Sentyabrın 8-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Milli geyimlər” festivalı keçirilmişdir.
Tədbirin aparıcıları qeyd etmişlər ki, geyimlər hər bir xalqın maddi-mədəniyyətini və özünəməxsusluğunu əks etdirir. Dekorativ-tətbiqi sənətin mühüm bir qolunu təşkil edən milli geyimlərin tikilməsi, toxunması ənənəsi ilə əcdadlarımız hələ Tunc Dövründə məşğul olmağa başlamış, əyirmə, hörmə və arxaik şəkildə tikmə işləri, nadir sənət nümunələri yaratmışlar. Onuncu əsr ərəb müəlliflərinin məlumatlarına görə, Azərbaycan sənətkarları satış üçün yun, pambıq, ipək parça və paltarlar hazırlayırdılar. Bu parça və geyim növləri içərisində Naxçıvanda hazırlanmış çuxalar Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda şöhrət qazanmışdır. Məşhur türk səyyahı Övliya Çələbi Naxçıvanda yüksəkkeyfiyyətli basma parçaların istehsal olunduğunu, satış üçün uzaq və yaxın xarici ölkələrə göndərildiyini qeyd etmişdi.
Bildirilmişdir ki, Naxçıvanda çox istifadə edilən geyimlərdən arxalıq, çəpkən, ləbbadə, quşqar, çuxa, kürk, yapıncı, baş geyimlərindən papaq, kəlağayı, təskülah, börk və digərləri keyfiyyəti, üstünün naxışları, rənglərinin təbiiliyi ilə fərqlənmiş, insanların daimi tələbatına çevrilmişdir. Son illər muxtar respublikamızda milli geyimlərimizin qorunub yaşadılması və təbliği istiqamətində ardıcıl tədbirlər görülür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamı xalq yaradıcılığının tərkib hissəsi olan milli geyimlərimizin də araşdırılıb üzə çıxarılmasına və təbliğinə şərait yaratmışdır. Muxtar respublika rəhbərinin himayəsi ilə folklor ansambl və qrupları milli geyimlərlə təmin edilmiş, “Naxçıvan milli geyimləri” albom-kataloqu, “Naxçıvan tikmələri” kitabı nəşr olunmuşdur. Bu gün milli geyim nümunələri muxtar respublikanın ayrı-ayrı muzeylərində mühafizə olunur, teatr tamaşalarında, mədəni-kütləvi tədbirlərdə, teleradio, qəzet və jurnallarda, internet saytlarında təbliğ edilir və yaşadılır.
Festivalda xalqımızın müxtəlif dövrlərə aid milli geyimlərinin sərgisi təşkil edilmişdir. Buradakı sərgi-satışda yer alan, sənətkarlar tərəfindən hazırlanmış əl işləri böyük maraqla qarşılanmışdır. “Milli geyimlər Naxçıvan teatrının səhnəsində” adlı sərgidə müxtəlif teatr tamaşalarında istifadə edilmiş milli geyimlərimiz, “Milli geyimlər rəssamların gözü ilə” adlı sərgidə isə muzeylərdə olan milli geyimlərin təsvir olunduğu rəsm əsərləri, fotoşəkillər və müasir Naxçıvan rəssamlarının milli geyimlərlə bağlı rəsm əsərləri sərgilənmişdir. Həmçinin “Milli geyimlərimiz uşaqların gözü ilə” adlı sərgidə muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri şagirdləri milli geyimlərlə bağlı rəsm əsərləri və etüd çəkilişini nümayiş etdirməklə yanaşı, məktəbdənkənar müəssisələrin dərnək üzvlərinin rəsmləri və əl işləri sərgilənmişdir.
Naxçıvan Dövlət Film Fondunun “Milli geyimlər filmlərdə” adlı sərgisində “Arşın mal alan”, “Qəm pəncərəsi”, “Dərviş Məstəli şah”, “Səhər”, “Nizami”, “Babək”, “O dünyadan salam” və digər bədii filmlərin çəkilişlərində istifadə edilən 14 milli geyim yer almışdır. Bundan başqa, “Nəsimi”, “Babək”, “Qara gölün cəngavərləri” və digər filmlərdə istifadə olunan 9 dəbilqə, 25-ə yaxın məişət əşyası, “Arşın mal alan”, “Ögey ana”, “Əzablı yollarda” filmlərindən 5 papaq, 2 kəmər, “Görüş” filminə aid 1 araqçın, “Hökmdarın taleyi”, “Qərib cinlər diyarında”, “O olmasın, bu olsun” və digər filmlərdən xalqımıza məxsus geyim növlərinin əks olunduğu 26 fotoşəkil, 3 xalça, 2 xurcun festivalda nümayiş etdirilmişdir.
Festivalın ən maraqlı guşələrindən biri isə xalqımıza məxsus adət-ənənələri və geyimləri özündə əks etdirən kompozisiyaların nümayişi idi. Naxçıvan Dövlət Rəsm Qalereyası festivalda XII-XX əsrlərə aid milli geyimlərin əks olunduğu 40 eskiz, 14 rəsmlə çıxış etmişdir. Bunlar içərisində XIX əsrə aid “Naxçıvan qadın geyimi”, “Kişi papağı”, “Uşaq qış geyimi”, XVII əsrə aid “Kəndli qadın”, XVIII əsrə aid “Sara xatun”, XX əsrin əvvəllərinə aid “Naxçıvan toyu” adlı kağız üzərində sulu boya ilə çəkilmiş, milli geyimlərin əks olunduğu rəsmlər diqqəti daha çox cəlb etmişdir.
Naxçıvan Dövlət Tarix Muzeyi tərəfindən festivala 80-ə yaxın milli geyim çıxarılmışdır. Bunlar içərisində ayaqqabılar, araqçınlar, kəlağayılar, qızıl və gümüşdən hazırlanan zinət əşyaları, kəmərlər, görkəmli rəssam Şamil Qazıyevin çəkdiyi, müxtəlif dövrlərə aid milli geyimlərin əks olunduğu 15 rəsm əsəri, məfrəş, xurcun, yun darağı, sini, samovar, məcmeyi və digər məişət əşyaları sərgilənmişdir.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Texniki Yaradıcılıq, Uşaq-Gənclər Yaradıcılıq, Ekoloji Tərbiyə, Turizm-Diyarşünaslıq mərkəzləri festivalda əl işləri, 40 tikmə və 5 əllə çəkilmiş rəsm əsərləri, yağlı və sulu boya ilə çəkilmiş rəsmlər, XIX əsrə aid milli ornametlərlə bəzədilmiş qadın və kişi üst və baş geyimləri, uşaq geyimləri, bəzək, ev-məişət əşyaları olmaqla, ümumilikdə, 500-ə yaxın milli geyimlərin əks olunduğu əl işləri nümayiş etdirmişlər. Həmçinin burada iştirak edən 15 uşağın parça və kağız üzərində bədii tikmə və rəsmlərlə milli geyimlərimizi nümayiş etdirdiyi əl işləri maraqla qarşılanmışdır.
“Möminə xatın” milli moda evi isə festivalda 30-dan artıq milli geyimlə çıxış edirdi. Moda evi xanlıqlar dövrünün saray geyimləri, əl işi gəlinciklər, araqçınlarla yanaşı, Azərbaycan Respublikasının müstəqilliyini tanıyan, ölkəmizdə səfirlik və konsulluqları olan 66 dövlətin milli geyimlərini kuklalar üzərində nümayiş etdirirdi. Moda evinin rəhbəri Sevinc Abbasova bildirdi ki, Naxçıvanda tarixən istifadə olunan geyimlər arasında saray geyimləri öz fərqliliyi, özünə məxsusluğu, rəngarəngliyi ilə seçilib. Buna görə də festivalda bu geyimlərin nümayiş etdirilməsinə qərar verdik. Eyni zamanda “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan” mövzusunda işlənmiş şal da tamaşaçıların marağına səbəb olub. Tələbələrin bugünkü festivala marağı çox böyükdür. Burada müxtəlif əl işləri nümayiş etdirilir. Əl işlərini toxuyanların da hamısı Naxçıvan Dövlət Universitetinin tələbələridir.
“Dizayn” Məhdud Məsuliyyətli Cəmiyyəti 45 çeşiddə əl işi ilə çıxış edirdi. Ağac üzərində bədii oyma, daşduz və keramika üzərində oyma, dekorativ əl işləri, xalçaçılıq, bədii tikmə nümunələri festivalda maraqla qarşılandı. Dekorativ əl işlərinə aid 500-dən çox əl işi, corab, çarıq və digər əşyalar, bədii tikmə sənətinə aid 60-dan çox uşaq, qadın, kişi milli geyimləri festivalda diqqəti cəlb edirdi.
Naxçıvan şəhəri və Şərur rayonuna məxsus 15 çeşid və 170-dən çox baş geyimi, Culfa rayonundan gətirilmiş 30-dan artıq dekorativ-tətbiqi sənət, bədii tikmə, toxuma üzərində milli geyimlərin əks olunduğu nümunələr festivalda maraqla qarşılanmışdır.
Festivala gələn qonaqlar “Bazar” kompozisiyasında dəmirçi, baqqal, papaqçı, zərgər, pinəçi dükanları ilə tanış olmuşlar. “Adət-ənənələr və milli geyimlər” kompozisiyasına baxan iştirakçılar evdar qadınların tikdiyi geyimlərin, baş geyimləri və aksesuarların sərgi-satışı, milli geyimlərə dair çap məhsulları sərgisində isə bununla bağlı kitab və dövri mətbuat materialları ilə tanış olurdular. Milli ornamentlər təsvir olunmuş suvenir və əl işlərinin sərgi-satışı, eləcə də xanlıqlar dövrünün saray geyimlərindən ibarət dəfilə nümayişi də tamaşaçılarda maraq yaradırdı.
Festivalda iştirak edən papaqçı İsmail Babayev bizimlə söhbətində bildirdi ki, uzun illərdir, papaqçılıqla məşğuldur və bu işə marağı böyükdür. Xalqımızın ta qədimdən kişilik rəmzi saydığı baş geyimi olan papaqlar bu gün də gənc nəsil tərəfindən maraqla qarşılanır. Sərgidə nümayiş olunan sultanlıq, xanlıq dövrlərinə aid baş geyimləri ilə yanaşı, sadə, gündəlik, çoban papaqları və araqçınlar da qonaqların marağına səbəb olur. Bura gələn hər kəs onları yaxından görmək istəyir. Hətta, demək olar ki, hər kəs – gənc də, yaşlı da bu papaqlardan birini geyib fotoşəkil çəkdirir.
Festivala gələnlər içərisində əcnəbilər də üstünlük təşkil edirdi. İştirakçılar arasında “Naxçıvan: İslam Mədəniyyətinin Paytaxtı” beynəlxalq konfransında iştirak etmək üçün şəhərimizə gələn qardaş Türkiyə Respublikasının Ərzurum Atatürk Universitetinin müəllimi Hüseyn Yurttaş öz təəssüratlarını bizimlə belə bölüşdü: “Bu qədim türk elinə budəfəki gəlişim xüsusilə yaddaqalan oldu. Bu festivalın keçirilməsi milli mədəniyyətə hörmətin ən bariz nümunəsidir. “Milli geyimlər” festivalında iştirak etməyim məni çox sevindirdi. Burada çoxçeşidli milli geyimlərin nümayiş olunması diqqətimi çəkdi. Ən xoşuma gələn məqam isə Türk dünyasında önəmli baş geyimi olan papaqlar idi”.
Digər Türkiyə vətəndaşı Seray Kaya festivala olan marağını belə ifadə etdi: “Bu gün təşkil olunan tədbir göstərdi ki, Naxçıvanın qədim mədəniyyət tarixi var. Burada sərgilənən milli geyimlər, əl işləri, rəsmlər mənim diqqətimi çəkdi. Milli geyimlərlə edilən rəqslərə isə heyran qaldım. Türk insanını belə həmrəy, birgə görmək məni çox sevindirdi, bir daha anladım ki, bu diyar vahid mədəniyyətin birləşdiyi, öz tarixini, adət-ənənələrini, milli dəyərlərini qoruyan, yaşadan insanlar məskənidir”.
Koreya vətəndaşı Seo Jong isə qədim Azərbaycan filmlərində istifadə edilən milli geyimlərin diqqətini cəlb etdiyini söylədi. Bu festival göstərir ki, Naxçıvan mədəniyyəti çox qədimdən formalaşıb. İnsanların istifadə etdiyi əşyalar, xüsusilə də papaq, kəmər, ev-məişət əşyaları çox qədim və heyrətamizdir. Mən sevincliyəm ki, bu festivalda iştirak etdim, tarix və mədəniyyətinizlə daha yaxından tanış oldum.
Burada həmsöhbət olduğumuz İran İslam Respublikasından qonaq gələn Samaya İrani Naxçıvanın gözəlliklərinin onu heyran etdiyini dedi. Ailəsi ilə birlikdə festivala gələn həmsöhbətim tədbirin keçiriləcəyini internet vasitəsilə öyrəndiyini vurğuladı. İranlı turistlərin Naxçıvanda çoxluq təşkil etdiyini deyən müsahibim belə festivalların keçirilməsinin nəinki İranda, ondan kənarda da maraqla qarşılandığını, muxtar respublikaya marağın artmasında çox böyük rol oynadığını vurğuladı.
Milli geyimlərimizi tərənnüm edən festival yüksək bayram əhval-ruhiyyəsi ilə keçdi. Naxçıvan Dövlət Filarmoniyasının, Qədim Musiqi Alətləri Ansamblının ifasında xalq mahnıları, Naxçıvan Dövlət və Uşaq filarmoniyalarının rəqs qruplarının, Şərur Xalq Yallı Ansamblının və “Şərur qönçələri” ansambllarının ifasında milli rəqslər və yallılarımız təqdim olundu.
“Şərq qapısı”
11.09.2018