18 fevral 2020-ci il tarixdə Təbriz mehmanxanasında “Peşəkar ofisiant” layihəsi çərçivəsində yemək süfrəsi üzrə praktik məşğələ keçirilmişdir.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Statistika və sertifikatlaşdırma sektorunun müdiri Həsən Kərimov açaraq bildirmişdir ki, “Peşəkar ofisiant” startap layihəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamına əsasən təsdiq edilmiş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq hazırlanmışdır.
Qeyd olunmuşdur ki, turizm iqtisadiyyatın ən dinamik inkişaf edən sahələrindən biridir. ÜTT-nin məlumatına görə beynəlxalq turizm gəlirləri hər il 4% artmaqdadır. Ölkəmizdə turizm sürətli inkişaf mərhələsinə qədəm qoymuşdur. 2019-cu ildə Azərbaycana 3.2 milyon turist gəlmişdir ki, bu da ölkəmiz üçün rekord göstəricidir.
Vurğulanmışdır ki, təbii-coğrafi baxımdan əlverişli mövqedə yerləşən Naxçıvan Muxtar Respublikasında turizmin inkişafı üçün geniş imkanlar vardır. Muxtar respublikamızın rəngarəng landşaftı, fauna və florası, mineral bulaqları, müalicə mərkəzləri, qədim tarixi, mədəniyyət və təbiət abidələri, mövcud sabitlik, ekoloji cəhətdən təmiz qida məhsulları və müasir infrastruktura malik olan yaşayış məntəqələri burada turizmin bir çox növünün inkişafına zəmin yaradır. 200-dən çox mineral su bulağı, 400-ə qədər böyük və kiçik çayı olan Naxçıvan Muxtar Respublikasında Azərbaycanın nadir fauna və florası məskunlaşmışdır. Muxtar respublikanın zəngin təbiəti və onun qorunması sahəsində həyata keçirilən tədbirlər turizmin bir çox növünün inkişafına şərait yaratmışdır.
Muxtar respublika rəhbərliyinin diqqət və qayğısı ilə son illər qədim diyarın tarixi-mədəni irsinin tanıdılması, müalicə mərkəzlərinin yenidən qurulması, hotel şəbəkəsinin genişlənməsi, həyata keçirilən abadlıq-quruculuq işləri turizmin inkişafına təkan vermiş, muxtar respublikaya gələn turistlərin sayı ilbəil artmışdır. Təkcə 2019-cu ildə qədim diyarımıza Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən ümumilikdə 415932 nəfər turist gəlmişdir ki, bu da 2018-ci ilə aid müvafiq göstəricini 0.3% üstələyir. Bu gün muxtar respublikanın ən ucqar dağ kəndlərinə belə, rahat asfalt yollar salınmış, su xətləri çəkilmiş, müasir infrastruktur obyektləri tikilmiş, fasiləsiz təbii qaz, elektrik enerjisi, rabitə xidməti və sürətli internet istifadəyə verilmişdir.
Bütün bu işlərin Naxçıvan Muxtar Respublikasının geniş turizm potensialından ən səmərəli şəkildə istifadəyə hesablandığını vurğulayan H.Kərimov bildirmişdir ki, muxtar respublikaya gələn turistlərin sayının ilbəil artması turist məmnunluğunun əhəmiyyətini daha da artırır. Turist məmnunluğu ictimai iaşə obyektlərində və hotellərdə xidmətin keyfiyyətindən, xidmətin keyfiyyəti isə öz növbəsindəpersonalın hazırlıq səviyyəsindən birbaşa asılıdır.
Qeyd olunmuşdur ki, turizm məhsulunun formalaşmasında turistlərin qidalanması üzrə xidmətlər kompleksi mühüm yer tutur. Ofisiantların turistlərlə daha çox ünsiyyətdə olduğunu nəzərə alsaq, onların yüksək hazırlığa malik olması çox vacibdir. “Peşəkar ofisiant” startap layihəsi çərçivəsində iştirakçılara“Ofisiant peşəsinə olan tələblər, vəzifə səlahiyyətləri”, “Qonaqların qarşılanması və keyfiyyətli xidmətin əsas qaydaları”, “Banket nümunələri və xidmətin formaları”, “Menyuda yeməklərin ardıcıl düzülüşü”, “Gündəlik hazırlıq, stolun bəzədilməsi və kulinar məhsulların masaya verilməsi qaydaları”, “Masada istifadə olunan ləvazimatlar”, “Qabların çeşidləri” kimi mövzularda seminarlar keçirilmişdir. Keçirilənpraktik məşğələlər isəöyrənilmiş nəzəri biliklərin daha dərindən mənimsənilməsinə xidmət edir.
Tədbirdə çıxış edən “Təbriz Mehmanxanası” MMC-nin müdiri Mustafa Mustafayev ictimai iaşə obyektlərində xidmətin təşkili ilə bağlı ümumi məlumat vermiş, Naxçıvan Muxtar Respublikasında turizm sektorunun sürətli inkişafı fonunda xidmət personalının peşə hazırlığının artırılmasına hesablanmış bu cür tədbirlərin xidmət keyfiyyətinin yüksəlməsinə müsbət təsir göstərəcəyini bildirmişdir.
Sonra praktik məşğələ keçirilmişdir. Məşğələ zamanı gündəlik hazırlıq, stolun bəzədilməsi, qabların düzülüşü, xidmət ardıcıllığı, kulinar məhsulların masaya verilməsi qaydaları, həmçinin masada istifadə olunan əsas və yardımçı ləvazimatlar haqqında iştirakçılara ətraflı məlumat verilmiş, yemək süfrəsinin hazırlanması qaydaları əyani şəkildə nümayiş etdirilmişdir.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.