17 dekabr 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən Təbriz Mehmanxanasında Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan tələbələri üçün “Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyalarının müəyyənləşdirilməsi və qiymətləndirmədə meyarların tətbiq edilməsi” mövzusunda seminar və praktik məşğələ keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamına uyğun olaraq keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Statistika və sertifikatlaşdırma sektorunun aparıcı məsləhətçisi Süleyman Rüstəmov çıxış edərək bildirmişdir ki, müstəqilliyimizin bərpasından sonra muxtar respublikamızda müasir infrasrukturun yaradılması turizmin inkişafına əlverişli şərait yaratmışdır. Artıq müasir Naxçıvanın öz qonaqlarını yeni dövrün tələblərinə uyğun fəaliyyət göstərən mehmanxanalarda qarşıladığını bildirən məruzəçi muxtar respublikamızda mehmanxana şəbəkəsinin genişlənməsinin xüsusi əhəmiyyətə malik olduğunu vurğulamışdır.
Tədbirdə “Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyalarının müəyyənləşdirilməsi və qiymətləndirmədə meyarların tətbiq edilməsi” haqqında ətraflı məlumat verilmiş, mehmanxanaların növləri, mehmanxana və mehmanxana tipli müəssisələrin qiymətləndirilməsi və dövlət standartlarının tətbiqi qaydalarından geniş şəkildə bəhs edilmiş, mehmanxana və mehmanxana tipli obyektlərin kateqoriyalarının fərqləndirilməsi üçün onların ümumi anlayışı və əsas meyarları, ulduz kateqoriyalarının müəyyənləşdirilməsi qaydası, sertifikatlaşdırmanın əhəmiyyəti tələbələrin diqqətinə çatdırılmışdır.
Sonra “Nəqşicahan Holdinq Şirkətlər Qrupu” MMC-nin nümayəndəsi Sahil Murtuzayev çıxış edərək hotel işinin təşkili, muxtar respublikada fəaliyyət göstərən hotellərdə dövlət standartlarının tətbiq edilməsi haqqında məlumat vermiş, dövlət standartı tələblərinə riayət edilməsinin turizm məhsulunun formalaşmasında mühüm əhəmiyyət daşıdığını vurğulamışdır.
Çıxışlardan sonra praktik məşğələ keçirilmiş, mehmanxananın resepsion və restoran bölmələrinin fəaliyyəti, həmçinin otaqların şəraiti haqqında tələbələrə geniş məlumat verilmiş, tələbələri maraqlandıran suallar cavablandırılmışdır.