"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Bir udum suyun sorağı ilə...

Yazının sərlövhəsi sizdə su haqqında danışacağım qənaətini yaratsa da, bu, belə deyil. Burada bir udum suyun – “Sirab”ın sorağı ilə Naxçıvana yol alan gənc amerikalının qədim tarixi diyar haqqında təəssüratlarından söhbət açacağam.
Gənc ingilis dili müəllimi Matthev Petty ilə Naxçıvan Turizm İnformasiya Mərkəzində həmsöhbət oluruq. Onun dedikləri maraqlıdır: – Bakıda qonaq idim. Qədim paytaxtınızı gəzib dolaşanda restoranlardan birində su içdim və suyun harada istehsal olunduğu ilə maraqlandım. Öyrəndim ki, bu su Naxçıvan Muxtar Respublikasına məxsusdur. Onu da dedilər ki, təbii və mineral suyu olan bulaqlarına görə Naxçıvan dünyada diqqəti cəlb edən bir diyardır. Elə bu səbəbdən də buranı mineral suların təbii muzeyi adlandırırlar. Ərazisində 250-dən artıq mineral su mənbəyi var.

Mən tarixi yerləri çox sevirəm. Ona görə də belə gözəl diyarlara tez-tez səyahətə çıxıram. Bulaqlar, müalicəvi sular, yeraltı sərvətlər, gözəl dağlar, möcüzəvi yerlər, qədim abidələr – nə yoxdur, Naxçıvanda? Buraya gəlişimdə məqsədim həm də qədim diyarın tarixi abidələri ilə tanış olmaq idi. İlk olaraq Nuhun məzarüstü türbəsini, Naxçıvan­qalanı, Duzdağdakı mağaraları, Əshabi­-Kəhfi, Atabəy Şəmsəddin Eldənizin xanımı Möminə xatının vəfatından sonra onun şərəfinə ucaldılan türbəsini ziyarət etdim. Bu gün türbə Azərbaycan qadınına verilən yüksək dəyərin simvolu kimi Naxçıvan torpağında öz əzəməti ilə diqqəti cəlb edir. Möminə xatın türbəsini ziyarət edəndə öyrəndim ki, həmin abidə tək deyil. Quti xatının şərəfinə ucaldılan Qarabağlar Türbə Kompleksi də var. Mən oranın da seyrinə çıxdım. Əsrlər öncə ucaldılan bu abidənin gözəlliyi insanı valeh edir. Buranı Hindistanda yerləşən Tac-Mahala bənzətdim. Onlar arasındakı xüsusi bənzərlik ondan ibarətdir ki, hər üç abidə həyat yoldaşlarına böyük sevgi və ehtiram bəsləyən tarixi şəxsiyyətlər tərəfindən inşa etdirilib. Naxçıvandakı hər iki məqbərə bu xalqa, qadınını və anasını belə yüksək qiymətləndirən azərbaycanlılara hörmət hissini artırır. Diqqətçəkən məqamlardan biri də yüz illər öncə tikilən bu abidələrin yüksək səviyyədə qorunub saxlanılmasıdır. Tarixə dəyər verənlər dövrünün qurucu şəxsiyyətləri kimi adlarını tarixə yazaraq yaşayırlar.

Naxçıvan şəhərini gəzdikcə, onun təmiz, səliqəli küçə və prospektlərini seyr etdikcə düşünürəm ki, burada Vətəninin hər qarışını sevən gözəl insanlar yaşayır. Keçmişi zənginliklərlə dolu olan xalqınızın ürəyi tarixindən də zəngindir. Təbiət gözəlliklərini tamamlayan da elə insanın özüdür. Bu fikirlər məndə əbəs yerə əmələ gəlməyib. Dünyanın bir çox ölkələrində turistlər o qədər də rahat gəzib dolaşa bilmirlər. Dar küçə və döngələrdə pusquda duran fürsətçilər, acgöz taksi sürücüləri məqam gözləyirlər ki, gələn turistdən artıq pul qoparsınlar. Hava limanlarından çölə çıxanda sənin başqa ölkə vətəndaşı olduğunu bilib tələm-tələsik taksisinə mindirməyə çalışanlar da az olmur. Amma bu kiçik məmləkətdə hər şey daha fərqlidir. Gözəl, göz­oxşayan hava limanında təyyarədən enər-enməz gülərüzlə qarşılanır bütün qonaqlar. Taksi sürücüləri səliqəli geyimdə öz müştərilərinin yolunu gözləyirlər. Axşam saatları idi buraya gələndə. Hava limanından çıxıb taksiyə əyləşdim. Haraya gedəcəyimi soruşanda şəhərdəki otellərdən birinə düşmək istədiyimi bildirdim. Yola düşdük. 
Mənzil başına çatıb taksinin yol haqqını verib otelə daxil oldum. Qeydiyyatdan keçmək üçün pasportumu axtaranda gördüm ki, yoxdur, çantamı taksidə unutmuşam. Bu hal məni çox məyus etdi. Nə edəcəyimi bilmədim. Otel işçiləri vəziyyəti görüb kömək etmək istəyəndə mən polisə xəbər vermələrini xahiş etmək istəyirdim ki, həmin taksi sürücüsü əlində çantam otelin qapısında göründü. O, çantamı ­maşında unutduğumu görüb geri qayıtmışdı.
Səhəri gün şəhəri gəzəndə sakit bir diyara sahib olduğunuza şahidlik etdim. Dünyanın 20-dən çox ölkəsində olmuşam. Sizə onu deyim ki, gəzdiyim yerlərin əksəriyyətində olan evlərin pəncərələrində dəmir barmaqlıqlar görmüşəm. Burada isə vəziyyət tamam başqadır. Böyük, yaraşıqlı villaların belə, heç birində dəmir barmaqlıq gözə dəymir. 
Yollardakı səliqə-sahmanla bərabər, nizam-intizam da yüksək səviyyədədir. Burada avtobusları mar­şrut dayanacağından başqa yerdə saxlamaq olmaz. İşıqforda qırmızı işıq yandısa, heç bir maşın qaydanı pozub keçmir. Kimliyindən asılı olmayaraq, hamı bu qaydaya əməl edir.
Şəhər gecələri daha da gözəlləşir və insana gəl-gəl deyir. Qaldığım oteldən görünən “Saat meydanı” adlı yer qədim tarixi karvansarayı xatırladır. Etiraf edim ki, bura həm də müasirliyi ilə göz oxşayır. Həmin yerdə dünya mətbəxinin bir çox nümunələrinə rast gəldim. Amma mən Naxçıvan plovu, basdırması, xəngəli yedim, “Sirab”dan, “Badamlı”dan doyunca içdim. 
Sabah axşam yola düşəcəyini bildirən Mattehev bu səhər bazara – “Cahan” Ticarət Mərkəzinə getdiyini deyir və bildirir ki, mağazalardan nə isə almaq istəyirdim, hamı ürəkdən təklif edirdi ki, buyurun qonağımız olun. Dünyanın heç yerində belə münasibət görməzsən. İnanın, mən heç bir ölkədə bu cür istiqanlı insanlara rast gəlməmişəm. Bazardan duz, “Sirab”, bir də yerli istehsalınız olan meyvə araqlarından aldım. Bunları dostlarıma hədiyyə etməyi düşünürəm. Mən buranı çox sevdim. Sizin milli bayramınız Novruzda gəlib Naxçıvanda daha çox qalmağı planlaşdırıram.
Bəzən biz yurdumuzun gözəlliyini görmədən, kəşf etmədən gözəllik ardınca uzaq ölkələrə gedirik. Amma yaşadığımız yer ilə heç bir bağlılığı olmayan qonaqların dilindən elimiz-obamız, insanlarımız haqqında belə gözəl sözlər eşidəndə əmin oluruq ki, elə əsl cənnətin adı Naxçıvandır.

 Ramiyyə ƏKBƏROVA

"Şərq qapısı" qəzeti

01081343
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
145
253
1358
8265
1081343

Tarix: 27-12-2024
Biz, sosial şəbəkələrdə: