"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Sənətkarlarla görüş olub

Avqustun 23-də Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sənətkarlarla görüş keçirilib.

“2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın icrası məqsədilə keçirilən tədbiri Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyev açaraq bildirib ki, Naxçıvanda özəl sektorun əsas istiqamətlərindən biri olan turizmin inkişafı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Ötən dövrdə sənətkarlar tərəfindən muxtar respublikanın tarixi-memarlıq abidələrini, milli arqumentləri özündə əks etdirən sənət sahələri üzrə 13 min manat dəyərində 722 əl işi və sənət əsəri hazırlanıb, satış üçün Naxçıvan Biznes Mərkəzinin satış obyektlərinə yönəldilib.

Diqqətə çatdırılıb ki, ötən müddət ərzində bir sıra xarici ölkələrin nümayəndələri ilə keçirilmiş 48 beynəlxalq tədbirdə muxtar respublikadan 256 sahibkarlıq subyektinin 263 nümayəndəsinin iştirakı təmin edilib və muxtar respublikanın turizm potensialı haqqında xarici iş adamlarına və həmin ölkələrin rəsmilərinə məlumat verilib, turizm mütəxəssisləri arasında təcrübə mübadiləsi aparılıb.

Vurğulanıb ki, kənd turizminin inkişaf etdirilməsində, kənd yerlərində kiçik sahibkarlığın inkişafında ailə təsərrüfatlarının mühüm rolu vardır. Ötən dövr ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən 46 ailə təsərrüfatına 710 min manatdan çox dövlət maliyyə dəstəyinin göstərilməsi təsərrüfatların fəaliyyətinin genişləndirilməsinə stimul olub, ailə təsərrüfatlarından bir hissəsinin kiçik sahibkarlıq subyektinə çevrilməsinə şərait yaradıb. Digər tərəfdən “Ailə təsərrüfatı məhsulları” festivallarının keçirilməsi belə təsərrüfatların fəaliyyətlərinin stimullaşdırılması ilə yanaşı, muxtar respublikamızda turizm imkanlarının təbliğində də mühüm rol oynayıb. 

Diqqətə çatdırılıb ki, muxtar respublikanın sosial-iqtisadi inkişafı sahəsində atılan addımlar, öz növbəsində, turistlərin sayının artmasına, sənətkarlıq nümunələri və suvenirlər bazarının canlanmasına səbəb olub. Bu məqsədlə sənətkarlar hazırladıqları əl işlərində marketinq sahəsində müasir, innovativ üsulların istifadəsinə xüsusi fikir verməlidirlər. Belə ki, əl işləri turistlər üçün cəlbedici, qiymətləri münasib olmalı, toxunan xalçaların incə və kənarlarının düz olmasına xüsusi diqqət yetirməli, xalçaların üzərində Naxçıvanı tanıdan çeşidli milli ornametlərdən və digər təsvirlərdən istifadə edilməli, hazırlanmış suvenirlər kiçikhəcmli və daşınması asan olmalı, bir sözlə, əl işləri keyfiyyəti və cəlbediciliyi ilə seçilməlidir. Həmin əl işlərinin daha asan reallaşdırılması məqsədilə sənətkarlar Naxçıvan Biznes Mərkəzinin imkanlarından istifadə edə bilərlər. 

Nazir sahibkarlığın inkişafı üçün yaradılmış şəraitə, göstərilən hərtərəfli qayğıya görə muxtar respublika sahibkarları və sənətkarları adından Ali Məclisin Sədrinə minnətdarlığını ifadə edib. 

Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov çıxış edərək bildirib ki, “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın müvafiq bəndlərinə əsasən müxtəlif sənətkarlıq nümunələrinin təşviqi üçün turistlərin məlumatlılığının artırılması ilkin prioritetlərdəndir. Bu əl işlərinin sərgi-satışının təşkili isə sənətkarlığın inkişafına mühüm töhfədir.

Qeyd edilib ki, sənətkarlarımız hazırladıqları əl işlərinin fotoşəkillərini Naxçıvan Muxtar Respublikası Turizm Departamentinə təqdim etməklə doğma diyarımızın tanıdılması işinə öz töhfələrini verə bilərlər. 

Sonra Sahibkarlığın İnkişafı Fondu publik-hüquqi şəxsin idarə heyətinin sədri Seymur Cəfərov, sənətkar Akif Həsənov çıxış ediblər. 

Sonda muxtar respublikada fəaliyyət göstərən sənətkarların fikirləri dinlənilib.

 Güntac ŞAHMƏMMƏDLİ

 

01070381
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
25
113
4464
10584
1070381

Tarix: 24-11-2024
Biz, sosial şəbəkələrdə: