Aprelin 23-də Bakı şəhərində 2019-cu ildə Azərbaycan Dövlət Turizm Agentliyinin rəsmi dəstəyi, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası və Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə 3-cü Qlobal Sağlamlıq Turizm Forumu keçirilib və Qlobal Sağlamlıq Turizm Şurasının 5-ci Assambleyası öz işinə başlayıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov və Duzdağ Hotelin icraçı direktoru Novruz Novruzov iştirak etmişlər.
Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov tədbirdə çıxış edərək Naxçıvan Muxtar Respublikasının turizm potensialı haqqında forum iştirakçılarına geniş məlumat vermişdir. Həmçinin Naxçıvan Muxtar Respublikasının turizm potensialını əks etdirən videoçarx nümayiş etdirilmişdir.
Tədbirin rəsmi hissəsində Naxçıvan-Əshabi-Kəhf, Naxçıvan-Qarabağlar, Naxçıvan-Gəmiqaya, Naxçıvan-Ordubad, Naxçıvan-Gülüstan, Naxçıvan-Əlincəqala, Naxçıvan-Duzdağ, Naxçıvan-Ağbulaq kənd Turizm-İstirahət Bölgəsi, Naxçıvan-Şahbuz-Batabat turist marşrutlarının bukletləri, Naxçıvan Muxtar Respublikasının Turist Xəritəsi və Naxçıvan təbiəti albom-kataloqunun daxil olduğu təbliğat materiallarından ibarət hədiyyə paketləri xarici ölkə nümayəndələrinə təqdim edilmişdir.
Qlobal Sağlamlıq Turizm Şurasının sədri Ruslan Quliyev tədbirdə Naxçıvan Muxtar Respublikasını təmsil edən nümayəndə heyətinə iştirak üçün minnətdarlığını bildirmişdir.
Qeyd edək ki, Qlobal Sağlamlıq Turizm Şurasının 60-a yaxın üzvləri sırasında ABŞ, Almaniya, Böyük Britaniya, Türkiyə, Polşa, Yunanıstan, Macarıstan, Bolqarıstan, Rusiya, Ukrayna, Gürcüstan, Çin Xalq Respublikası, Hindistan, İran İslam Respublikası, Qazaxıstan, İordaniya Krallığı, Səudiyyə Ərəbistanı və başqa ölkələr təmsil olunur.
“Şərq qapısı”