklüyünü, sənət adamlarınızın timsalında, bütövlükdə, xalqınızın ona olan sevgisinin tükənməz olduğunu bir daha dərk etdim. 
Şəhəriniz möhtəşəmdir. Bu toprağın qədim keçmişi, tarixi, mədəniyyəti var. Buranın sanki dağı-daşı, torpağı dil açıb danışır, bütün gözəllikləri bizə çatdırır. Araz çayı isə bütün tarixi səhifə-səhifə yenidən yaşadır. Məncə, Naxçıvanın inci kimi parlamasının səbəbi buranın insanlarının sadə, mədəni, bəşəri, estetik duyğulara malik olmasıdır. Bu diyarın havası, iqlimi, coğrafi şəraiti bizə imkan verir ki, təbiət gözəlliklərini, rəngli dünyanı rəssam fırçası ilə təsvir edək. Qədim tarixi abidələr, muzeylər bizi heyran etməklə yanaşı, həm də türk insanının öz tarixinə, mədəniyyətinə sahibçıxma örnəyini bizə göstərdi. Bu qədim diyarın gözəlliklərini Haçadağ və Nuh tufanı ilə bağlı qədim əfsanədən yararlanaraq kətana köçürdüm. Bu əfsanəyə bizim Anadolu coğrafiyasında və Ağrıdağ ilə bağlı kitablarda da rast gəlinir. Məndə çox böyük təəssürat yaradan Dünya tufanı hadisəsini qəlbimdə əfsanəvi güc hiss etməklə rəsmdə simvolik olaraq canlandırmağa çalışdım. 

Əfsanələr diyarı Naxçıvan… Düşünürəm ki, hər birimiz bütün bu gördüklərimizi – ürəyi həmişə müstəqillik, azadlıq atəşi ilə dolu olan türklərin tarixini, mədəniyyətini hər bir şair və yazıçı qələmi, rəssam fırçası, bəstəkar bəstəsi, heykəltəraş tişəsi ilə ifadə etməli, gələcək nəsillərə qiymətli və zəngin ərməğan kimi ötürməliyik.

Həbibə Javanbaht (İran): – Təbriz şəhərindən gəlmişəm. Naxçıvan və naxçıvanlılar haqqında kifayət qədər məlumatlıyam. Qədim diyarınız günü-gündən inkişaf edir. Bunu Naxçıvana hər gəlişimizdə əyani olaraq görürük. Muxtar respublikaya dəfələrlə gəlib-getməyimə baxmayaraq, burada keçirilən beynəlxalq rəsm festivalında ilk dəfədir, iştirak edirəm. Naxçıvanın gözəlliklərini rəssam fırçası ilə ifadə etmək mənim üçün çox xoşdur. Bura Nuhun yurdudur və tarixi abidələrlə zəngindir. 

Naxçıvanın hansı səmtinə üz tutsan, orada təmizliyin qorunub saxlanıldığını görərsən. Sizin şəhəriniz bu xüsusiyyətinə görə bir sıra dünya ölkələrinə nümunədir. İnsanların istiqanlılığı, qonaqpərvərliyi isə hamını razı salır. Çəkdiyim rəsmdə də çalışmışam ki, tarixiliyi, qədimliyi saxlamaqla, Naxçıvanı bütün çalarları ilə təsvir edim.

Şəhərinizdə belə festivalların keçirilməsi isə biz rəssamlara göstərilən yüksək diqqət və ehtiramın ifadəsidir. Dünyanın hər yerində belə festivallar keçirilsə, düşünürəm ki, bütün ölkələr arasında sülh və əmin-amanlıq yaranar, möhkəm dostluq əlaqələri formalaşar, eyni zamanda sənətimizlə bağlı yeni məlumatlar əldə edərik. Belə yüksək təşkilatçılığa görə muxtar respublika rəhbərinə minnətdarlığımı bildirirəm. 

Olga Eren (Qazaxıstan): – Naxçıvanda təşkil edilən beynəlxalq rəsm festivalı bizdə qədim diyarınızın zəngin tarixi və bu günü ilə səsləşən gözəl mədəniyyət və sənət bayramı təəssüratı oyatdı. Şəhərinizdə çox olmuşam. Artıq üçüncü dəfədir ki, bu festivalda iştirak edirəm. İnsanların öz tarixinə, milli dəyərlərinə böyük sevgi ilə sahib çıxması, onu təbliğ etməsi, tanıtdırması, gəzdiyimiz yerlər mənim bu şəhərə heyranlığımı daha da artırdı. Məsələn, biz Şərq memarlığı incilərini özündə əks etdirən Qarabağlar Türbə Kompleksi ilə tanış olduq. Bərpası artıq tamamlanmaqda olan həmin kompleks tarixi abidələrə göstərilən qayğının, dövlətinizin tarixi keçmişinizə verdiyi önəmin ifadəsidir. Naxçıvan həm də bu gün mədəniyyəti, müasirliyi və sürətli inkişafı ilə bizi özünə valeh etdi.

