"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Bütün mövsümlər üçün əvəzsiz turizm məkanı - Şahbuz

Muxtar respublikamızın təbiət gözəli olan Şahbuz bütün fəsillərdə füsunkar görünüşü, bənzərsiz havası ilə turistləri cəlb edən bölgədir. Yazı bir başqa mənzərə, qışı möcüzə, yayı çiçək ətirli, payızı bol meyvəli olan rayonun son illər aparılan quruculuq işləri ilə daha da gözəlləşən, müasirləşən hüsnü buranı əsl turizm məkanına çevirib. Rayonda 140-a yaxın tarix-mədəniyyət abidəsinin qeydiyyata alınması, onlardan 6-nın dünya əhəmiyyətli olması turistlərin diqqətini çəkən məqamlardandır. Rayonun coğrafi mövqeyi isə burada ekoturizm, kənd yaşıl, müalicə, qış və digər turizm növlərinin inkişafına böyük imkan yaradır. Bir dəfə Şahbuzda olan qonaq və turistlər bu doyumsuz gözəllikləri görmək, əsrarəngiz məkanın dörd fəslinin bir-biri ilə harmoniya yaradan mənzərələrini seyr etmək üçün yenidən bura qayıdırlar.


Bir təbiət gözəlidir Batabat


Hüsnünə onlarla şeirlər qoşulan, nəğmələr bəstələnən zirvəsi qarlı, ətəyi yaşıl dağları, şiş qayalıqları, dünyanın min bir rəngindən çalar alan çəmənlikləri, saf sulu bulaqları olan Batabatı Tanrı sanki turizm məkanı üçün yaratmışdır. Yazda baxdıqсa gözoxşayan çəmənlərində, yamaclarında bir-birini əvəz edən lalə, nərgiz, bənövşə talalarının özünəməxsus çalarları yaşıl rəngin burada hökm sürən bütün tonlarının fonunda insanı valeh edir. Güllərin, çiçəklərin dəniz səviyyəsindən yüzlərlə metr yüksəklikdə yerləşən yaylağın təmiz havasına qatdığı rayihə isə heç bir gözəl ətirlə müqayisə olunmayacaq dərəcədədir.

Batabat tək təbiət gözəli deyil, həm də tarixi abidələr məkanıdır. Qədim karvan yolu üzərində yerləşən və mehmanxana kimi istifadə olunan Fərhad evi, hər biri bir tarix olan mağaralar və göy cisimlərini müşahidə etmək üçün Batabat Astrofizika Rəsədxanasının da burada yerləşməsi həm xarici, həm də yerli turistlərin maraq dairəsini artırır. 

Bir vaxtlar yolların bərbad vəziyyətdə olması üzündən bu gözəl yaylağa gəlmək çətinlik yaratsa da, Batabatın bir dəfə mehmanı olanları yaylaq öz cazibəsi ilə növbəti illərdə də yenidən cəlb edirdi. Muxtar respublikamızda aparılan quruculuq işləri nəticəsində illərdir ki, Batabata gedən aşırımlı yollar da abadlaşıb. Əvvəllər rayon mərkəzindən buraya çala-çuxurlara düşərək 45 dəqiqəyə çatan avtomobillər indi hamar yollarla şütüyərək 15-20 dəqiqədə orada olurlar. Batabat səfərinə səhər tezdən nə qədər tez çıxsan belə, gələnlərin sayının çoxluğundan oraya çatanda avtomobili saxlamağa yer tapmırsan. Çünki bura muxtar respublikada yay turizmi üçün ən gözəl məkandır. Həm də naxçıvanlılar öz istirahətləri ilə yanaşı, əziz qonaqlarını da bu füsunkar təbiətin qoynunda ağırlayıb-əzizləyirlər. 

Bura tək istirahət məkanı deyil, həm də bu yerin insanlarının ruzi mənbəyidir. Yaz vaxtı yaylaqda göbə­lək, əvəlik, ələyəz, baldırğan, kəklik­otu, solmazçiçək, çobanyastığı, səhləb, böyrəkotu toplayan dəstə-dəstə insanlarla qarşılaşmaq olur. Batabata gələn buradan əliboş qayıtmaz: ya güllərdən hördüyü çələnglə, ya çəmənlərdən dərib dəstə bağladığı çiçəklə, ya da yuxarıda qeyd etdiyimiz dadına doymaq olmayan nemətlərlə geri dönər. İnsanlar bunları da bir istirahət, əyləncə hesab edirlər. Çünki buradakı təmiz hava adamı yormur.

