Naxçıvan Turizm İnformasiya Mərkəzində “Turizm sahəsində startapların hazırlanması” mövzusunda Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərində Turizm və otelçilik ixtisası üzrə təhsil alan tələbələrlə görüş keçirilib.
Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov çıxış edərək bildirib ki, muxtar respublikamızda bütün sahələrdə olduğu kimi, turizmin inkişafı sahəsində də mühüm tədbirlər həyata keçirilir.
Vurğulanıb ki, muxtar respublikada son illərdə turizmin davamlı inkişafını təmin edən sərəncamların imzalanması, güclü turizm infrastrukturunun, maddi-texniki bazanın yaradılması yüksəkixtisaslı kadr hazırlığına qarşı ciddi tələblər qoyur.
Sonra departamentin əməkdaşı, ekspert qrupunun rəhbəri Orxan Cəfərov “Turizm sahəsində startapların hazırlanması” mövzusunda çıxış edərək bildirib ki, “İdeyadan başlanğıca” devizi altında innovasiyaya və dayanıqlı inkişafa əsaslanan, yaradıcı düşüncəni və elmi-texniki tərəqqini əks etdirən yeni layihələrin (startapların) həyata keçirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Turizm Departamentində ekspert qrupu yaradılıb. Ekspert qrupu tələbələrin layihələrini potensial təsirlər, biznes modeli, komanda işi, fərqlilik, yenilikçilik və dayanıqlılıq meyarları üzrə qiymətləndirəcəkdir.
Vurğulanıb ki, layihələr həm qlobal, həm də yerli şəraitdə istifadə edilə biləcək sahələrə həsr olunmalıdır. Bu layihələr otelçilik, turoperatorluq, turagentlik, turizmin növlərinin inkişafı və turist marşrutlarının hazırlanması kimi sahələri əhatə edə bilər.
Sonda tələbələr Naxçıvan Turizm İnformasiya Mərkəzinin fəaliyyəti ilə tanış olublar.
Pərviz HACILI