17 yanvar 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində “Peşəkar ofisiant” startap layihəsi çərçivəsində tərtib olunmuş qrafikə əsasən “Qonaqların qarşılanması və yola salınması” mövzusunda növbəti təlim keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Statistika və sertifikatlaşdırma sektorunun müdiri Həsən Kərimov təlimin mövzusu haqqında ətraflı məlumat verərək bildirmişdir ki, ictimai-iaşə obyektlərində qonaqların qarşılanması və yola salınması sahəsində qazanılmış müsbət təcrübənin tətbiqi müəssisənin kəmiyyət və keyfiyyət göstəricilərinə müsbət təsir göstərir. İstehlakçılar keyfiyyətli xidmətə həssaslıqla yanaşırlar və qonaqlarla birbaşa ünsiyyətdə olan ofisiantlar bu məsələdə xüsusilə diqqətli olmalıdırlar. Ciddi, səliqəli, təmkinli və bacarıqlı ofisianta müştərilər həmişə inam, etibar və rəğbətlə yanaşır, bu da öz növbəsində həmin müəssisəyə populyarlıq qazandırır.
Qeyd olunmuşdur ki, istehlakçıların inam və rəğbətini qazanmaq xidmət personalının əsas vəzifələrindəndir. Bu mənada, restoran və bar işçilərinin, bilavasitə metrdotel, ofisiant və barmenlərin peşəkarlıq keyfiyyətlərindən, işə məsuliyyətlə yanaşmasından çox şey asılıdır. Personalın peşəkar hazırlığı, qonaqların arzu və istəklərinə qarşı diqqətli münasibət göstərməsi, xidmət zamanı səliqəli və dürüst davranması keyfiyyətli xidmətin formalaşmasında mühüm rol oynayan faktorlardır.
Vurğulanmışdır ki, müştəri restorana daxil olarkən ona masa seçimində köməklik göstərilməsi çox vacibdir. Qonaqları masa arxasına əyləşdirib yerbəyer etmək restoranın işci heyətindən yüksək diqqət tələb edir. Bu, birbaşa metrdotel və baş ofisiantların vəzifə funksiyasına aid olsa da bütün xidmət heyəti bu işdə fəal olmalıdır. Qonaqların cəmiyyətdə mənsub olduqları təbəqə, sosial-ictimai mövqe və məxsusi arzuları nəzərə alınmalı, ofisiantlar qonaqların öz yerlərini tutmasına, yaşlı müştərilərin, kovalyersiz tək qadınların stul və ya kresloya rahat əyləşmələrinə köməklik göstərməlidirlər.
Təlim zamanı müştəridə ilk təəssüratın formalaşdırılması, menyu ilə tanış edilməsi, yemək və içki seçimi zamanı ofisiantla müştəri arasında dialoqun qurulması, sifariş qəbulu zamanı ofisiantın davranışı, masa arxasında qonaqlara xidmət ardıcıllığı və xidmət zamanı diqqət yetirilməli olan digər məsələlər haqqında ətraflı məlumat verilmiş, müvafiq slayd nümayiş etdirilmişdir.