Dillər əzbəri olan Şahbuz balının da keyfiyyətində Batabat yaylağının rolu əvəzsizdir. Şahbuzlu arıçılar mövsümdə arı qutularını yaylağın cənnət sinəsinə yerləşdirərək payızda əl-əl axtarılan balın istehsalını buradakı güllərdən, çiçəklərdən şirəçəkən arılara “tapşırırlar”. Bu bal isə, yeyənlər bilir, çiçək ətri, gül dadı verir. 

Batabatda istirahət o qədər mənalı keçir ki, Günəşin uca dağların arxasından qüruba enməsinin fərqində olmursan. Hava qaralanda, geri dönmək anı yaxınlaşanda: – kaş bir az da burada qalardım, – deyə düşünürsən. Belə olan halda narahat olmağa dəyməz. Çünki burada fəaliyyət göstərən “Batabat” otel-restoranı Batabata gələn turistləri hərtərəfli şəraiti ilə qarşılaya biləcək, onların rahatlığı üçün bütün imkanları olan məkandır. Burada gecələyib, səhərin sübh çağında Günəşin dan yerini yararaq meşəyə gecədən çökmüş şeh damlalarının üzərinə səpdiyi zərrin şəfəqlərinin insanı valeh edən mənzərəsini seyr etməyə dəyər.

“Üzən ada” həm də ruhları oxşayan adadır


Təbiət növbəti möcüzələrindən birini də göstərib, dünyada bənzəri olmayan “Üzən ada”nı yaradıb. Adanı seyr edənlər üçünsə bu sehrli aləm həm də insan ruhunu dinləndirən bir adadır. Göz işlədikcə uzanan yaşıl çəmənliklərlə əhatə olunmuş və bu yaşıllıqların rəngini sularına hopdurmuş gölün ortasındakı ada təbiətin bambaşqa bir təqdimatıdır: çağlayan bulaqlar həzin, şaqqıltı ilə axan çaylar şaqraq nəğmələri ilə ruhları oxşayırsa, “Üzən ada” sükut melodiyası ilə səs-küylü şəhərlərin ilboyu gərginliklə evdən işə, işdən evə tələsən insanlarına mənəvi rahatlıq bəxş edir.

Ötən il Batabata gəlib “Üzən ada”nın fonunda fotoşəkil çəkdirənlər bu il onu başqa bir səmtdə görəcəklər. Sanki təbiət də küləkləri ilə onu suyun üzərində gəzdirməklə insanları adanın dörd bir tərəfindəki gözəllikləri görməyə, fotoşəkillərə həkk etməyə çağırır.


Zorbulaq “səsləyir”: tamaşama gəl


Təbiətin heç özünə də agah olmayan möcüzəsi ilə yaranıb Zorbulaq. Görənlər, hüsnünə heyran olanlar, əlini buzlu suyunda saniyələrcə saxlaya bilməyənlər, büllurtək şəffaf suyunun həzin nəğməsini duyanlar bilir nədən danışıram mən. Zorbulaqdan... Gözəlliklər məkanı Batabatın uca zirvələrindən mənbə alıb dağların sinəsini yara-yara axıb gələrək bu bulaqda toxtayan təbiət ərməğanından söhbət açıram. Yəni Batabata gələsən, Zorbulağı görmədən qayıdasan, bu, mümkündürmü? Onda heç elə bil Batabata gəlməmisən, Ulu Yaradanın möcüzə “əsərini oxumamısan”. Elə buna görə deyilmi ki, Batabata gələnlərin hər biri gəzintinin sonunda Zorbulağa qalxır, onu bir seyrəngah kimi seyr edir, suyundan içir, bu bulağın axarının Batabat gölünə qovuşan anda dalğalanan ləpələrinin “pıçıltısını” dinləyirlər. Bulaq suyunun göldəki canlılara necə həyat verdiyinə saatlarla tamaşa etmək isə insanın ruhunu oxşayır.


Biçənək, Keçili, Kükü, Nursu, Ağbulaq


Şahbuzun hər qarışı turizm üçün əlverişlidir. Yazda-yayda buradakı evlərin həyətlərində Batabat havası hiss olunur. Elə bu səbəbdən də sakinlərin belə bir deyimi yaranıb: – Həyətim elə bil Batabatdır.

Bütün kəndləri abadlaşdırılan, yol infrastrukturu müasirləşdirilən rayonun Biçənək, Keçili, Kükü, Nursu, Ağbulaq kəndləri isə sözün həqiqi mənasında, cənnətdir desək, yanılmarıq. 

Biçənək Batabata çox yaxın ərazidədir. Zirvəsi buludlara söykənən dağların qoynuna sığınan bu kənd əsl turizm məkanıdır. Məşhur Biçənək meşəsindən əsən həzin küləklərin gətirdiyi sərinlik iyul-avqust aylarında cırhacır istidən “yaxa qurtarıb” buraya gələn qonaqlara heyrətamiz bir istirahət bəxş edir. Biçənəyin axşamçağıları adamı əməlli-başlı üşüdür. Kəndin saf və keyfiyyətli heyvandarlıq, tərəvəz məhsullarının dadı isə damaqlardan getməz.

Keçilidə Camal qalasının, Çınqıllı bulağın, Küküdə Qanlıgölün, Dərə­boğazının, Pirdərəsinin gözəlliyi yolçunu yoldan edir. Yaşıllıqlar içərisində olan bu kəndlər havası, suyu ilə istirahət üçün ideal ­məkanlardandır. 

Güneyli-quzeyli, axarlı-baxarlı Nursu kəndi də quruculuqla müasirləşən, qonaqlı-qaralı yurd yerlərindəndir. Həm də sevimli şairimiz Məmməd Arazın ata yurdudur. Burada yaradılan şairin ev-muzeyi turistlərin ilin bütün fəsillərində ən çox üz tutduqları ünvanlardan birinə çevrilib. Bir zamanlar “Bəlkə bu yerlərə bir də gəlmədim, duman salamat qal, çən salamat qal”, – deyərək kəndlə vidalaşan şairin ev-muzeyi indi yüzlərlə turisti dumanlı-çənli təbiət gözəli Nursuya gətirir. 

Dəniz səviyyəsindən 2 min metr yüksəklikdə yerləşən Ağbulaq isə gözəl təbiəti, heyrətamiz landşaftı ilə turizm üçün çox əlverişli kənddir. Burada 2013-cü ildən fəaliyyət göstərən istirahət mərkəzi kənddə turizmin inkişafına təkan verib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Pro­qramı”na uyğun olaraq muxtar respublikanın kənd turizminin tətbiq olunduğu ilk yaşayış məntəqəsi olan Ağbulaqda kənd və dağ-xizək turizminin inkişafı üçün kompleks işlər görülür. Bu yaxınlarda Ağbulaq kəndində Xizək Mərkəzinin yaradılması üçün təməlatma tədbirinin keçirilməsi burada yay turizmi ilə yanaşı, qış turizminin də əlverişli olduğunun göstəricisidir. 

Kənddə turizmin inkişafı sahəsində digər tədbirlər də həyata keçirilir. Belə ki, bu ildən etibarən kənddəki bütün evlərin dam örtüyü dəyişdirilir, fasadlar yenilənir, yararsız tikililər sökülür, həyətlərdə abadlıq işləri aparılır və çəpərlənir, lazımi kommunal məişət şəraiti yaradılır. Yaşayış məntəqəsindən kənarda isə yeni təsərrüfat binaları tikilir. Həyata keçirilən tədbirlər, zəngin təbii turizm ehtiyatları və müasir sosial infrastruktur Ağbulaqda kənd turizminə üstünlük verənlər üçün ideal şərait yaradır. 

Adıçəkilən bu kəndlərin hər birində sakinlər tərəfindən də turistlərə onların tələbatını ödəyəcək səviyyədə evlər təklif olunur.

Gəlin, görün…

Fəsillərinin hər biri bir başqa olan Şahbuzun təbii gözəllikləri haqqında saatlarla danışmaq olar. Gələnlər görüb, bəyənib, bunun üçün də hər mövsümdə yenidən gəlirlər. Gördüklərini isə ­yaxınları ilə paylaşırlar. Elə bu yazını da həmin gözəlliklər haqqında eşidən, lakin görməyənlər üçün yazdıq ki, qoy onlar da gəlsinlər, görsünlər. Buradakı bənzərsiz təbiəti və onun qoynundakı istirahəti canlı olaraq görmək, duymaq tam başqadır. Məhz bu anda anlamaq olur təbiətin insanlara lütfünü...

 Mətanət MƏMMƏDOVA

"Şərq qapısı" qəzeti

28.07.2018

01065442
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
128
271
1120
5645
1065442

Tarix: 15-11-2024
Biz, sosial şəbəkələrdə: