14 yanvar 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində “Peşəkar ofisiant” startap layihəsinin təqdimatı keçirilmişdir. Tədbiri giriş sözü ilə Departamentin direktoru Əkbər Novruzov açaraq bildirilmişdir ki, “Peşəkar ofisiant” startap layihəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamına əsasən təsdiq edilmiş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq hazırlanmışdır. Layihədə iştirakla əlaqədar elan verilmiş, bir ay müddətində sənəd qəbulu aparılmış və müraciət etmiş 38 nəfər təlimdə iştirak hüququ qazanmışdır.
Qeyd olunmuşdur ki, təbii-coğrafi baxımdan əlverişli mövqedə yerləşən Naxçıvan Muxtar Respublikasında turizmin inkişafı üçün geniş imkanlar vardır. Muxtar respublikamızın rəngarəng landşaftı, fauna və florası, mineral bulaqları, müalicə mərkəzləri, qədim tarixi, mədəniyyət və təbiət abidələri, mövcud sabitlik, ekoloji cəhətdən təmiz qida məhsulları və müasir infrastruktura malik olan yaşayış məntəqələri burada turizmin bir çox növünün inkişafına zəmin yaradır. 200-dən çox mineral su bulağı, 400-ə qədər böyük və kiçik çayı olan Naxçıvan Muxtar Respublikasında Azərbaycanın nadir fauna və florası məskunlaşmışdır. Ərazidə olan flora və faunanın nadir növləri Naxçıvan Muxtar Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş və xüsusi mühafizəyə alınmışdır. Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı, Şahbuz Dövlət Təbiət Qoruğu, Arazboyu, Ordubad və Arpaçay Dövlət təbiət yasaqlıqları hesabına xüsusi mühafizə olunan təbiət əraziləri muxtar respublika ərazisinin 28 faizini təşkil edir. Muxtar respublikanın zəngin təbiəti və onun qorunması sahəsində həyata keçirilən tədbirlər turizmin bir çox növünün inkişafına şərait yaratmışdır.
Qədim diyarımızda aparılan abadlıq və quruculuq işlərinin, reallaşdırılmış infrastruktur layihələrinin müsbət nəticələrindən geniş şəkildə bəhs edən Əkbər Novruzov qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikasında bütün sahələr kimi turizm sektoru da sürətlə inkişaf etməkdədir. Muxtar diyarımız artıq turistlər üçün maraq doğuran bir məkana çevrilir. 2016-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisində turizmin inkişafı ilə bağlı müşavirənin keçirilməsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi turizmin inkişafında yeni mərhələnin əsasını qoymuşdur. Aparılan sosial-iqtisadi islahatlar turizm sahəsinin inkişaf etməsinə, eləcə də bu sahədə güclü infrastrukturun yaradılmasına gətirib çıxarmışdır. Muxtar respublikaya gələn yerli və xarici turistlərin sayının ilbəil artması bu sahədə görülən işlərin məntiqi nəticəsidir.
Turizm məhsulunun formalaşmasında turistlərin daşınması və yerləşdirilməsi ilə bağlı xidmətlərlə yanaşı, turistlərin qidalanması üzrə xidmətlər kompleksinin də mühüm əhəmiyyət daşıdığını bildirən Əkbər Novruzov bu baxımdan ictimai iaşə müəssisələrinin turizm sənayesinin ayrılmaz hissəsinə çevrildiyini xüsusi qeyd etmiş, ofisiantların turistlərlə daha çox ünsiyyətdə olduğu nəzərə alınaraq bu peşə ilə məşğul olanların müəssisə üçün əhəmiyyətli olduğunu, bu mənada ofisiantın səliqəli zahiri görkəmə malik olmasının, təmizliyə, etik davranış qaydalarına ciddi əməl etməsinin, peşəkar xidmət qaydalarını dərindən mənimsəməsinin zəruriliyini vurğulamışdır. Bildirilmişdir ki, muxtar respublikaya gələn turistlərin sayının ilbəil artması turist məmnunluğunun əhəmiyyətini daha da artırır. Turist məmnunluğu ictimai iaşə obyektlərində və hotellərdə xidmətin keyfiyyətindən, xidmətin keyfiyyəti isə personalın hazırlıq səviyyəsindən birbaşa asılıdır. Vurğulanmışdır ki, təqdimatı keçirilən “Peşəkar ofisiant” startap layihəsi ictimai iaşə obyektlərində və hotellərdə personalın hazırlıq səviyyəsinə əhəmiyyətli dərəcədə müsbət təsir edəcəkdir. Lahiyə çərçivəsində ofisiantlara təlimlər keçiriləcək, təlimlər zamanı həm nəzəri biliklərin artırılmasına, həm də praktiki bacarıqların inkişafına xüsusi diqqət yetiriləcəkdir. Təlimlərin sonunda keçiriləcək imtahanlarda müvəffəqiyyət qazanmış ofisiantlar isə Departament tərəfindən müvafiq Sertifikatla mükafatlandırılacaqlar. Bu isə ofisiantların işlə təmin olunmasını xeyli asanlaşdıracaqdır.
Təqdimatda çıxış edən “Nəqşicahan Holdinq Şirkətlər Qrupu” MMC-nin iqtisadi məsələlər üzrə direktor müavini Rifat Mahmudov ictimai iaşə obyektlərində xidmətin təşkili ilə bağlı ümumi məlumat vermiş, Naxçıvan Muxtar Respublikasında turizm sektorunun sürətli inkişafı fonunda xidmət personalının peşə hazırlığının artırılmasına hesablanmış bu cür tədbirlərin xidmət keyfiyyətinin yüksəlməsinə müsbət təsir göstərəcəyini bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Statistika və sertifikatlaşdırma sektorunun müdiri Həsən Kərimov “Peşəkar ofisiant” təliminin qrafiki haqqında ümumi məlumat verərək bildirmişdir ki, təlim çərçivəsində iştirakçılara “Ofisiant peşəsinə olan tələblər, vəzifə səlahiyyətləri”, “Qonaqların qarşılanması və keyfiyyətli xidmətin əsas qaydaları”, “Banket nümunələri və xidmətin formaları”, “Menyuda yeməklərin ardıcıl düzülüşü”, “Gündəlik hazırlıq, stolun bəzədilməsi və kulinar məhsulların masaya verilməsi qaydaları”, “Masada istifadə olunan ləvazimatlar”, “Qabların çeşidləri” kimi mövzularda ətraflı məlumatlar veriləcək, öyrənilmiş nəzəri biliklərin daha dərindən mənimsənilməsi üçünpraktik məşğələlər təşkil olunacaq.
Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov təqdimata yekun vuraraq təlim iştirakçılarına uğurlar arzulamışdır.
Sonra təlimin qrafikinə əsasən “Ofisiant peşəsinə olan tələblər, vəzifə səlahiyyətləri” mövzusunda ilk təlim keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Statistika və sertifikatlaşdırma sektorunun müdiri Həsən Kərimov mövzu haqqında ümumi məlumat vermiş və müvafiq slayd nümayiş etdirilmişdir. Qeyd olunmuşdur ki, müasir dövrdə ictimai-iaşə obyektlərinin populyarlığı, təkcə interyer, avadanlıq və təqdim olunan keyfiyyətli yeməklərlə ölçülmür, bu işdə xidmət personalının peşəkarlığıda xüsusi rol oynayır. Ofisiantların iş prosesində davranış qaydalarına riayət etmələri, müştərilərə qarşı diqqətli olmaları və yüksək peşəkarlıq nümayiş etdirmələri müəssisənin rəqabətə davamlılığını yüksəldir və müştərilərin sayının artmasına müsbət təsir edir.
Təlim zamanı mövzu ilə bağlı digər məsələlər barədə ətraflı məlumat verilmiş, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.