5 dekabr 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan tələbələr üçün “Ekskursiya işinin təşkili” mövzusunda seminar və praktik məşğələ keçirilmişdir. Tədbirdə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Statistika və sertifikatlaşdırma sektorunun aparıcı məsləhətçisi Süleyman Rüstəmov çıxış edərək bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin hamiliyinə verilmiş Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan tələbələrinin iştirakı ilə müxtəlif formatlı tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılır. Bu gün keçirilən seminar və praktik məşğələ də həmin tədbirlərin davamıdır.
Sonra tələbələrə ekskursiyanın təşkil olunması haqqında geniş məlumat verilmiş, ekskursiyanın ümumi xüsusiyyətləri, təsnifatı, hazırlanma texnologiyası, keçirilmə texnikası və ekskursiya aparılmasının əsas metodik üsullarından bəhs edilmiş, müvafiq sxemlər slayd vasitəsilə nümayiş etdirilmişdir. Qeyd olunmuşdur ki, turizm firması turistə gecələmə və qidalanmadan başqa, gəldiyi yerin tarixi, memarlıq abidələri, təbiəti, əhalinin milli xüsusiyətləri, adət və ənənələri ilə tanış olmaq imkanı, həmçinin istirahət və əyləncə üçün şərait yaratmalıdır. Ekskursiyalar, yürüşlər və gəzintilər firmanın menecerləri və ekskursiya bələdçiləri tərəfindən hazırlanarkən dəqiqlik, icra olunarkən təcrübə və yüksək peşəkarlıq tələb edilir.
Daha sonra Naxçıvan Dövlət Xalça Muzeyində mövzu ilə bağlı praktik məşğələ keçirilmiş, ekspozisiyalara baxış olmuşdur.