"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

2019-cu ilin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələr müzakirə edilmişdir

9 yanvar 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində “2019-cu ilin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələr” mövzusunda iclas keçirilmişdir. İclası giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov açaraq 2019-cu il ərzində görülmüş işlər və keçirilən tədbirlər haqqında ətraflı məlumat vermişdir.

Qeyd olunmuşdur ki, 23 sentyabr 2019-cu il tarixdən etibarən Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin, “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzinin və Departamentin nəzdində fəaliyyət göstərən Milli Dəyərlər Muzeyinin tarixi binada fəaliyyəti təmin edilmişdir.

Hesabat dövrü ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın icrası diqqət mərkəzində saxlanılmışdır. Belə ki, sənətkarlıq nümunələrinin təşviqi məqsədilə Naxçıvan Biznes Mərkəzində muxtar respublikada fəaliyyət göstərən sənətkarlarla görüş keçirilmişdir. Bununla yanaşı, 21 noyabr 2019-cu il tarixdə turistlərə xidmət edən nəqliyyat vasitələrində xidmətin keyfiyyətinin yüksəldilməsi üçün taksi fəaliyyəti ilə məşğul olan sürücülərlə “Turizmin inkişafında taksi fəaliyyətinin rolu” mövzusunda seminar keçirilmiş, tədbirin sonunda turistlərə xidmət zamanı istifadə üçün Naxçıvan Muxtar Respublikasının turizm potensialını və müxtəlif istiqamətli turist marşrutlarını əks etdirən bukletlər sürücülərə paylanmışdır. İctimai-iaşə obyektlərində xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə 2019-cu ilin dekabr ayından etibarən Turizm Departamenti tərəfindən hazırlanmış “Peşəkar ofisiant” layihəsi üçün sənəd qəbuluna start verilmişdir.

Vurğulanmışdır ki, hesabat dövründə Departamentin əməkdaşları tərəfindən Şahbuz rayonunun Ağbulaq və Kükü kəndlərində turist qəbul edə biləcək və gələcəkdə hostel kimi istifadə edilə biləcək evləri müəyyənləşdirmək məqsədilə fərdi yaşayış evlərinə baxış keçirilmiş, Ağbulaq kəndində 3, Kükü kəndində isə 5 evin turistlərin istifadəsinə yararlı olduğu müəyyənləşdirilmiş, Departamentin təşkilatçılığı ilə həmin hostellərin təqdimatı keçirilmiş, qanunvericiliyə uyğun olaraq sertifikatlar və VÖEN-lər hazırlanmış, müvafiq evlərin sahiblərinə təqdim olunmuşdur. Naxçıvan Turizm İnformasiya Mərkəzinin rəsmi internet səhifəsində xüsusi bölmə yaradılaraq həmin evlər haqqında ümumi məlumat və fotoşəkillər bu bölmədə yerləşdirilmişdir. Həmçinin, rayonun Biçənək kəndində kənd turizminin inkişaf etdirilməsi məqsədilə kənd sakinləri ilə maarifləndirici görüş keçirilmişdir.

Qeyd olunmuşdur ki, Ötən dövr ərzində kadr hazırlığı da diqqətdə saxlanılmış, bu istiqamətdə bir sıra işlər görülmüşdür. Naxçıvan Muxtar Respublikası  Ali  Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli Sərəncamına uyğun olaraq Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin “Turizm və otelçilik” ixtisasları üzrə tələbələrinin iştirakı ilə müxtəlif formatlı tədbirlər keçirilmiş, mehmanxanalarda, turoperatorlarda həmçinin Naxçıvan Turizm İnformasiya Mərkəzində istehsalat təcrübələri keçirilmiş, muzey və tarixi abidələrə ekskursiyaları təşkil olunmuşdur. Sərəncama əsasən “İdeyadan başlanğıca” devizi altında layihələrin, startapların qəbul edilməsi məqsədi ilə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində ekspert qrupu yaradılmışdır. Bununla yanaşı, muxtar respublikanın turizm potensialının təbliğində, keçirilən tədbir və festivallarda tələbələrin fəal iştirakını təmin etmək, onları turizm sektoru üçün peşəkar kadr kimi formalaşdırmaq məqsədilə 2019-cu ilin sentyabr ayından etibarən Departament tərəfindən “Turizm könüllüsü” layihəsinə start verilmişdir

İl ərzində əlamətdar və tarixi günlərlə bağlı tədbirlərin keçirilməsi də diqqət mərkəzində saxlanılmış, Ümumdünya Turizm Günü və Dövlət Müstəqilliyi Günü ilə bağlı tədbirlər təşkil edilmişdir. Hesabat dövründə muxtar respublikanın turizm potensialının tanıdılması məqsədilə ölkədə və ölkədən kənarda keçirilən beynəlxalq  konfrans və sərgilərdə iştirak edilmiş, müvafiq təbliğat materialları nümayiş etdirilmişdir.

“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Kətə”, “Göycə”, “Arıçılıq məhsulları-bal” və “Ailə təsərrüfatı məhsulları” festivallarında Departament tərəfindən yerli və xarici turistlərin iştirakı təşkil olunmuş və onlara əməkdaşlar tərəfindən bələdçilik edilmişdir. Festivalda muxtar respublikanın turizm potensialının təbliğində və turların təşkilində “Turizm könüllüsü” layihəsinin iştirakçılarının da fəal iştirakı təmin edilmişdir.

Bəhs olunan dövrdə reklam-informasiya materiallarının hazırlanması davam etdirilmiş, Departament tərəfindən Duzdağ Fizioterapiya Mərkəzinin və Darıdağ  Arsenli  Su  Müalicəxanasının bukletləri, Naxçıvan şəhərinin turist xəritəsi və Naxçıvan Muxtar Respublikasının Dini Turizm Xəritəsi  hazırlanmışdır. Bununla yanaşı, “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində muxtar respublikaya gələn şagirdlərin və “Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalı iştirakçılarının muxtar respublikanın turizm məkanları ilə tanışlığı zamanı Departamentin əməkdaşları tərəfindən geniş məlumat verilmiş, tur çərçivəsində bələdçilik edilmişdir.

Əkbər Novruz muxtar respublikamızda milli dəyərlərin qorunması, təbliği və gələcək nəsillərə çatdırılması məqsədilə Departamentin nəzdində fəaliyyət göstərən Milli Dəyərlər Muzeyinin fəaliyyəti haqqında məlumat verərək bildirmişdir ki, 3 ekspozisiya zalından ibarət olan muzeydə xalqımızın qədim dövrlərdən istifadə etdiyi milli geyimlər, mətbəx və məişət əşyaları, sənətkarlıq nümunələri, həmçinin milli dəyərlərlə bağlı kitab və videomateriallardan ibarət 300-ə yaxın eksponat qorunub saxlanılır və  nümayiş olunur. Hazırda muzey fondunun yeni eksponatlarla zənginləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Görülmüş işlərin və yaradılmış müasir infrastrukturun müsbət nəticələrindən bəhs edən Əkbər Novruzov muxtar respublikamıza gələn turistlərin sayının ilbəil artdığını xüsusi qeyd edərək bildirmişdir ki, 2019-cu il ərzində Naxçıvan Muxtar Respublikasına ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən ümumilikdə 415932 nəfər turist gəlmişdir və bu göstərici 2018-ci ilə dair müvafiq göstəricidən 0,3% və ya 1244 nəfər çoxdur.

Sonra Departamentin Maliyyə-təsərrüfat və ümumi işlər sektorunun müdiri Arzuman İmanov çıxış edərək il ərzində görülmüş işlər barədə ətraflı məlumat vermiş, mühasibat uçotunun aparılmasının təşkili və tənzimlənməsi, kargüzarlıq, sənəd dövriyyəsi, arxiv, vətəndaşların qəbulu və müraciətlərinə baxılması, habelə dövlət qulluğu və əmək qanunvericiliyi üzrə işlərin mövcud tələblər əsasında qurulmasının bundan sonra da diqqət mərkəzində saxlanacağını qeyd etmişdir.

“Naxçıvan mətbəxi” Kulinariya Mərkəzinin direktoru Sitarə Rüstəmova öz çıxışında Mərkəzin fəaliyyəti haqqında ümumi məlumat verərək bildirmişdir ki, Mərkəzin əməkdaşları tərəfindən il ərzində “Naxçıvanın milli mətbəxi” mövzusunda Naxçıvan Dövlət Universiteti və Naxçıvan Qızlar Liseyində vaxtaşırı olaraq seminar və praktik məşğələlər keçirilmişdir və bu tədbirlər davamlı xarakter daşıyır. Naxçıvan mətbəxinin unudulmaqda olan qədim nümunələrinin tədqiqi və onların hazırlanma texnologiyalarının öyrənilməsi, milli mətbəxlə bağlı adət-ənənələrin və folklor nümunələrinin, Naxçıvan mətbəxinə xas olan yemək reseptlərinin toplanması, internet resursları vasitəsilə təbliğ edilməsi diqqət mərkəzində saxlanılır və bu istiqamətində sistemli iş aparılır. Qeyd olunmuşdur ki, hazırlanmaqda olan www.nakhchivancuisine.az internet saytında Naxçıvan mətbəxinə məxsus müxtəlif nümunələr haqqında məlumat və fotoşəkillərlə yanaşı, Mərkəzin fəaliyyəti və milli mətbəximizin öyrənilməsi istiqamətində görülən işlər haqqında informasiya xarakterli digər məlumatların yerləşdirilməsi də nəzərdə tutulmuşdur.

Tədbirdə Naxçıvan Turizm İnformasiya Mərkəzinin direktor əvəzi Pəri İbrahimova çıxış edərək Mərkəz tərəfindən il ərzində Naxçıvan Muxtar Respublikasında turizmin inkişafı və təbliği istiqamətində görülmüş işlər haqqında geniş məlumat vermişdir. Qeyd olunmuşdur ki, il ərzində mərkəzdə təbliğat sahəsində fəaliyyət gücləndirilmiş, Azərbaycanın digər bölgələrində yerləşən turizm informasiya mərkəzlərinə və turizm şirkətlərinə, həmçinin xarici ölkələrə muxtar respublikanın turizm imkanları ilə bağlı materialların göndərilməsi də diqqət mərkəzində saxlanılmışdır. Mərkəzə müraciət edən Türkiyə, İran İslam Respublikası, Rusiya, Sloveniya, Finlandiya, ABŞ, İngiltərə, İrlandiya, İspaniya, İtaliya, Kanada, Koreya, Meksika, Misir, Danimarka, Hollandiya, Çin, Avstriya, Almaniya, Çexiya, Hindistan, Polşa, Portuqaliya, Koreya və Yaponiyadan olan yüzlərlə xarici ölkə vətəndaşının maraqlarının öyrənilməsi diqqət mərkəzində saxlanılmış, Mərkəzin “Facebook” sosial şəbəkəsindəki səhifəsinə, elektron poçt ünvanına və telefon vasitəsilə daxil olan müraciətlər məzmununa uyğun olaraq cavablandırılmışdır. Mərkəzin sosial şəbəkələrdəki qrup və səhifələrinə muxtar respublikanın tanıdılması məqsədilə mütəmadi olaraq məlumatlar daxil edilmiş, Departament tərəfindən hazırlanan bukletlər, turist marşrutları və xəritələr Mərkəzə gələn turistlərə təqdim edilmişdir.

Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov iclasa yekun vuraraq qarşıya qoyulmuş vəzifələrin icrası ilə bağlı 2020-ci ildə də kollektivin səylə çalışmasının vacibliyini vurğulamışdır.

01070372
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
16
113
4455
10575
1070372

Tarix: 24-11-2024
Biz, sosial şəbəkələrdə: