İsti yay günlərində kənddə istirahət edib, mənalı asudə vaxt keçirmək çoxlarının arzusudur. İndi dincəlmək üçün çoxlu pul xərcləyib uzaq səyahətlərə çıxanlarla bərabər, yaşadığı şəhərdən cəmisi bir-iki saatlıq məsafədə yaşıllıq içərisindəki kəndləri seçənlər də vardır. Bu mənada, inkişaf etmiş ölkələrdə populyarlıq qazanan kənd turizmi növünə ölkəmizdə, o cümlədən Naxçıvanda maraq artmaqdadır. Zəngin təbii turizm ehtiyatlarımız və yenilənmiş sosial infrastruktur buna şərait yaradan əsas amillərdəndir.
Şübhəsiz, bu qızmar yay günlərində ucqar dağ kəndlərinin sərin havası şəhər sakinləri üçün əsl turizm motividir. Doğrudan da, şəhərdə kondisionerlərin gecə-gündüz işlədiyi belə havalarda muxtar respublikamızın dağ kəndlərində əsl təbii sərinlik vardır. Bu kəndlərin buz kimi soyuq sularından içən, günboyu yamyaşıl bağ-bağçaların kölgəliklərində dincəlib gözəl vaxt keçirən bir daha buralara can atır. Həm də tək deyil, ailəliklə, dost-tanışlarla birgə.
Hazırda muxtar respublikamızda kənd turizminin inkişafı diqqət mərkəzindədir. Belə ki, bu turizm növünün kəndin ehtiyatlarından istifadədə, əhali məşğulluğunun təmin olunmasında mühüm əhəmiyyəti vardır. Aparılan maarifləndirmə işləri bu sahədə öz bəhrəsini verməyə başlayıb. Artıq çox sayda şəhər sakini kənd evlərini kirayə etməklə öz istirahətini burada keçirir.
Kənd turizmi, adından da göründüyü kimi, yaşıl təbiəti, burada yaşayan insanların həyat tərzi, məişəti və məşğuliyyəti şəhərdən xeyli dərəcədə fərqlənən kənd ərazilərində təşkil olunan fəal istirahət növüdür. Bu həm də ekoturizmin bir yarımnövüdür. Kənd turizmi zamanı çox sayda pullu xidmətlər təklif oluna bilir: yerləşdirmə, qida, gəzinti, əyləncə, bələdçilik, ticarət, nəqliyyat və digər belə xidmətlər yerli əhali üçün yaxşı gəlir mənbəyidir.
Kənd turizmi, həm də iqtisadi cəhətdən çox sərfəlidir. Burada xərclər aşağı, gözlənilən gəlirlər isə nisbətən çoxdur. Bu turizm növünün təşkili zamanı digərləri ilə müqayisədə qarşıya çıxan başqa çətinliklər də yoxdur. Məsələn, bu turizm növündə turistlər üçün viza, yaxud rezervasiya, yerli əhali üçün isə xarici dil bilmə və yaxud təhlükəsizlik problemləri hiss olunmur. Bunlardan əlavə, öz evinin, yaxud həyətinin müəyyən bir hissəsini kirayə verən və turistlərə qida servisləri göstərən kəndli həm də yaxşı gəlir əldə edir. Bu gün kəndlərimizdə sürətlə yenilənən infrastruktur şəraiti, əhali gəlirlərinin artması ilə onların mənzil-məişət şəraitinin yaxşılaşması da burada özünü göstərən faktorlardandır. Şübhəsiz, şəhərli turistlər üçün kəndin ekzotikası, burada onlar üçün qeyri-adi olan cazibədar kənd mənzərələri, maraqlı adət-ənənələr, ekoloji təmiz və unikal menyu ilə hazırlanan mətbəx nümunələri əsas motiv olsa da, müasir standartlara uyğun yerləşmə şəraiti də vacib şərtlərdən sayılır. Şəhərlə kəndin həyat səviyyəsi arasındakı fərqin aradan qaldırılması istiqamətində dövlətimizin həyata keçirdiyi tədbirlər kənd evlərində şəhər komfortunun təşkili üçün müsbət zəmin yaradıb.
Kənd turizmi mövsümi turizmdir və onun təşkil olunması üçün çox ciddi tanıtım və ya reklam işləri tələb olunmur. İndi kəndlərimizdə yaradılmış şərait özü ən güclü reklamdır. Yaxşı reklam üçün yalnız şəraiti olan kənd evləri haqqında məlumatların internetdə yerləşdirilməsi və bunlarla əlaqədar müəyyən bir əlaqə nömrəsinin olması kifayətdir. Kəndlərimizin milli qonaqpərvərliyini də bəri başdan tanıtmağa ehtiyac yoxdur. Sadə kənd mühiti, kəndin primitiv, ancaq təmiz və gözəl həyat tərzi, şəhərin səs-küyündən tamamən fərqli olan səssizlik, buz bulaqlar, ilboyu aşıb-daşan meyvə, bir-birindən maraqlı müxtəlif təsərrüfat işləri və sair kəndlərin əsas cazibə elementlərindəndir.
Kəndlərimizin sosial həyatı da zəngin və mənalıdır. Buna görə də kəndlilərin turistlərə göstərə biləcəyi yataq, yemək və sair kimi zəruri xidmətlərdən başqa onlara digər peşəkar xidmətlərin də göstərilməsi maraqla qarşılanar. Kəndin səhər saat 5-dən başlayıb, axşam qaranlıq düşənə qədər davam edən qaynar həyatı ilə iç-içə yaşayan turistlər uzun müddət bunun təəssüratlarını unutmurlar. Hələ axşama yaxın kəndlərdəki qaynar həyat şəhərli balacalar üçün əsl nağıllardakı kimidir. Xüsusən kəndə istirahətə gəlmiş uşaqların buradakı həmyaşıdları ilə yeni tanışlıqları onlar üçün göydəndüşmədir. Bu baxımdan ilin əksər dövrlərində gününü kompüter və telefonla keçirən məktəblilərin heç olmasa, bir ay belə təbiətin qoynunda, yorucu cihazlardan uzaq olması üçün məhz kəndin təbiətlə həmahəng zəngin sosial həyatını buradakı uşaqlarla birgə yaşaması və yeni dostlar qazanması vacibdir. Eləcə də yaşlı insanların kəndə xas zəngin rekreasiya qazanması üçün kənd turizminin əvəzi yoxdur, – desək, yanılmarıq.
Muxtar respublikamızda kənd turizminin inkişaf perspektivləri yüksəkdir. Ötən illərdən başlayaraq Ordubad, Şahbuz və digər rayonlarda bu faydalı turizm növünün inkişaf etdirilməsi məqsədilə maarifləndirici tədbirlər də keçirilib. Naxçıvan Turizm-İnformasiya Mərkəzinin saytında muxtar respublikanın dağ kəndlərində turistlərin qala biləcəyi evlər haqqında məlumatlar yerləşdirilib. Bu məlumatlarla tanış olan turistlər asanlıqla ev kirayə edib, Naxçıvanın gözəl səfalı kəndlərində istirahət edə bilərlər.
Əli CABBAROV
"Şərq qapısı" qəzeti
12.07.2018