"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Təbii şəfa mənbələri muxtar respublikanın müalicəvi turizm bölgəsi kimi tanıdılmasında mühüm rol oynayır

Müasir dünyada turizm inkişaf istiqamətlərinə və gəlirliyinə görə ən çox diqqəti cəlb edən sahələrdəndir. Mövcud potensialın qiymətləndirilməsi və istifadəsi əsasında daha çox turistin cəlb edilməsi turizmin əsas məqsədlərindəndir. Buna görə də müxtəlif turizm resurslarından istifadə hazırda bütün ölkələr üçün mühüm əhəmiyyət kəsb edir. Son illərdə dünyada müalicə məqsədli turizm səyahətlərinin artması bu sahənin inkişafına da yeni imkanlar açıb. Çünki insanlar üçün ən böyük nemət olan sağlamlığın qorunması gündən-günə daha da aktuallaşır. Ümumdünya Turizm Təşkilatının analoji olaraq hər il yayımladığı məlumatlarda da bu turizm növünün xidmətlərindən yararlananların sayının artdığı bildirilir. Hazırda bütün dünyada müalicə-sağlamlıq turizminin payı ümumi turizm dövriyyəsinin 14 faizinə çatıb. 

Qeyd etmək lazımdır ki, müalicə turizmi resursları hər turizm bölgəsi üçün xas deyil. Burada təbii amillər böyük rol oynadığından bu turizm növünü hər yerdə inkişaf etdirmək də mümkün deyil. Lakin lazımi potensiala malik, eyni zamanda bu potensialdan səmərəli istifadə etməyi bacaran ölkələr və yaxud bölgələr üçün müalicə turizmi bu gün ən çox diqqət mərkəzində olan turizm növüdür. Bu baxımdan Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası zəngin müalicə turizmi imkanları ilə seçilir.

Müalicə turizmində əsas obyekt müxtəlif şəfa mənbələri hesab olunur. Hazırda muxtar respublikamızın ərazisində müxtəlif kimyəvi tərkibə və temperatura malik 200-dən çox mineral su bulağı var. Bu mineral bulaqlardan təbii şəfa mənbəyi kimi istifadə olunması hələ qədim zamanlardan insanlara məlumdur. Əhali müalicə məqsədilə hər zaman bu mənbələrdən istifadə edib. Məsələn, Culfa rayonu ərazisində yerləşən Darıdağ suyu dəri, sümük-oynaq, əzələ sistemi xəstəliklərinin müalicəsində geniş istifadə olunur. 1978-ci ildən fəaliyyətə başlayan Darıdağ Arsenli Su Müalicəxanası 2005-ci ildə müasir tələblərə uyğun yenidən qurularaq istifadəyə verilib. Burada xəstələrin müayinəsi, müalicəsi və istirahəti üçün hərtərəfli şərait yaradılıb. 2017-ci ilin ok­tyabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Darı­dağ Arsenli Su Müalicəxanasının yenidən təşkil edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən həmin müalicəxanaya publik hüquqi şəxs statusu verilib. Bu da, şübhəsiz, əhalinin belə bir vacib kurort-sağlamlıq müəssisəsinin xidmətlərindən daha yaxşı istifadə etməsi üçün geniş imkanlar açır. 

Və yaxud götürək muxtar respublikamızın ən böyük müalicəvi turizm obyektlərindən olan Duzdağ Fizioterapiya Mərkəzini. 1979-cu ildən fəaliyyət göstərən bu müalicə mərkəzi 2008-ci ildə yenidən qurulub, tibbi personal üçün lazımi iş şəraiti yaradılıb, pasiyent­lərin qəbulu və müalicəsi üçün yeni imkanlar açılıb. Mərkəzdə bronxial­-astma və ağciyər-bronx sisteminin digər qeyri-spesifik xəstəliklərindən əziyyət çəkən insanlar müalicə olunurlar. Yaradılmış şəraitin nəticəsidir ki, hər il burada ölkəmizin digər bölgələri ilə yanaşı, xarici ölkələrdən də olmaqla, ümumilikdə, 3500-4000 arası pasiyent müalicə alır. Duzdağda müalicə olunmaq istəyən insanların artan tələbatının ödənilməsi üçün 2017-ci ilin dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı Sərəncamla Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Duzdağ Fizioterapiya Mərkəzinə də publik hüquqi şəxs statusu verilib. Bu statusla mərkəz daha səmərəli fəaliyyət göstərir. 

Onu da deyək ki, bu gün muxtar respublikamızda Nəhəcir, Badamlı, Sirab, Əshabi-Kəhf, Cəhri, Qahab, Dəstə və digər yataqlar müalicəvi xüsusiyyətləri ilə fərqlənir. Belə müalicə qaynaqlarından biri də Naxçıvan-Sədərək magistralının birinci kilometrində yerləşən Şorsudur. Şorsu palçığı son dərəcə balneoloji hidro­mineral ehtiyatdır. Tərkibi maqnezium, natrium, kalsium, dəmir oksidlidir. Bu palçığın müalicə məqsədilə istifadə olunması çoxdan məlumdur. Ancaq əvvəllər Şorsu palçığından istifadə kortəbii xarakter daşıyıb. İnsan orqanizminə müalicəvi təsir edən bu palçıq növü fizioterapiyanın bir metodu kimi periferik sinir sisteminin, dayaq-hərəkət sisteminin, damar, ginekoloji, bir sıra dəri xəstəliklərinin və yanıqlardan sonrakı fəsadların müalicəsində istifadə olunur. Əsasən, oynaq nahiyələrinə sürtülərək müalicə aparılır. 

Bu yaxınlarda AMEA Naxçıvan Bölməsinin əməkdaşları tərəfindən müalicəvi əhəmiyyətli Şorsu palçığı laboratoriya şəraitində işlənildikdən sonra həm palçıq, həm də quru toz formasında qablaşdırılıb. Məqsəd əczaxanalarda satışını təşkil edərək bu təbii müalicə vasitəsinin hər kəs üçün əlçatan olmasını təmin etməkdir. Şorsu palçığı bölmənin müvafiq laboratoriyasında gigiyenik qaydada, müxtəlif xəstəliklərin müalicəsində istifadə edilməsi üçün xüsusi təcrübələrlə yoxlanıldıqdan sonra qablaşdırılır. ­ O, 17 adda – revmatizm, revmatoid artrit, fəqərə osteoxondrozu, deformasiyaedici, miozit, bursit, insult qalığı, radikulit, nefrit, nevralgiya, prostatit və digər xəstəliklərin müalicəsində effektli təsirə malikdir. 

Göründüyü kimi, muxtar respublikamızın təbii şəfa mənbələri bir çox xəstəliklərin müalicəsində əvəzsiz rol oynayır. Bu isə öz növbəsində, muxtar respublikanın müalicəvi turizm bölgəsi kimi ­tanıdılmasında mühüm əhəmiyyət kəsb edir.

 Səbuhi HƏSƏNOV

"Şərq qapısı" qəzeti

12.09.2018

01070385
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
29
113
4468
10588
1070385

Tarix: 24-11-2024
Biz, sosial şəbəkələrdə: