"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvanda “Avropa şəhərciyi”nin açılışı olmuşdur

Sentyabrın 23-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Avropa şəhərciyi”nin açılış tədbiri keçirilmişdir. 

Əvvəlcə Azərbaycan Respublikasının və Avropa İttifaqının himnləri səsləndirilmişdir.

Avropa ölkələrinin Azərbaycandakı səfirləri festival iştirakçılarını salamlamışlar. 

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov və Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas çıxış edərək tədbiri açıq elan etmişlər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak etmiş, nümayiş olunan sərgilərə baxmışdır. 

Məlumat verilmişdir ki, burada Naxçıvan Muxtar Respublikasının, Avropa İttifaqının, o cümlədən Almaniyanın, Macarıstanın, Fransanın, İsveçin, Bolqarıstanın və Böyük Britaniyanın ölkəmizdəki səfirliklərinin stendləri qurulmuşdur. Həmin stendlərdə ölkələrin mədəniyyətini, adət-ənənələrini və turizm potensialını əks etdirən sərgilər nümayiş olunurdu.

Avropa İttifaqı tərəfindən ölkəmizdə kənd təsərrüfatının inkişafı, yerli və regional idarəetmənin təşkili, ailələrdə və kiçik sahibkarlıq subyektlərində maliyyə savadlılığının artırılması sahəsində həyata keçirilən layihələr, eləcə də Avropa İttifaqı ilə Azərbaycan arasındakı mövcud əməkdaşlıq və tərəfdaşlıq əlaqələri haqqında tədbir iştirakçılarına məlumat verilmişdir. Naxçıvan stendində milli geyimlərimiz və mətbəx nümunələrimiz, şirniyyatlar, içkilər nümayiş olunmuş, xalça toxunuşu təqdim edilmişdir. Naxçıvan Dövlət Filarmoniyasının və Naxçıvan Uşaq Filarmoniyasının solistlərinin ifasında xalq mahnıları və muğamlar səslənmişdir. 

Naxçıvan Muxtar Respublikası Ali ­Məclisinin Sədri Vasif Talıbov Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskasa Naxçıvan xalçası hədiyyə etmişdir. 

Naxçıvan şəhər sakinləri Qönçə Yusifova, Süsənbər Ağamalıyeva, Rəna Hüseynova və Samirə Abdullayeva “Avropa şəhərciyi”nin açılışını inkişafın, sabitliyin, milli dəyərlərimizə, adət-ənənələrimizə və mədəniyyətimizə göstərilən qayğının nəticəsi kimi dəyərləndirmiş, bütün bunlara görə Ali Məclisin Sədrinə minnətdarlıq etmişlər. 

Tədbirin gedişində hər bir ölkə haqqında viktorinalar təşkil edilmiş, bilik səhnələri və bir sıra digər tədbirlər nümayiş olunmuşdur. 

Axşam saatlarına qədər davam edən tədbir konsert proqramı ilə başa çatmışdır.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti

"Şərq qapısı" qəzeti

25.09.2018

01070385
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
29
113
4468
10588
1070385

Tarix: 24-11-2024
Biz, sosial şəbəkələrdə: