Qazaxıstanın Astana şəhərində “Duzdağ günləri” adlı beynəlxalq konfrans keçirilib. Əvvəlcə Naxçıvanın qədim tarixi və bugünkü inkişafı, eləcə də Naxçıvan Duz dağı ilə bağlı film nümayiş olunub, duz kristalları, Duzdağ Fizioterapiya Mərkəzinin və Duzdağ Hotelinin fəaliyyətindən bəhs edən kataloq, broşür və digər əyani vəsaitlər sərgilənib.
Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Turizmin inkişafı və təbliği sektorunun baş məsləhətçisi Piri Nağıyev konfransda çıxış edərək Naxçıvanın qədim tarixindən və bugünkü inkişafından danışıb, muxtar respublikada turizm sahəsində həyata keçirilən tədbirlərdən bəhs edib. “Duzdağ” Hoteli və Fizioterapiya Mərkəzinin həkimi Nazim İbrahimli isə Duzdağ Fizioterapiya Mərkəzinin fəaliyyəti barədə konfrans iştirakçılarına məlumat verib, ilin bütün fəsillərində mərkəzə müraciət edən xəstələrin qəbulu və müalicəsi üçün hər cür şəraitin yaradıldığını bildirib.
Konfransda Duzdağ Fizioterapiya Mərkəzində müalicə olunan Qazaxıstan vətəndaşları çıxış edərək Naxçıvanda onlara göstərilən qayğıdan danışıb, müalicələrinin uğurla aparıldığını qeyd edib, bütün bunlara görə minnətdarlıqlarını bildiriblər. Həmçinin konfransda Duzdağ Fizioterapiya Mərkəzində müalicə kursu keçmək istəyən Qazaxıstan vətəndaşlarının sualları ətraflı cavablandırılıb.
Qazaxıstanın “Sultan TRAVEL” turizm şirkətinin direktoru Sımbat Kuyşenova çıxış edərək Qazaxıstan Respublikası ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında turizmin inkişafı sahəsində görüləcək işlərdən bəhs edib. Qazaxıstanda bronxial astma və ağciyər bronx sisteminin digər qeyri – spesifik xəstəliklərindən əziyyət çəkən insanların Naxçıvan Duzdağ Fizioterapiya Mərkəzində müalicə olunacaqlarına görə məmnun olduqlarını qeyd edən Sımbat Kuyşenova konfransın keçirilməsinə göstərilən dəstəyə görə minnətdarlıq edib.
Hazırlanmış reklam-informasiya materialları konfrans iştirakçılarına təqdim olunub.