Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Biz milli dəyərlərimizi qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqdan keçmiş bu dəyərlər ruhunda tərbiyələndirməliyik”.
Ulu öndərimiz ölkəmizə rəhbərliyi dövründə milli dəyərləri milli dövlət quruculuğunun aparıcı elementinə çevirmişdir. Bu gün müstəqil Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında milli dəyərlərimiz qorunub yaşadılır. Sentyabrın 23-də Naxçıvan şəhərində yeni fəaliyyətə başlayan Milli Dəyərlər Muzeyi də bu sahədə görülən işlərin davamıdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muzeydə yaradılan şəraitlə maraqlanmışdır.
Məlumat verilmişdir ki, muzey otaq və 3 ekspozisiya zalından ibarətdir. Hazırda muzeyin fondunda 236 eksponat vardır. Ekspozisiyada Azərbaycan Respublikasının Dövlət bayrağı, gerbi və Dövlət himninin mətni, milli geyimlərimiz və qədim mətbəx əşyalarımız, xalçalar və milli musiqi alətlərimiz nümayiş olunur. Milli sənətkarlıq nümunələrindən ibarət eksponatlar, muxtar respublikanın tarixi, mədəniyyəti, memarlıq abidələri, adət-ənənələri ilə bağlı çap olunmuş kitab və ensiklopediyalar, turizm potensialının təbliğinə dair bukletlər müxtəlif guşələrdə sərgilənir.
Ali Məclisin Sədri Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinə və Mədəniyyət Nazirliyinə muzey fondunun zənginləşdirilməsi barədə müvafiq tapşırıqlar vermişdir.
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev tariximizin, görkəmli şəxsiyyətlərimizin və milli dəyərlərimizin öyrənilməsi sahəsində görülən işlərə görə muxtar respublika ziyalıları adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti
"Şərq qapısı" qəzeti
24.09.2019