"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Tələbələrin istehsalat təcrübəsi başa çatıb

27 dekabr 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində istehsalat təcrübəsinin yekununa həsr olunmuş “Sosial-iqtisadi inkişafın təmin olunmasında turizmin rolu” mövzusunda konfrans keçirilmişdir. Konfransda Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Statistika və sertifikatlaşdırma sektorunun müdiri Həsən Kərimov çıxış edərək bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası  Ali  Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamına uyğun olaraq Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin “Turizm və otelçilik” ixtisasları Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin hamiliyinə verilmişdir.13 noyabr 2019-cu il tarixdən etibarən “Turizm və otelçilik” ixtisasları üzrə IV kurs tələbələri üçün Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində, eləcə də turoperator və mehmanxanalarda istehsalat təcrübəsi təşkil olunmuşdur. Təcrübə ərzində tələbələr ölkəmizdə, o cümlədən muxtar respublikamızda həyata keçirilən dövlət turizm siyasətinin məqsədi və bu sahədə qazanılmış uğurlar haqqında biliklərə yiyələnmiş, turizm fəaliyyəti ilə məşğul olan obyektlərin çoxşaxəli fəaliyyəti ilə yaxından tanış olmuşlar.

Qeyd olunmuşdur ki, son illərdə turizm sektoru ölkəmizdə qeyri-neft sektorunda ən prioritet sahələrdən birinə çevrilmişdir. Turizm sahəsinə sərmayə qoyuluşlarının həcmi ildən-ilə artır, müasir hotellər tikilir, dünya standartlarına uyğun avtomobil yolları inşa olunur. Ölkəmizdəki ictimai-siyasi sabitlik, əmin-amanlıq, yüksək səviyyəli təhlükəsizlik, Azərbaycanın dünyada əhəmiyyətli turizm ölkəsi kimi tanıdılması istiqamətində görülən işlər turizm inkişafına mühüm töhfələr verir.

Bildirilmişdir ki, muxtar respublikamızda da bütün sahələr kimi turizmin inkişafıdiqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 23 apreltarixli Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti yaradılmışdır. Bu addım turizm sahəsi üçün mühüm töhfə olmaqla yanaşı, yeni inkişaf mərhələsinin də əsasını qoymuşdur. Qədim diyarımızın əlverişli coğrafi mövqeyi, özünəməxsus iqlimi, zəngin fauna və florası, qədim dövrlərdən miras qalmış tarix-mədəniyyət abidələri, 250-ə yaxın mineral və müalicəvi əhəmiyyətli su mənbəyinin mövcudluğu, ərazidə sabitliyin və təhlükəsizliyin təmin olunması turizmin inkişafı üçün optimal şərait yaradır.

Sonra Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin Sahibkarlığın inkişafı şöbəsinin müdiri Xudakərim Məmmədov, “Naxçıvan” Universitetinin İqtisadiyyat Fakültəsinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru Əli Cabbarov çıxış etmişdir. Qeyd olunmuşdur ki, turizmin iqtisadi təsiri sadəcə müəyyən bir çərçivə ilə məhdudlaşmır. Turizmin inkişafı iqtisadiyyatın çox çeşidli mal və məhsul istehsal edən sektor və alt sektorlarının fəaliyyətini canlandırırvə bütövlükdə ölkə iqtisadiyyatının inkişafına böyük təkan verir. Əraziyə gələn turistlərin sayının artması yeni yerləşmə, qidalanma, ticarət, əyləncə, müalicə obyektləri kimi xidmət sahələrinə sərmayə qoyuluşunun artmasına səbəb olur və yeni xidmət sahələrinin formalaşması zərurətini yaradır.

Konfransda muxtar respublikamızda turizmin inkişafı istiqamətində görülən ardıcıl işlərin gələcəkdə qədim diyarımızın bir turizm məkanı kimi şöhrətini daha da artıracağına əminlik ifadə olunmuşdur.

Sonda Naxçıvan Muxtar Respublikasının turizm potensialını əks etdirən videoçarx nümayiş etdirilmişdir.

01070370
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
14
113
4453
10573
1070370

Tarix: 24-11-2024
Biz, sosial şəbəkələrdə: