"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

“2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı işlər davam etdirilir

Zəngin tarixi-mədəni irsi, mineral bulaqları, nadir təbiət və qədim memarlıq abidələri, özünəməxsus mətbəxi, sabitlik və müasir infrastruktura malik olan yaşayış məntəqələri Naxçıvanda turizmin inkişafını şərtləndirən əsas amillərdir. Yüksək turizm potensialına malik olan muxtar respublikada dövlət proqramlarının, infrastruktur layihələrinin uğurlu tətbiqi nəticəsində bu sahədə davamlı inkişafa nail olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə qəbul olunmuş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın icrası da bu sahədə fəaliyyətin güclənməsinə əlverişli şərait yaratmışdır.  

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Dünyanın bir çox ölkələrində turizmin inkişafına xüsusi diqqət və qayğı göstərilir. Azərbaycanda da turizmin inkişafı sahəsində tədbirlər görülür. Bu sahə ilə bağlı dövlət proqramı qəbul olunub və müvafiq qurum yaradılıb. Bu gün Azərbaycan dünyada həm də turizm ölkəsi kimi tanınır. Azərbaycanın Naxçıvan Muxtar Respublikası da turizm üçün çox əlverişlidir. Ona görə də muxtar respublikada mövcud imkanlardan səmərəli istifadə olunur, turizm bölgələri yaradılır və kəndlər abadlaşdırılır”.

Müasir dövrdə turizm sahəsində təbliğatın aparılmasında internetin imkanlarından geniş istifadə olunur. Muxtar respublikada bütün yaşayış məntəqələrinin sürətli internetlə təmin olunması mövcud turizm potensialının təbliği və tanıdılması sahəsində geniş imkanlar açır. Qarşıda duran əsas vəzifələrdən biri də turizm təyinatlı internet saytlarının yaradılması və fəal təbliğat işinin görülməsidir. Ötən dövrdə Naxçıvan Muxtar Respublikasının turizm potensialı ilə bağlı məlumatların hazır­lanması, internetdə yerləşdirilməsi və onların daim yenilənməsi diqqətdə saxlanılmışdır. Belə ki, “www.virtual­nakhchivan.az” internet portalının təqdimatı keçirilmiş, Qarabağlar Türbə Kompleksinin (www.garabaglartk.nakhchivan.az), Duz Muzeyinin (www.duzmuzeyi.nakhchivan.az) və Bəhruz Kəngərli Muzeyinin (www.behruzkengerli.nakhchivan.az) internet saytları hazırlanmış, domen adları verilərək qlobal şəbəkədə yerləşdirilmişdir. 

Milli dəyərlərimizin qorunub yaşadılması, xüsusilə xalq sənətkarlığının inkişafı turizmin əsasını təşkil edir. Ötən dövrdə bu istiqamətdə də işlər görülmüş, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən muxtar respublikada fəaliyyət göstərən 50 sənətkarla maarifləndirici iş aparılmış, muxtar respublikanın tarixi memarlıq abidələrini və milli ornamentləri özündə əks etdirən 12 min 905 manat dəyərində 722 əl işi hazır­lanaraq Naxçıvan Biznes Mərkəzinin satış obyektlərinə göndərilmiş və 316-nın satışı həyata keçirilmişdir. “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” tədbirləri ilə əlaqədar 748 suvenir hazırlanmış, 35 xalça toxunmuşdur. İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayətinin Urmiya şəhərində Naxçıvan Muxtar Respublikasında istehsal olunan ərzaq məhsulları və əl işlərinin sərgi-satışı təşkil olunmuş, 62 əl işi satılmış, İran İslam Respublikasının Culfa Azad Ticarət və Sənaye Zonasında “Novruz yumurtaları üzərində nəqqaşlıq” adlı beynəlxalq sərgidə muxtar respublikanın 2 sənətkarının iştirakı təmin edilmiş, 56 əl işinin sərgi-satışı həyata keçirilmişdir.
Muxtar respublika kəndlərinin geniş turizm potensialı vardır. Bu potensialdan səmərəli istifadə olunması, kənd turizminin inkişafı istiqamətində də ardıcıl tədbirlər görülmüşdür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması haqqında 2018-ci il 29 noyabr tarixli Sərəncamına əsasən Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi yaradılmış, kənd abadlaşdırılmış, 65 ev yenidən qurularaq müasir şəraitlə təmin edilmişdir. Həmçinin Ağbulaq Xizək Mərkəzinin yaradılmasına başlanılmışdır. Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin turist marşrutu xəritəsi hazırlanmış, kənddə yaradılmış müasir infrastruktur və geniş turizm potensialı barədə məlumatlar Azərbaycanda və 20-dən çox xarici ölkədə fəaliyyət göstərən 163 mehmanxana və turoperatorun elektron poçt ünvanlarına göndərilmişdir. Naxçıvan Turizm İnformasiya Mərkəzinin rəsmi internet səhifəsində, sosial şəbəkələrdəki qrup və səhifələrində Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin təbliği istiqamətində ardıcıl işlər görülmüşdür. 
Muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektləri tərəfindən 10 restoran və iaşə obyektində fərdi sənət ustalarının və musiqi kollektivlərinin çıxışları təşkil edilmiş, turistlərə xidmət edən nəqliyyat vasitələrində xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti tərəfindən muxtar respublikada taksi fəaliyyəti göstərən sürücülərin muzeylərdə olması və maarifləndirilməsi işi təşkil edilmişdir. Həmçinin sərhəd-keçid məntəqələrində, eləcə də Naxçıvan Beynəlxalq Hava Limanında quraşdırılan elektron məlumat lövhələrində turistləri maraqlandıran məlumatlar, Naxçıvan Muxtar Respublikasının görməli yerlərinin fotoslaydları yerləşdirilmiş, gömrük orqanlarındakı infoköşklərdə muxtar respublikanın muzeyləri, tarixi abidələri və turizm obyektləri ilə bağlı videoçarxların nümayişi təmin edilmişdir. Naxçıvan Beynəlxalq Hava Limanında turistlərin gömrük sərhədindən keçməsini asanlaşdırmaq məqsədilə gömrük qanunvericiliyinə uyğun olaraq bəyanetmənin yaşıl və qırmızı kanallar vasitəsilə həyata keçirilməsi üçün müvafiq şərait yaradılmışdır. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin əməkdaşları tərəfindən Culfa va Sədərək gömrük-keçid məntəqələrində 24 saat, Şahtaxtı gömrük-keçid məntəqəsində 12 saatlıq iş rejiminə, Naxçıvan Beynəlxalq Hava Limanı və Naxçıvan Şəhər Dəmir yolu Stansiyasında isə muvafiq nəqliyyatın hərəkət qrafikinə uyğun olaraq xidmət aparılmış, müxtəlif viza və birdəfəlik giriş icazələri rəsmiləşdirilmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbilərin olduğu yer üzrə qeydiyyatı sadələşdirilmiş, onlar üçün sərhəd-buraxılış məntəqələrində qeydiyyatın aparılmasına əlverişli şərait yaradılmış, xidmətə elektron qaydada və ya şəxsən müraciət etmələri təmin edilmişdir. 
Muxtar respublikanın turizm potensialının təbliği məqsədilə təbiət və tarixi abidələrə ekskursiyaların təşkili də diqqətdə saxlanılmış, gənc­lərin Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı ərazisində mövcud olan Milli Parka ekskursiyaları təşkil edilmişdir. 
Naxçıvanın zəngin tarixi-mədəni irsi turistlərin diqqətini daha çox cəlb edir. Xüsusilə də tarixi abidələrin bərpa və tədqiq olunması, onlar haqqında kitabların yazılması imkan verir ki, turistlər xalqımızın qədim tarixi, həyat tərzi və mədəniyyəti barədə ətraflı məlumat əldə etsinlər. 2018-ci ildə də bu iş davam etdirilmiş, Qarabağlar Türbə Kompleksinin, Naxçıvan şəhərində İmamzadə Kompleksinin, Babək rayonunun Nehrəm kəndindəki İmamzadənin, Şərur rayonunun Yengicə kəndində Şərq hamamının və Culfa rayonunda Qazançı körpüsünün bərpası başa çatdırılaraq ziyarətçilərin istifadəsinə verilmişdir. Həmçinin “Naxçıvan türbələri”, “Naxçıvan imamzadələri”, “Naxçıvan hamamları”, “Naxçıvan buzxanaları” və “Qarabağlar Türbə Kompleksi” kitabları nəşr edilmişdir.
Turizmin inkişafı sahəsində kadr hazırlığı əsas amillərdəndir. Ötən dövrdə kadr hazırlığı da diqqətdə saxlanılmış, Ordubad Texniki Peşə və Sürücülük Məktəbində və Naxçıvan Şəhər Peşə Liseyində Turizm agenti ixtisası üzrə peşə kursu fəaliyyətə başlamışdır. Naxçıvan Şəhər Peşə Liseyində Turizm agenti ixtisası üzrə təhsil alan müdavimlərə Naxçıvan Turizm İnformasiya Mərkəzinin əməkdaşları tərəfindən ixtisas dərsləri keçilmişdir. 
Turizm sahəsində reklam çarxlarının xüsusi rolu nəzərə alınaraq reklam­­-informasiya materiallarının hazırlanması işləri davam etdirilmiş, “Naxçıvan-Qarabağlar” turist mar­şrutu bukleti hazırlanmışdır. Naxçıvan və Ordubad şəhərləri üzrə piyada marşrutları hazırlanmış və Naxçıvan Turizm İnformasiya Mərkəzinə gələn turistlərə təqdim edilmişdir. Ötən ilin dekabr ayında Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin və “Duzdağ” Hotelin nümayəndələrinin iştirakı ilə Qazaxıstanın Astana şəhərində “Duzdağ günləri” adlı beynəlxalq konfrans keçirilmiş, Duzdağ Fizioterapiya Mərkəzi və “Duzdağ” Hoteli haqqında bukletlər və kataloqlar konfrans iştirakçılarına təqdim edilmişdir. 
Muxtar respublikada gənclərə göstərilən dövlət qayğısı bütün sahələrdə olduğu kimi, asudə vaxtın səmərəli təşkilində də öz əksini tapır. Gənclərin asudə vaxtının səmərəli təşkili istiqamətində ötən il mühüm layihələr reallaşdırılmış, tədbirlər keçirilmişdir. Muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin, idmançıların Ağbulaq İstirahət Mərkəzində qış və yay məktəbi təşkil edilmiş, “Naxçıvan Muxtar Respublikasının turizm potensialının tanıdılmasında gənclərin rolu” mövzusunda tədbir, “Muxtar respublikanı necə tanıdırıq?” mövzusunda dəyirmi masa keçirilmiş, Naxçıvan Muxtar Respublikasında yerləşən muzeylərə və tarixi abidələrə ekskursiyalar təşkil edilmişdir. 
Turist səfər etdiyi ölkənin coğrafiyası, tarixi, mədəniyyəti, mətbəxi, qonaqpərvərliyi ilə bağlı məlumatları öz ölkəsinə aparmaqla, bir növ təbliğatçıya çevrilir. Ona görə də ötən dövrdə internet resurslarından səmərəli istifadə edilməklə muxtar respublikanın turizm potensialının tanıdılması istiqamətində işlər davam etdirilmiş, mərkəzin internet səhifəsi muxtar respublikanın turizm imkanlarını əks etdirən materiallarla zənginləşdirilmiş, hazırlanmış videoçarxlar mərkəzin “Youtube” kanalına daxil edilmiş, “facebook” və “google+” səhifələrində yayımlanmışdır. Mərkəzin “Facebook” sosial şəbəkəsindəki səhifəsində 1000-dən çox paylaşım edilmiş, 350 min 146 baxış sayı qeydə alınmış, “Facebook” sosial şəbəkəsinə 48, elektron poçt ünvanına 13, telefon vasitəsi ilə 161 müraciət daxil olmuşdur. Mərkəzə gəlmiş 557 turistin (4 Almaniya, 1 İspaniya, 15 İtaliya, 4 Çin, 188 İran İslam Respublikası, 29 Türkiyə, 4 Avstriya, 2 Rusiya, 3 Fransa, 2 Banqladeş, 3 Nigeriya, 4 ABŞ, 11 Qazaxıstan, 3 Polşa, 4 Belçika, 1 Kanada, 5 Yaponiya, 1 Çexiya vətəndaşı və Azərbaycanın digər bölgələrindən gələn 273 turist) müraciəti cavablandırılmış, qonaqların mərkəzdə olan çap materialları ilə tanışlığı təmin edilmişdir. Azərbaycanın digər bölgələrində yerləşən turizm informasiya mərkəzlərinə və turizm şirkətlərinə, eləcə də xarici ölkələrə muxtar respublikanın turizm imkanları ilə bağlı materialların göndərilməsi də diqqətdə saxlanılmış, 20-dən çox xarici ölkədə və Azərbaycanda fəaliyyət göstərən 200-dən çox turoperatora, eləcə də mehmanxanaların elektron poçt ünvanlarına və bölgələrdə yerləşən 12 turizm informasiya mərkəzinə məlumatlar göndərilmiş, muxtar respublikanın kütləvi informasiya vasitələrində məlumatlar verilmişdir. 
Naxçıvan ötən il beynəlxalq tədbirlərə, idman yarışlarına da uğurlu ev sahibliyi etmişdir. Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunması da turizm imkanlarımızı nümayiş etdirmək baxımından əhəmiyyətli rol oynamışdır. Görülmüş işlərin və yaradılmış müasir infrastrukturun nəticəsi olaraq 2018-ci ildə Naxçıvan Muxtar Respublikasına ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən, ümumilikdə, 414 min 688 turist gəlmişdir. 
Dövlət Proqramında qarşıya qoyulan vəzifələrin icrası bundan sonra da diqqətdə saxlanılacaqdır.

Naxçıvan Muxtar Respublikasının 
Turizm Departamenti

01070392
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
36
113
4475
10595
1070392

Tarix: 24-11-2024
Biz, sosial şəbəkələrdə: