"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi üzrə rekreasiya qiymətləndirməsi

Ölkəmizdə qeyri-neft sektorunun inkişafına verilən diqqət və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan konkret addımlar bu sahədə mühüm əhəmiyyətə malik olan turizmin də müxtəlif növ və formalarının inkişaf etdirilməsini ön plana çəkir. Bu məqsədlə bütün dünyada olduğu kimi, ölkəmizdə və onun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında turizm-rekreasiya sənayesinin sürətli inkişafı üçün əlverişli və komfort şəraitə malik olan yeni ərazilərin tədqiqi və buradakı mövcud şərtlərin rekreasiya qiymətləndirilməsi əhəmiyyət kəsb edir. Bu baxımdan Şahbuz rayonunun Ağbulaq Kənd Turizmİstirahət Bölgəsi üzrə aparılan təhlil də burada həyata keçirilən turizm fəaliyyəti üçün kompleks elmi nəticə əldə edilməsi məqsədi daşıyır.

Təbii ehtiyatlardan, xüsusən onların turizm məqsədilə istifadə olunmasında mövcud potensialın qiymətləndirilməsi həyata keçirilən tədbirlərin ilk mərhələsidir. Bu məsələdə ilk olaraq coğrafi əlamətlərə görə aparılan qiymətləndirmə nəzərdə tutulsa da, daha sonra iqtisadi, ekoloji və demoqrafik-sosioloji faktorların da nəzərə alınması ilə aparılan təhlil ərazinin rekreasiya spesifikasının açılması və onun turizm-ekskursiya fəaliyyətinə yararlığının öyrənilməsi baxımından əhəmiyyətlidir. Burada əldə olunacaq nəticə istənilən ərazidə, xüsusən təbii ekosistemi daha həssas olan bölgələrdə dayanıqlı turizm fəaliyyətinin təşkili üçün çıxış nöqtəsi ola bilər.

Elmi ədəbiyyatlarda ilk olaraq ərazinin rekreasiya ehtiyatlarının qiymətləndirilməsi zamanı aparıcı rol oynayan landşaft amilinə üstünlük verilir. Bu məqsədlə qiymətləndirilmə zamanı relyef, bitki, su mənbələri, iqlim, estetik zənginlik, nəqliyyat imkanları, təbii ərazi komplekslərinin antropogen yüklənməsi və sair kimi faktorlar öyrənilir. Buna paralel olaraq ərazidən istifadəni çətinləşdirən, onun rekreasiya mənimsənilməsini məhdudlaşdıran bəzi amillər də vardır ki, bunlar torpaq və qar sürüşmələri, torpağın sıx yarğan şəbəkəsi, intensiv parçalanmış dayanıqsız dik dağ yamacları, sərt iqlim amplitudası, eyni zamanda təsərrüfat əhəmiyyətli obyektlərin və məskunlaşma məntəqələrinin sıx yerləşməsi hesab olunur.

Rekreasiya qiymətləndirilməsi, konkret olaraq, tibbi-bioloji, psixo­estetik və texnoloji olaraq üç tipdə həyata keçirilir. Rekreasiya fəaliyyətində tibbi-bioloji təsirlərin, başqa sözlə, insanın sağlamlığının qorunması üçün təbii ehtiyatların gücündən istifadənin əhəmiyyəti böyükdür. Bu mənada, ərazidə mövcud olan iqlim komfortluğu, onun insan orqanizminə təsiri burada əsas qiymətləndirmə obyektidir. Belə ki, əgər insan orqanizmi əraziyə xas olan konkret hava şəraitinə bir reaksiya verirsə, o zaman belə iqlim şəraitinin rekreasiya baxımından qiymətləndirilməsindən danışmaq mümkündür. Bu zaman havanın təkcə fiziki deyil, həm də emosional təsir gücü nəzərdə tutulur. 

Psixoloji-estetik tipdə qiymətləndirmə landşaftın və ya onun hər hansı bir komponentinin fərqli xüsusiyyətinin insana göstərdiyi təsirlə ölçülür. Bu mənada, ərazinin estetik dəyəri həmişə yüksək tələbatla qiymətləndirilir. Estetik dəyər kimi burada mövcud olan peyzaj müxtəlifliyini, ərazinin yaşıllığı, ağac və kolların sıxlığı, habelə onunla qonşu olan təbii komplekslərlə qarşılıqlı əlaqəsi nəzərdə tutulur. Qeyd etmək lazımdır ki, son illərdə dünyada psixoloji-estetik cəhətdən rekreasiya qiymətləndirməsi metodları kimi ekzotik və unikal xüsusiyyətlərin də öyrənilməsi tətbiq olunur.

Texnoloji qiymətləndirmə isə rekreasiya məqsədilə təbii ehtiyatların texniki və texnoloji cəhətdən istifadə olunması məqsədilə aparılır. Bu zaman onların istifadəsi ilə yaranan müalicə-sağlamlıq imkanları araşdırılır. 

Rekreasiya fəaliyyətinin aparılması ehtiyatlardan istifadəni şərtləndirsə də, bu zaman sosial-iqtisadi faktorların da əlaqələndirilməsi tələb olunur. Bu mənada, ərazinin təsərrüfat və sənaye məqsədli istifadəsi, hər 1000 kvadratmetrə düşən insan sayı, əhalinin məşğulluğu, sağlamlığı və uzunömürlülük səviyyəsi, habelə infrastruktur, ümumi ekoloji vəziyyət kimi faktorlar qiymətləndirmənin vacib detallarındandır. Bütün bunlar isə insanların rekreasiyasına, yəni onların sərf olunmuş fiziki, zehni və emosional enerjisinin bərpa olunmasına mühüm təsir edərək yeni tələbatların yaranmasına səbəb olur.

Naxçıvan Muxtar Respublikasının müxtəlif əraziləri özünün təbii-iqlim şəraiti, relyef quruluşu və onlardan istifadə imkanlarına görə rekreasiya fəaliyyəti üçün əlverişli sayılır. Muxtar respublikada mövcud olan müalicə, ekoturizm və digər təbiət­yönümlü turizm ehtiyatları hesabına müxtəlifməzmunlu turizm-rekreasiya xidmətləri göstərilir. Qeyd olunanlara əsasən Şahbuz rayonu ərazisindəki Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi üzrə rekreasiya qiymətləndirməsinə baxdıqda landşaft, iqlim, illik yağıntı, habelə estetik panoramik mənzərə, su və torpaq ehtiyatları, bitki örtüyü və ilkin görüntüsü pozulmamış təbii ekosistem kimi faktorların ön plana çıxdığını qeyd edə bilərik. Yayın nisbətən sərin, qışın qarlı və mülayim keçdiyi bu ərazilər təkcə muxtar respublikamızda deyil, eləcə də yaxın bölgədə turizmin inkişafı baxımından unikal ərazilərdən biri hesab olunur.

Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi Şahbuz rayonunun eyniadlı ərazisində yerləşir. Turistlər Naxçıvan şəhərindən, təqribən, 60 kilo­metr məsafədəki bu turizm məkanına yeni salınmış asfalt yolla qısa zamanda çata bilirlər. 65 yaşayış evi və təxminən, 500 nəfərə yaxın əhalisi olan Ağbulağın 1500 hektara yaxın ərazisi vardır. Belə bir nisbətdə olan ərazi və əhali sıxlığı rekreantlar üçün müxtəlif aktiv istirahət turlarının təşkili baxımından əlverişlidir. Kəndin təmiz havası, saf suyu, ekoloji təmiz məhsulları da buranın turizm cazibədarlığını artıran amillərdəndir. Bölgədə yaşayan yerli əhalinin rahatlığı üçün enerji, içməli su təminatı, rabitə və kommunikasiya sistemlərinin mövcudluğu, yerli əhalinin rekreasiya təsərrüfatının işində maraqlı olması da Ağbulağın rekreasiya dəyərini artırır. Hələ 2013-cü ildə burada yaradılmış Ağbulaq İstirahət Mərkəzi hər il çox sayda yerli və xarici ölkə turistlərinin istirahət etdiyi məkana çevrilib. Belə ki, həmin ildə Ağbulaq kəndində müasir tələblərə cavab verən məktəb binası, kənd və xidmət mərkəzləri də tikilərək istifadəyə verilib. Bu yaxınlarda isə hər bir kənd sakininin evində yenidənqurma işləri aparılıb, həyətlər abadlaşdırılıb. Kənddaxili avtomobil yollarına qum-çınqıl qatı verilib, su keçidləri salınıb, yeni yollar çəkilib, elektrik təchizatı sistemi yenilənib.

Hazırda Ağbulaq İstirahət Mərkəzində turizmin sosial formasında populyar istirahət növləri təşkil olunur. Gənclərin və digər yaş kateqoriyalarından olan insanların burada keçirdikləri günlər daha yaddaqalan olur. Ağbulaq kəndinin yerləşdiyi coğrafi en kəsiyi, onun dəniz səviyyəsindən hündürlüyü və relyef quruluşu burada isti yay günləri ilə yanaşı, ilin bütün fəsillərində, o cümlədən qışda da mənalı istirahət və rekreasiya turları keçirməyə imkan verir. Xüsusən qış aylarında, başqa sözlə, turizm sahəsində işlərin mövsümi olaraq zəiflədiyi bir vaxtda Ağbulaqda təşkil olunacaq turlar sağlamlıq və rekreasiya baxımından insanlar üçün faydalıdır. Ötən ilin yayında tikintisinə başlanılmış 1590 metr uzunluğunda Ağbulaq Xizək Mərkəzi, bu mənada, ərazinin rekreasiya dəyərini daha da artıran mühüm tədbirlərdəndir. 

Rekreasiya fəaliyyətində təbii-iqlim və landşaft faktoru ilə yanaşı, insan amilinin, müasir menecmentin də xüsusi rolu vardır. Belə ki, rekreasiya zonaları ətraf mühitin mühafizəsinə, buradakı təbii ekosistemin və landşaftın ibtidai görüntüsünün qorunub saxlanılmasına çox həssasdır. Habelə rekreasiya zonasında məskunlaşmış yerli əhalinin həyat səviyyəsinin daimi yüksəlmə meylinə uyğun olaraq məşğulluq məsələlərinin həll olunması və mövsümilik faktoruna qarşı marketinq tədbirləri idarəetməni zəruri edən amillərdəndir. Bu baxımdan ötən il dekabrın 5-də Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin təqdimatı zamanı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən aidiyyəti təşkilatlara verilmiş tapşırıqların icrası bu sahədə qarşıya qoyulmuş vəzifələrin həllində müsbət nəticələr verəcəkdir.

 

 Əli CABBAROV
“Naxçıvan” Universitetinin dosenti

 

 

 

01070392
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
36
113
4475
10595
1070392

Tarix: 24-11-2024
Biz, sosial şəbəkələrdə: