Bakı Konqres Mərkəzində Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə “Azərbaycan Turizm Sammiti 2019” adlı tədbir keçirilib. Artıq ikinci ildir, keçirilən sammitə turizm sahəsinin təmsilçiləri, hökumət və ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri də daxil olmaqla, ümumilikdə, 1500-dən çox iştirakçı qatılıb. Mötəbər tədbirdə muxtar respublikamız da geniş heyətlə təmsil olunub. Sammitdə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov, “Nəqşicahan Holdinq Şirkətlər Qrupu” Məhdud Məsuliyyətli Cəmiyyətinin iqtisadi məsələlər üzrə direktor müavini Rifat Mahmudov, həmçinin bir qrup nümayəndə heyəti iştirak edib.
Turizm sənayesində son tendensiyaları, o cümlədən ölkədaxili və Azərbaycana səfərlərin marketinq və təbliğatı məsələlərini müzakirə etmək məqsədilə təşkil olunan sammit çərçivəsində müxtəlif mövzular üzrə sessiyalar keçirilib.
Sessiyalar “Azərbaycanın yeni turizm konsepsiyasına uyğun olaraq səyahət təcrübəsinin yaradılması”, “Turizm sənayesinə dəstək: çağırışlar və imkanlar”, “Azərbaycanda qonaqpərvərlik sektorunun ən yaxşı təcrübələri və HOTREC üzvlüyünün üstünlükləri”, “Turizmdə rəqəmsal fəaliyyət və marketinq təcrübələri”, “Turizmdən artıq: işgüzar tədbirlər sənayesi destinasiyanın inkişafı üçün aparıcı amil kimi”, “Turizm üzrə statistikanın, tədqiqatların və təhsilinAzərbaycanda turizm sənayesinə faydası” mövzularını əhatə edib. Sammit iştirakçılarına Naxçıvan Muxtar Respublikasının turizm potensialını əks etdirən bukletlər təqdim olunub, həmçinin “Nəqşicahan Holdinq Şirkətlər Qrupu” MMC-nin tabeliyində fəaliyyət göstərən otel və restoranların nümayəndələri tərəfindən bir sıra işgüzar görüşlər keçirilib. Görüşlərdə muxtar respublikaya turistlərin cəlbi istiqamətində görüləcək işlər müzakirə olunub.
Tədbir zamanı turizm sahəsinin aparıcı iştirakçıları tərəfindən yerli, həmçinin ölkəyə gələn xarici turistlərin səfərlərinin təkmilləşdirilməsi, bu sahədə yeniliklər və qarşıda duran maneələrlə, marketinq və təbliğat fəaliyyəti ilə bağlı müzakirələr aparılıb.
Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti