"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

“Koronavirus pandemiyası dövründə Naxçıvan Muxtar Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları” mövzusunda onlayn seminar keçirilmişdir

 

7 sentyabr 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 19 avqust 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Koronavirus pandemiyası dövründə Naxçıvan Muxtar Respublikasında mehmanxanalarının fəaliyyətinin təşkili Qaydaları”nın tətbiqi məqsədilə onlayn seminar keçirilmişdir. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli müəssisələrin, eləcə də digər turizm sektoru subyektlərinin iştirakı ilə keçirilən seminarda Departamentin Statistika və sertifikatlaşdırma sektorunun müdiri Həsən Kərimov çıxış edərək bildirmişdir ki, bu Qaydaların əsas məqsədi koronavirus pandemiyasının muxtar respublika ərazisində yayılması nəticəsində fəaliyyəti məhdudlaşdırılmış turizm sənayesi subyektlərinin fəaliyyətinin bərpası zamanı sanitariya və gigiyena qaydalarına əməl olunmasının təmin edilməsidir.

Qeyd olunmuşdur ki, koronavirus pandemiyasının insanlar arasında birbaşa hava-damcı yolu ilə və ya kontaminasiya olunmuş səthlərə təmasdan sonra əllərlə ağız boşluğuna, gözlərə, buruna və s. toxunduqda ötürülür. Bir çox hallarda yoluxmuş insanlarda xəstəliyin gedişatında yüngül simptomlar müşahidə edilir, lakin yaşlı və (və ya) yanaşı xəstəliyi olan yoluxmuş insanlarda kəskin ağırlaşmalar müşahidə olunur. Xəstəliyin profilaktik tədbirlərinə əl gigiyenası, fiziki (sosial) məsafənin saxlanılması, gözlərə, ağız boşluğuna, buruna toxunulmaması və tənəffüs gigiyenası aid edilir. İctimai yerlərdə ümumi istifadə edilən səthlərin mütəmadi təmizlənməsi və dezinfeksiya edilməsi xəstəliyə yoluxma riskini azaldır.

Seminar zamanı koronavirus pandemiyası dövründə mehmanxanaların fəaliyyətinə dair ümumi göstərişlər, operativ nəzarət və daxili tədbirlər planı, mehmanxana işçilərinə dair tələblər, təlim və maarifləndirmə işinin təşkili, şəxsi gigiyenaya dair tələblər, təmizlik və dezinfeksiya tədbirləri, tullantıların idarə edilməsi, texniki xidmətlər, xəstəlik daşıyıcıları ilə bağlı nəzarət tədbirləri və Qaydalarda öz əksini tapmış digər tələblər haqqında geniş məlumat verilmiş, müvafiq slayd nümayiş etdirilmişdir.

Vurğulanmışdır ki, mehmanxanalarda qapı tutacaqları, liftlərin idarəetmə paneli, işıq düymələri, POS terminal və ödəmə terminalları, telefon, dəsmal kartı, otağa giriş kartı və ya açarı, şezlonqlar, duş kranları, masaların üstü və digər əllə tez-tez təmas edilən səthlər, eyni zamanda kassa aparatı, kompüter klaviaturası, telefon və digər cihazların səthləri mütəmadi olaraq təmizlənib dezinfeksiya edilməlidir. Qonaq mehmanxanaya daxil olarkən, termal kamera sistemləri və ya təmassız termometr vasitəsilə onun hərarəti ölçülməli, bu zaman qonağın bədən hərarətinin 37.5°C və ya daha yüksək olduğu müəyyən edildikdə, həmin qonağın mehmanxanaya daxil olmasına yol verilməməlidir. Həmçinin, qonaqda mehmanxanada qaldığı müddətdə bədən hərarətinin 37.5°C və ya daha yüksək olduğu müəyyən olunduqda və ya hər hansı xəstəlik əlamətləri müşahidə edildikdə (yüksək hərarət, öskürək, nəfəs darlığı, dadbilmə və iybilmə hissinin itməsi, halsızlıq və s.), Qaydaların müddəalarına uyğun tədbirlər görülməlidir. Qəbul şöbəsinin işçiləri ilə qonaqlar arasında, habelə qonaqlar arasında minimum 2 metr fiziki (sosial) məsafə təmin olunmalı və bu məqsədlə qəbul masasında növbə yerləri döşəmə işarələri ilə ayrılmalıdır. Mehmanxanaya qəbul (“check-in”) zamanı qonaqlara mehmanxanada qaldıqları bütün müddət ərzində qapalı məkanlarda maska taxmaq və fiziki (sosial) məsafə tələblərinə riayət etməklə barədə xəbərdarlıq edilməlidir.

Bununla yanaşı, mehmanxananın sauna, hamam, SPA əraziləri aidiyyəti bölmələrdə xidmət göstərən işçi heyət tərəfindən təmizlənib dezinfeksiya edilməli, hər hansı xəstəlik əlamətləri müşahidə edilən şəxslərin əyləncə, idman, spa və hovuz ərazilərinə girişinə icazə verilməməlidir. Qapalı hovuzların ventilyasiya, hava mübadiləsi sistemi və nəmalma cihazının düzgün işləməsi yoxlanılmalı, hovuz və çimərliklərdə şezlonqlar və digər avadanlıqlar hər bir qonağa təqdim edilməzdən öncə dezinfeksiya edilməli, ictimai istifadədə olan duşlar, dəsmal götürmə masaları təmizlənməli və dezinfeksiya olunmalıdır.

Tullantılarla bağlı işlərə məsul işçi və ya qrup ayrılmalı, işçi heyət və qonaqlar üçün ümumi istifadədə olan ərazilərdə tullantı qutuları qoyulmalı, həmin qutuların üzərində onların yalnız maska, əlcək kimi qoruyucu vasitələr üçün nəzərdə tutulduğu qeyd edilməlidir. Qonaq otaqları və ümumi istifadədə olan ərazilər tullantılardan təmizləndikdə, birdəfəlik əlcəklərdən istifadə edilməli, işçi heyət tərəfindən tullantılar təmizlənib utilizasiya edildikdən sonra əlcəklərin çıxarılması və əl gigiyenası tələblərinə riayət olunması təmin edilməlidir.

Bildirilmişdir ki, bu Qaydaların tələblərinə riayət olunmasına ümumi nəzarət və koordinasiya Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən həyata keçirilir və bu Qaydaların tələblərinə riayət edən mehmanxanalar Naxçıvan Muxtar  Respublikasının Turizm Departamenti tərəfindən sanitariya və gigiyena sertifikatı ilə təmin ediləcəkdir.

Seminarın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

01070368
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
12
113
4451
10571
1070368

Tarix: 24-11-2024
Biz, sosial şəbəkələrdə: