Daxili turizmə diqqətlərin artdığı hazırkı şəraitdə yerli səyahət həvəskarlarımız da muxtar respublikamızın müxtəlif turizm-rekreasiya məkanlarına ciddi maraq göstərirlər. Builki turizm mövsümündə naxçıvanlıların asudə vaxtının mənalı keçməsi üçün çimərlikdən müalicə mərkəzlərinə, uca dağ yaylalarından müasir parklara, bütün dünyada məşhur olan tarixi yerlərdən ucqar dağ kəndlərinədək, demək olar ki, hər yerdə insanlara zəngin təəssürat vəd edən istirahət, əyləncə və tanışlıq məkanlarına səyahətlər üçün yeni fürsətlər yarandı. Bu dövrdə muxtar respublikamızda fəaliyyət göstərən turoperator və həvəskar turistlərin alternativ istiqamətlərə olan marağı bir sıra yeni turizm marşrutlarının da populyarlığını ortaya qoyur. Naxçıvan-Kükü-Gurbulaq turizm marşrutu da bir sıra cazibədar xüsusiyyətlərinə görə belə turizm marşrutlarındandır.
Hər il turizm mövsümündə, xüsusən qızmar yay günlərində Şahbuz dağlarına istirahət üçün gələnlərin sayında artım olur. Rayonun kəndlərində turistlərin yerləşdirilməsi üçün hosteltipli evlərin yaradılması, kənd infrastrukturunun buna çox əlverişli olması və şübhəsiz, buradakı bənzərsiz landşaft gözəllikləri ilə təbii-iqlim ehtiyatları buna təsir edən əsas amillərdəndir. Şahbuzun iri yaşayış məntəqələrindən olan Kükü kəndinə üz tutan qonaqların da əsas motivləri məhz bunlardır.
Naxçıvan şəhərindən, təxminən, 50, rayon mərkəzi Şahbuz şəhərindən 12 kilometr məsafədəki Kükü kəndi dəniz səviyyəsindən 1900-2100 metr yüksəklikdə, Naxçıvançayın ən böyük qollarından biri olan Kükü çayının yatağında yerləşir. Bu kənd haqqında danışarkən bir çoxlarının nəzərində gursulu bumbuz bulaqlar, sərt qayalar, yaşıl çəmənlər və bir də bal kimi şirin, dadlı alma sortlarının yetişdiyi bağlar canlanır. Bununla yanaşı, qışın mülayim, yayın da sərin olduğu Kükünün iqlim resursları da insanları bu gözəl kəndə cəlb edən əsas faktorlardandır. Münbit qara torpaq örtüyü və kristal kimi şirin su ehtiyatları bu kəndin ərazisində təkcə almanın deyil, istənilən meyvə və tərəvəzin, hətta yabanı pencərlərin də minerallarla zəngin və özünəməxsus dad-tamlı olmasına imkan verir. Xüsusən yayın bu isti günlərində Küküdə bal-qaymaq dadıb, oğlaq ətindən kabab çəkən qonaqlar təbiətin bu torpaqdan heç nəyi əsirgəmədiyinə bir daha inanırlar.
Kükü kəndindəki turizm cazibə elementləri arasında Dərələyəz silsiləsinin Kükü dağı, Qanlıgöl və Keçəldağ, eləcə də Gurbulaq istiqamətləri daha çox diqqəti cəlb edir. Belə ki, Küküyə gəlmiş turistlər buradakı kənd evlərindən birində qalmaq üçün yerləşdikdən sonra üç gün ərzində Qabaqlı, Gurbulaq və Qanlıgöl istiqamətlərində turlara çıxa bilərlər. Bu turlarda, əsasən, ekoturizm və ekstrim yürüş növü üzrə zəngin məzmunlu proqram hazırlamaq olar. Qabaqlı istiqamətində sərt qayalıq relyef, unikal biomüxtəliflik və herbari toplama, landşaft və canlı təbiət üzrə fotoovçuluq üçün əlverişli imkanlar vardır. Coğrafi mövqeyinə görə bu istiqamətdə turlar yay aylarında günün ikinci yarısı daha məqsədəuyğundur. Belə ki, yürüşə çıxmış turistlər ekstrim və yürüş təcrübəsi qazana, Kükü kəndinin Zəngəzur dağlarınadək uzanan panoramik görüntüsünə tamaşa edə bilərlər.
Turizm marşrutunun əsas cazibə nöqtəsi olan Gurbulaq istiqamətində hərəkət edən turistlər üçün səhərin erkən saatlarında yola çıxmaq daha sərfəlidir. Kənddən, təxminən, 4 kilometr məsafədəki yolun bir hissəsini avtomobildən də istifadə edə bilən turistlər üçün Gurbulaq və ətrafının ecazkar mənzərələri, buradakı zəngin biomüxtəliflik, avqust ayının ortalarınadək təbii halda qalan qar, bumbuz bulaqlar, az qala dəqiqədə 1500 litrədək debiti olan Gurbulağın qaynayan mənbəyi və ondan bir az aşağıdakı möhtəşəm şəlaləsi, qırmızı rəngli qayalıqlardan süzülüb gələn Qırxbulağın görüntüsü çox cazibədardır. Gurbulaq və onun ətrafı turistlərə yay aylarında, xüsusən iyul və avqust aylarında üç fəsli bir arada yaşamağın zövqünü yaşadan unikal yerlərdəndir. Belə ki, avqust ayında buradakı dərələrin quzeyində qalmış qarın ağzında təzəcə boy atan yarpız, cacıq, baldırğan dadmaq olar. Nahar yeməyini və səyyar çadırlarını hazır götürmüş turistlər bütün gününü burada keçirib, Qaladibində gecələyə, buradakı qədim insan məskəni ilə tanış ola, vəhşi arıların balından toplamaq üçün unikal ekstrim təcrübəsi də qazana bilərlər.
Küküdən Qanlıgölədək, təxminən, 7 kilometr məsafə vardır. Bu yolun, demək olar ki, tamamını avtomobillərlə gedən turistlər istəyə görə piyada da hərəkət edə bilərlər. Günəşin mövqeyinə görə səhərin gec saatlarında Qanlıgölə doğru səfərə çıxmaq daha məqsədəuyğundur. Qanlıgölə gələn turistlər yolüstü, qarşı tərəfdəki Qabaqlı massivinə və 3120 metr yüksəklikdəki Kükü dağının tam panoramik görüntüsünə tamaşa edə bilərlər. Yolüstü turistlər bir zamanlar yurd yeri olmuş və dəniz səviyyəsindən 2500 metrədək hündürlükdə yerləşən qədim Zırnel kəndinə uzaqdan tamaşa edə, minerallarla zəngin bulaqlardan su içə bilərlər. Qanlıgölə çatmış turistlərə bildirilməlidir ki, bu göl tamamən qar və bulaq sularından qidalandığı üçün zamanla onun lillə dolması baş verməmişdir və gölün suyu tam şəffafdır. Yayın son günlərində suyun qıt vaxtlarında suvarma üçün də istifadə olunan bir milyon kubmetr tutumu olan bu gölün əsas bəndi, təxminən, 150 il əvvəl tikilmiş və haliyədə də qalmaqdadır. Güman ki, keçmişdə burada boğulma halları olduğu üçün gölün adı da buradan qalıb. Qanlıgöl və ətrafı Naxçıvanın qədim yurd yerlərindəndir. Burada elə “Yurd” adlandırılan böyük bir ərazidə bolsulu bir bulaqla yanaşı, qədim insan məskənlərinə xas olan maddi mədəniyyət nümunələri, müsəlman məzarlığı, döyüşçü qəbirləri və yaşayış yerlərinin izləri qalmaqdadır. Tarixi mənbələrə əsasən dəniz səviyyəsindən, təxminən, 3 min metr yüksəklikdəki bu ərazilər keçmişdə yaşayış məskəni olub, bəlkə də, döyüşlərə şahidlik edib.
Qanlıgölə gəlmiş turistlər burada keçirilən vaxt ərzində yaylağa köçmüş çobanların həyat və məişətilə tanış olmaq, onların mətbəxindən, xüsusən təndir kababı və ocaqda qaynadılmış limonlu kəklikotu çayından dadmaq, çadırlarda dincəlmək imkanı qazana bilərlər. Daha sonra şimal-şərqdə 3115 metr hündürlüyü olan Keçəldağ istiqamətində hərəkət edən turistlərə gursulu Pünhanbulağın və Südlübulağın ağappaq süd kimi suyundan içmək və uzaqdan Naxçıvanın turizm incisi Batabat meşələrinə quşbaxışı nəzər salmaq üçün Hörgülüyədək yürüş etmək mümkündür.
Naxçıvan-Kükü-Gurbulaq turizm marşrutu muxtar respublikamızın perspektivli turizm marşrutlarındandır. Bu marşrutun test olunması və gələcəkdə populyarlıq qazanması bu istiqamətdə turizmin daha da inkişaf etməsinə imkan yaradacaq.
Əli CABBAROV
"Şərq qapısı" qəzeti
28.08.2020