Belə beynəlxalq rəsm festivallarının Naxçıvanda keçirilməsi heç də təsadüfi deyil. Çünki Nuhun vətəni sayılan qədim diyar həm də rəssamlıq mədəniyyətinin formalaşdığı tarixi-mədəni mərkəzlərdəndir. Bura böyük azərbaycanlı rəssam Bəhruz Kəngərlinin vətənidir. Naxçıvanın ayaq basılan hər bir yeri bir şairə necə şeir yazdırırsa, rəssama da “gəl məni çək”, – deyir sanki. Bizim də borcumuz gördüklərimizi ağ kağız parçasına köçürmək, onları sehrli fırçaların, rənglərin dili ilə bütün dünyaya çatdırmaqdır. Naxçıvanın simvolu olan Haçadağ, Möminə xatın türbəsi və digər tarixi abidələri rəssam təxəyyülünə məxsus çalarlarla işləmək insana mənəvi zövq verir, tarixi göz önündə təkrar-təkrar canlandırır. Naxçıvanın belə beynəlxalq sərgilərə ev sahibliyi etməsi Azərbaycan boyakarlıq sənətinin inkişafını, təsviri sənətin səviyyəsini, yaradıcılıq axtarışlarının istiqamətlərinin yüksək səviyyədə olduğunu bir daha göstərir. 

Diana Arslanova (Rusiya): – Naxçıvanda müasir infra­strukturun yaradılması, geniş park və xiyabanların salınması, ilk baxışda diqqəti cəlb edən gülkarlıqlar buranı əsl cənnətməkana çevirib. Gəzdiyimiz yerlər xatirəmdə silinməz izlər buraxdı, yaddaqalan günlər yaşadım. Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi və rəssamların emalatxanaları ilə tanışlıq bir daha göstərdi ki, burada rəssamların fəaliyyəti üçün geniş imkanlar yaradılıb. Məlum oldu ki, burada müasir rəssamlıq emalatxanalarının istifadəyə verilməsinə, bu sahədə istedada malik olanların üzə çıxarılmasına böyük diqqət və qayğı göstərilir. Festivalda tanış olduğum naxçıvanlı gənc rəssamlar bu diyarın rəssamlıq məktəbinin zəngin ənənələrindən ağızdolusu danışdılar. 

Tanrının yurdunuza bəxş etdiyi təbiət gözəlliklərini, xalqınızın qədim tarixi keçmişini yaşadan abidələri təxəyyülümün gücü, fərqli janr və üslub rəngarəngliyi ilə çəkdim. Bizə bu imkanı yaradanlara minnətdarlığımı bildirirəm. 

Patimat Quseynova (Rusiya): – Bu, mənim Naxçıvana ilk gəlişimdir. Diyarınızda ən çox diqqətimi çəkən Möminə xatın türbəsi oldu. Həqiqətən də, bu abidəyə tamaşa etdikcə heyranlığını gizlədə bilmirsən. Abidə ilə tanışlıq zamanı öyrəndim ki, Azərbaycan milli memarlığının möhtəşəm nümunəsi, Şərq memarlığı incilərindən olan bu türbə, bütövlükdə, Türk dünyasında anaya, qadına yüksək sevgi və ehtiramın rəmzi kimi məhz Naxçıvan torpağında ucalır. Çəkdiyim rəsm əsərində də bunları təsvir etməyə çalışmışam. Eyni zamanda müxtəlif rəng çalarlarından istifadə etməklə yaratdığım rəsmdə Haçadağı, qədim Nuh əfsanəsi ilə bağlı eşitdiklərimi kətan üzərinə köçürmüşəm.
Böyük fərəh hissi ilə deyərdim ki, Naxçıvan əsl gəzməli-görməli, yaşamalı yerdir. Gələcəkdə yolumu tez-tez Naxçıvandan salacağam.

 

Güntac ŞAHMƏMMƏDLİ

"Şərq qapısı" qəzeti

01081345
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
147
253
1360
8267
1081345

Tarix: 27-12-2024
Biz, sosial şəbəkələrdə: