05 noyabr 2019-cu il tarixdə “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzi tərəfindən Naxçıvan Dövlət Universitetində “Naxçıvanın milli mətbəxi” mövzusunda seminar və praktik məşğələ keçirilmişdir. Tədbiri giriş sözü ilə Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakültəsinin “Fənlərin tədrisi metodikası və texnologiya müəllimliyi” kafedrasının müdiri Mətanət Quliyeva açaraq milli mətbəx nümunələrinin öyrənilməsi və təbliğində bu cür tədbirlərin mühüm rol oynadığını bildirmişdir. Daha sonra “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzinin direktoru Sitarə Rüstəmova çıxış edərək Mərkəzin fəaliyyəti haqqında geniş məlumat vermişdir. Qeyd olunmuşdur ki, Naxçıvan mətbəxi özünəməxsus ləziz yeməkləri ilə məşhurdur. Milli yeməklərimizin hazırlanma qaydalarını mənimsəmək, həmin yeməklərdən vaxtaşırı istifadə etmək bu yeməklərin unudulmaması və qorunaraq gələcək nəsillərə çatdırılması baxımından çox əhəmiyyətlidir. Vurğulanmışdır ki, 2012-ci il “Milli Dəyərlər ili”nə layiqli töhfə olan “Naxçıvan mətbəxi” kitabında milli yeməklərimiz və onların hazırlanma qaydaları ilə yanaşı, qədim dövrlərdən bəri mətbəximizdə istifadə olunan alət və ləvazimatlarla da yaxından tanış olmaq mümkündür. S.Rüstəmova muxtar respublikamızda keçirilən festivallarda milli yeməklərimizin sərgi-satışının təşkil edilməsinin milli mətbəximizin təbliğində böyük əhəmiyyətə malik olduğunu xüsusi qeyd edərək bildirmişdir ki, hazırda Naxçıvan mətbəxinin qədim nümunələrinin öyrənilməsi “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzi tərəfindən diqqət mərkəzində saxlanılır və bu istiqamətində sistemli iş aparılır.
Sonra Mərkəzin mütəxəssisi Fəridə Əsədova çıxış edərək Naxçıvan mətbəxinə məxsus qovurma, əriştə aşı, qurut aşı, soğan dolması kimi yeməklərin, eləcə də mürəbbə, xoşab və turşuların hazırlanma qaydaları haqqında tələbələrə geniş məlumat vermiş, bəhs olunan mətbəx nümunələri slayd vasitəsilə nümayiş etdirilmiş, tələbələri maraqlandıran suallar cavablandırılmışdır.
Tədbirin sonunda “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzinin kulinarı Aygün Cəfərovanın təqdimatında praktik məşğələ keçirilmiş, Naxçıvan mətbəxinə aid qış tədarüklərinin hazırlanma qaydası əyani nümayiş etdirilmişdir. Məşğələ prosesində tələbələr həvəslə iştirak etmişdir.