"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

İran və Azərbaycan üzrə İkinci İxtisaslaşmış Turizm Simpoziumu keçirilib

Fevralın 15-də İran İslam Respublikasının paytaxtı Tehran şəhərində İran və Azərbaycan üzrə İkinci İxtisaslaşmış Turizm Simpoziumu keçirilib.

Azərbaycanın İrandakı səfirliyi ilə “Aysan Pərvaz” şirkətinin təşkil etdiyi simpoziumda İranda fəaliyyət göstərən turizm şirkətlərinin rəhbərləri, İqtisadi Əməkdaşlıq Təşkilatının əməkdaşları və media nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə və Azərbaycanın Respublikasının İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bünyad Hüseynov çıxış edərək simpoziumun əhəmiyyətindən, hər iki ölkə arasında turizmin inkişafı sahəsində görülən işlərdən danışmışlar.

Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov çıxış edərək Naxçıvan Muxtar Respublikasının turizm potensialı haqqında simpozium iştirakçılarına geniş məlumat verib. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasının rəngarəng landşaftı, zəngin fauna və florası, mineral bulaqları, müalicə mərkəzləri, qədim tarixi, mədəniyyət və təbiət abidələri, ekoloji cəhətdən təmiz qida məhsulları və müasir infrastruktura malik yaşayış məntəqələri burada turizmin bir çox növünün inkişafına şərait yaradır. 200-dən çox mineral bulağı, 400-ə qədər böyük və kiçik çayı olan Naxçıvan Muxtar Respublikasında Azərbaycanın nadir fauna və florası məskunlaşıb. Ərazidə olan flora və faunanın nadir növləri Naxçıvan Muxtar Respublikasının “Qırmızı Kitabı”na daxil edilib və xüsusi mühafizəyə alınıb. Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı, Şahbuz Dövlət Təbiət Qoruğu, Arazboyu, Ordubad və Arpa­çay Dövlət Təbiət Yasaqlıqları hesabına xüsusi mühafizə olunan təbiət əraziləri muxtar respublika ərazisinin 28 faizini təşkil edir.

Muxtar respublikada turizmin inkişafına göstərilən hərtərəfli qayğıdan bəhs edən Əkbər Novruzov son illər qədim diyarın tarixi-mədəni irsinin tanıdılması, müalicə mərkəzlərinin yenidən qurulması, həyata keçirilən abadlıq-quruculuq işlərinin turizmin inkişafına təkan verdiyini, muxtar respublikaya gələn turistlərin sayının ilbəil artdığını bildirib. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında 2 sərhəd-buraxılış məntəqəsi mövcuddur. İran vətəndaşları muxtar respublikada 15 gün müddətində viza almadan qala bilərlər.

Simpoziumda İranın “Aysan Pərvaz” turizm şirkətinin direktoru Möhsün Dəsmalçi, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının sədri Rüfət Hacıyev, İran Turizm Agentlikləri Assosiasiyasının sədri Hörmətullah Rəfii və başqaları çıxış edərək turizm əlaqələrinin inkişaf perspektivlərindən ətraflı bəhs ediblər.

Çıxışlardan sonra iki ölkə arasında turizm əlaqələrinin inkişafında xidməti olanlara mükafatlar verilib. Həmçinin Naxçıvan Muxtar Respublikasının yerli istehsal məhsullarından ibarət hədiyyə paketləri və Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən hazırlanmış reklam-informasiya materialları simpozium iştirakçılarına təqdim edilib.

Sonra Azərbaycan Turizm Agentlikləri Assosiasiyası ilə İranın Turizm Agentlikləri Assosiasiyası arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Simpoziumda Azərbaycanın və onun Naxçıvan Muxtar Respublikasının turizm potensialını əks etdirən videoçarxların nümayişi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Simpozium rəsmi ziyafətlə başa çatıb.

Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti

01070367
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
11
113
4450
10570
1070367

Tarix: 24-11-2024
Biz, sosial şəbəkələrdə: