19 noyabr 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan tələbələri üçün “Turizm sahəsində vergi qanunvericiliyi” mövzusunda seminar keçirilmişdir. Tədbirdə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Statistika və sertifikatlaşdırma sektorunun müdiri Həsən Kərimov çıxış edərək bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin hamiliyinə verilmiş Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan tələbələrinin iştirakı ilə müxtəlif formatlı tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılır. Bu gün keçirilən seminar da həmin tədbirlərin davamıdır.
Qeyd olunmuşdur ki, muxtar respublikamızda vüsət almış abadlıq və quruculuq işləri turizm sahəsinin də inkişafına əhəmiyyətli dərəcədə təsir etmişdir. 5000 illik tarixə malik qədim diyarımızda tarixi abidələrin bərpası, yeni muzeylərin yaradılması, istirahət mərkəzlərinin tikilməsi və yaradılmış müasir turizm infrastrukturu bu sahəyə dövlət səviyyəsində göstərilən diqqət və qayğının bariz nümunəsidir. Vurğulanmışdır ki, turizm məhsulunun formalaşmasında turoperator və turagent fəaliyyəti ilə məşğul olan turizm şirkətləri ilə yanaşı, mehmanxana və digər yerləşdirmə-yerdəyişmə, nəqliyyat vasitələrinin, ictimai iaşə, əyləncə obyektləri və vasitələrinin, dini, tarixi-mədəni, müalicə, idman və digər təyinatlı obyektlərin, həmçinin ekskursiya və bələdçi (bələdçi-tərcüməçi) xidmətləri göstərən təşkilatların da böyük payı vardır. Turizm sahibkarı öz fəaliyyətini genişləndirmək və mənfəətini artırmaq üçün ümumi iqtisadi qanunlarla yanaşı, turizm bazarının spesifikasını, turizm məhsulu təklifinin xüsusiyyətlərini, turizm tələbini formalaşdıran amilləri, istehlakçı davranışlarını, turizm məhsuluna qoyulan tələbləri, turizm menecmentini, mütərəqqi texnika və texnologiyanın tətbiqini dərindən öyrənməli, eyni zamanda bu sahəyə dair vergi qanunvericiliyinin tələblərinə bələd olmalıdır.
Sonra Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi Zahid Qəmbərov çıxış edərək Azərbaycan Respublikasının Vergi məcəlləsinin turizm fəaliyyəti ilə bağlı müddəaları haqqında tələbələrə geniş məlumat vermiş, bəhs olunan mövzular müvafiq slayd vasitəsilə əyani nümayiş etdirilmişdir. Qeyd olunmuşdur ki, turizm xidməti göstərən vergi ödəyicilərinin vergi öhdəlikləri, hesablaşma prosesində elektron qaimə-fakturanın tətbiqi, xarici turistlərə xidmət göstərən turoperatorların gəlirlərinin vergiyə cəlb edilməsi kimi məsələlər daim öz aktuallığını qoruyub saxlayır. Turizm fəaliyyəti ilə məşğul olan müəssisə və təşkilatlar, eləcə də hüquqi və fiziki şəxslər tərəfindən vergi qanunvericiliyinin tələblərinə əməl olunması dövlət büdcəsinin gəlirlərinin artmasına, eyni zamanda ölkəmizin iqtisadi cəhətdən daha sürətlə inkişaf etməsinə şərait yaradır.
Sonda mövzu ilə bağlı tələbələri maraqlandıran suallar cavablandırılmışdır.