Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin və Gənclər Fondunun təşkilatçılığı ilə Ağbulaq İstirahət Mərkəzində “Naxçıvan Muxtar Respublikasının turizm potensialının tanıdılmasında gənclərin rolu” mövzusunda tədbir keçirilib.
“Yay məktəbi”nin iştirakçılarının da fəallıq göstərdiyi tədbirdə çıxış edən Gənclər Fondunun icraçı direktoru Anar Babayev bildirib ki, gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində aid dövlət orqanları, gənclər təşkilatları, ictimai birliklər tərəfindən hər il mühüm layihələr reallaşdırılır. Qeyd olunan tədbirlər sırasında “Yay məktəbi”, yay düşərgələri, gənclərlə birgə turizm layihələrinin həyata keçirilməsi xüsusi yer tutur.
Bildirilib ki, muxtar respublikanın turizm potensialının tanıdılması ilə bağlı Gənclər Fondu aid təşkilatlarla birlikdə ötən dövr ərzində keçirdiyi müxtəlif layihələr muxtar respublikanın turizm imkanlarını təbliğ etmək baxımından böyük əhəmiyyətə malikdir.
Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov çıxışında qeyd edib ki, turizmin inkişafı üçün yaradılan şərait muxtar respublikaya üz tutan turistlərin sayının ilbəil artmasına səbəb olub. Turizm İnformasiya Mərkəzinin sosial şəbəkələrdəki qrup və səhifələrinə İslam mədəniyyəti abidələri haqqında məlumatlar və fotoşəkillər daxil edilir. “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in rəsmi internet səhifəsi və muxtar respublikanın turizm potensialı haqqında məlumatlar Azərbaycanın digər bölgələrində fəaliyyət göstərən Turizm İnformasiya mərkəzlərinə, respublikamızda, o cümlədən 20-dən çox xarici ölkədə yerləşən tur operatorlara, eləcə də mehmanxanaların elektron poçt ünvanlarına göndərilir.
Tədbir Naxçıvan Muxtar Respublikasının turizm potensialını əks etdirən videoçarx və mövzu ilə bağlı fotolardan ibarət sərgi ilə başa çatıb.