"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Tələbələrin “Qarabağlar Türbə Kompleksi”nə ekskursiyası təşkil olunub

İyulun 10-da Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin təşkilatçılığı ilə “Naxçıvan” Universitetində təhsil alan tələbələrin Kəngərli rayonunun Qarabağlar kəndində yerləşən Qarabağlar Türbə Kompleksinə ekskursiyası təşkil edilmişdir.

Əvvəlcə Naxçıvan Turizm İnformasiya Mərkəzinin direktoru Gülnarə Sadiqova çıxış edərək bildirmişdir ki, Naxçıvan Muxtar Respublikasında tarixi abidələrə göstərilən dövlət qayğısı mədəni irsimizin qorunub saxlanması və təbliğinə geniş imkanlar açmışdır.Son 22 ildə muxtar respublikada 70-ə yaxın tarix və mədəniyyət abidəsi əsaslı təmir və bərpa edilmiş, 1200-dən çox dünya, ölkə və yerli əhəmiyyətli abidə pasportlaşdırılaraq dövlət qeydiyyatına alınmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin "Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında" 2016-cı il 4 iyul tarixli Sərəncamına uyğun olaraq Kəngərli rayonunun Qarabağlar kəndindəki türk-islam mədəniyyətinin nadir nümunələrindən olan Qarabağlar Türbə Kompleksi də elmi və tarixi əsaslarla bərpa edilmişdir.

 

Qeyd olunmuşdur ki, ekskursiyanın keçirilməsində məqsəd muxtar respublikanın tarixi yerlərinin və turizm məkanlarının gənclərə tanıdılması və bu ekskursiyalar zamanı çəkilmiş fotoşəkillərin gənclər tərəfindən müxtəlif sosial şəbəkələrdə paylaşılaraq muxtar respublikanın tanıdılmasında onların da fəallığının artırılmasıdır.

Sonra ekskursiya iştirakçıları Abidə ilə tanış olublar. Məlumat verilib ki, Qarabağlar Türbə Kompleksi qoşa minarə və onları birləşdirən baştağ, xanəgah və türbədən ibarətdir. Kompleksə daxil olan tikililər zaman keçdikcə dağıntıya məruz qalmışdı. Kompleksin əsasını Naxçıvan memarlıq məktəbinin incilərindən olan Qarabağlar türbəsi təşkil edir. Türbənin memarlıq xüsusiyyətləri, kitabələrinin yerinə yetirilməsi texnikası və digər əlamətləri onun Naxçıvan memarlıq məktəbinin nümunəsi olduğunu təsdiq edir. Qülləvari xatirə tikintilərinə aid olan türbə on iki yarımsilindrin birləşməsindən ibarətdir. Diametri 10 metrə yaxın olan, hazırki vəziyyətdə hündürlüyü 16 metrə çatan Qarabağlar türbəsinin 4 baştağı vardır. Baştağlarının dördünün də baş tərəfində Qurani-Kərimin “əl-Mumin” surəsindən 16-cı ayənin son hissəsi yazılmışdır. Sonra tələbələr Kompleksin xanəgah hissəsində nümayiş etdirilən eksponatlarla tanış olmuşlar. Burada xalqımızın həyat tərzini əks etdirən qədim məişət əşyaları, ərazidə aparılan arxeoloji qazıntılar zamanı tapılan maddi-mədəniyyət nümunələri qoyulmuşdur. Xalqımızın tarixini, adət-ənənələrini, məişətini özündə əks etdirən saxsı və mis qablar, daş dəstər və həvəngdəstələr, eyni zamanda toxuculuq nümunələri xalqımızın məişət mədəniyyəti haqqında dolğun təəssürat yaradır. Binadakı təndirlərin yaranma tarixi kompleksin yaranma tarixi ilə eyni vaxta düşüb, xalqımızın həmin dövr üçün əsas məşğulliyyətini, adət-ənənələrini və yaşayış tərzini özündə əks etdirir. Ekspozisiyada Qarabağlar Türbə Kompleksinin bərpadan əvvəl və bərpadan sonra çəkilmiş fotoşəkilləri, o cümlədən kətan üzərində yağlı boya ilə işlənmiş “Qarabağlar türbəsi” rəsmləri, Naxçıvanın tarixini və Qarabağlar Türbə Kompleksi haqqında məlumatları özündə əks etdirən kitablar da nümayiş olunur. 

Sonda tələbələri maraqlandıran suallar ətraflı cavablandırılmışdır.

01065561
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
108
139
1239
5764
1065561

Tarix: 16-11-2024
Biz, sosial şəbəkələrdə: