Muxtar respublikamızın zəngin turizm ehtiyatlarının istifadəsi onlar əsasında turizm marşrutlarının yaradılması ilə bağlıdır. Bu marşrutlara turistlərin cəlb olunması üçün onların tərtibi, əsaslandırılması və turların təşkili turizmdən arzu etdiyimiz nəticələrə çatmağa imkan verir. Bu nəticələr isə həm turizmdən gözlədiyimiz gəlirlər, həm də xalqımızın dərin milli qonaqpərvərliyinin tanıdılmasıdır. Belə marşrutlardan biri də hazırda muxtar respublikamıza səyahət edən yerli və əcnəbi turistlərdə böyük maraq doğuran Naxçıvan-Badamlı turizm marşrutudur.
Badamlı deyəndə Azərbaycanın məşhur mineral suyu yada düşür. XX əsrin ortalarından başlayaraq bu günə qədər süfrələrimizin bəzəyi olan məşhur “Badamlı mineral suyu” və dahi sənətçi Rəşid Behbudovun ürəkləri fəth etmiş “Badamlı” mahnısı təkcə Şahbuzun deyil, bütün ölkəmizin şöhrətini dünyaya yayıb. Bu gün də Naxçıvana səyahət edən turistlərin dağlar diyarı Şahbuza yolu düşdükdə onun Batabatı, Ağbulağı ilə bərabər, Badamlısına da böyük maraq yaranır. Şübhəsiz, hələ onillər bundan əvvəl bir su brendi kimi Naxçıvanın adını bütün dünyaya tanıdan Badamlının indiki dövrdə turizm destinasiyası kimi də seçilməsi üçün burada artıq hər bir şərait yaradılıb. Müasir turizm menecmentində əsas vəzifə kimi qarşıya qoyulan cazibədarlıq, bitkinlik və komfortluluq elementlərinin hamısı bu istiqamətdə də vardır.
Naxçıvan-Badamlı turizm marşrutu Naxçıvan şəhərindən, təxminən, 25 kilometr, Naxçıvan-Şahbuz avtomobil yolundan 7 kilometr məsafədə yerləşir. Marşrut üzrə hərəkət edən turistlər ilk olaraq Şahbuzun girəcəyində ilin istənilən fəslində özünəməxsus gözəlliyi olan Heydər Əliyev Su Anbarının möhtəşəm görüntüsünə heyranlıqla yola davam edirlər. Su anbarı və onun arxa fonundakı Şahbuz dağları Naxçıvana ilk dəfə gələn turistlər üçün, xüsusilə unudulmaz təəssüratlar formalaşdırır.
Ümumilikdə, Şahbuz turizm ehtiyatları sarıdan çox zəngindir. Hələ sovet dönəmindən Naxçıvanın turizm-istirahət məkanı kimi tanınmış Batabat yaylağı bu rayonun ecazkar təbii gözəlliklərinin bir etiketi kimi şöhrət qazanmış, haqqında nəğmələr qoşulmuşdu. Batabat müqəddəs Əshabi-Kəhf ziyarətgahı və Möminə xatın türbəsi ilə birlikdə Naxçıvana gəlmiş qonaqların ən çox görmək istədikləri məkanlardan biri idi. O dövrdə Badamlı istiqamətində turistlərin rahat hərəkəti və asudə vaxt keçirmələri üçün zəruri şərait olmasa da, müasir dövrdə burada yaradılmış modern sosial infrastruktur və Badamlı qəsəbəsində mineral su istehsalı müəssisəsinin yaradılması bu imkanları daha da genişləndirib. Artıq Badamlıya gələn qonaqlar üçün kənd, landşaft, qastronomi və fotoovçuluq turizmi həvəskarları üçün yaxşı şərait yaradılıb.
Turizm baxımından Badamlının özünəməxsus xüsusiyyətləri vardır. İlk olaraq turistlər arasında mineral bulaqlar laboratoriyası kimi də tanınan Naxçıvanda “Badamlı” suyunun yerində dadına baxılması kimi maraqlı təkliflər edilə bilər. Belə xidmət müasir dövrdə qastronomi və müalicə turizmi həvəskarları üçün populyardır. Bununla yanaşı, Badamlıya gələn turistlər üçün bu kənddəki yaşıllıqlar içində istirahət edib, mənalı vaxt keçirməyin də ayrıca ləzzəti vardır. Əgər qonaqlar Badamlıya birgünlük gəliblərsə, bütün gün ərzində Yemişandərə, Ordu bulağı, Fərəməz bulağında keçirilən gün yol yorğunluğunu unutdurmağa bəs edər. Badamlıdakı Şirandaş şəlaləsində bol fotoşəkillər çəkən turistlər burada keçirdikləri günün təəssüratını doyunca yaşayacaqlar.
Badamlılılar həm işgüzar, həm də qonaqpərvər insanlardır. Burada qonaqlar üçün zəngin süfrə açıb, bəh-bəhlə “xoşgəldin” etmək kimi müasir turizmə xarakterik olan tələblər bir növ milli-mədəni dəyər kimi yaşadılmaqdadır. Şübhəsiz, Badamlıya səfər edən hər qonağa “Badamlı” suyu qədər badam daddırılması da eksklüziv xidmət kimi yaddaqalıcıdır. Xüsusən payız fəslində, badamın tam yetişdiyi bu günlərdə Badamlıda yerli badamın ləzzəti ilə tanış olandan sonra kimsə çətin ki marketlərdəki idxal badama meyil eləsin. Hər həyətdə azı beş-on badam ağacının olduğu Badamlıda bəzi ailə təsərrüfatçılarının barlı mövsümlərdə az qala 1 tona yaxın badam məhsulu olur. Burada badamı çox sevir, çay süfrəsindəki əziz qonaqlar üçün badam ləpəsinin ən irisini seçir, boğça dolusu badam payları tutulur. İlin isti aylarında iri badam ağacının kölgəsində açılmış süfrədə yovşan ətirli Badamlı balıyla qaymaq dadmağın isə başqa bir ləzzəti vardır.
Aktiv istirahəti seçən turistlər Şahbuzun bu gözəl kəndinə gəldikdə bağlara necə qulluq edilməsi, kənd təsərrüfatı işləri ilə yaxından tanış olmaq fürsəti qazanırlar. Piyada dağ yürüşləri, panoramik mənzərələrlə tanışlıq baxımından da Badamlıda cazibədar yerlər çoxdur. Coğrafi baxımdan sanki, Şahbuzun ekvator xəttində yerləşən Badamlı həm dağ, həm də aran kəndidir. Bu baxımdan Badamlıda kənd turizmi üçün də yaxşı imkanlar vardır. Kənddə və Badamlı qəsəbəsindəki çox sayda hosteltipli evlər növbəti turizm mövsümlərində Badamlıya gələcək turistləri yerləşdirmək üçün əlverişlidir. Xalqımızın milli dəyərləri baxımından Badamlıda yaşadılan xalq adətləri, milli yeməklərimiz və nənələrdən qalma əl işləri ilə tanışlığın qeyri-adilik axtaran hər bir qonaq üçün çox cazibədarlığını da düşünmək olar.
Turizm marşrutları baxımından Şahbuzun hər bir guşəsinin özünəməxsus bir potensialı vardır. Əgər səyahət üçün Naxçıvanı seçmiş turistlərin burada gecələmə sayını artırıb daha çox gəlir əldə etmək istəyiriksə, yeni turizm marşrutları əsasında orijinal tur layihələrin hazırlanması bizi gözləyir. Bu dəfə yolu Badamlı istiqamətinə düşən turistlər isə belə bənzərsizliklərin nə qədər çox olduğunu öz gözləri ilə görəcəklər.
Əli CABBAROV
“Şərq qapısı” qəzeti
26.09.2019