"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Turizm yeni perspektivlər vəd edir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixli Sərəncamına əsasən hər il sentyabrın 27-si ölkəmizdə “Turizm İşçiləri Günü” peşə bayramı kimi qeyd olunur.

Turizm dünyanın bir çox ölkələrində ümumdaxili məhsulun formalaşmasında, yeni iş yerlərinin yaradılmasında və əhalinin məşğulluğunun təmin edilməsində, xarici ticarət balansının gücləndirilməsində iqtisadiyyatın əsas sahəsi kimi götürülür. Təbii-coğrafi baxımdan əlverişli mövqedə yerləşən və zəngin təbii resurslara malik olan Azərbaycanda da bu sahənin inkişafı diqqət mərkəzindədir.

Ölkəmizdə turizmin inkişafı xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər ötən əsrin 70-ci illərindən başlayaraq ölkə turizminin əsaslı inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirmişdir. Məhz bu illərdə Azərbaycanda turizm təşkilatları və ekskursiya bazalarının geniş şəbəkəsi yaradılmış, müasir mehmanxanalar, ictimai və əyləncə obyektləri inşa olunmuşdur. Ölkəmiz müstəqillik qazandıqdan sonra dövlət turizm siyasətinin tənzimlənməsi sahəsində mühüm hüquqi baza yaradılmış, 1999-cu ildə “Turizm haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur.

“Azərbaycanın turizm potensialı artıq ölkəmizin inkişafına, xalqımızın rifah halının yaxşılaşmasına xidmət göstərir. Azərbaycanda yaradılan imkanlar dünya səviyyəsindədir”, – deyən ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ümummilli liderimizin siyasi xətti uğurla davam etdirilir. Elə bunun nəticəsidir ki, son illərdə ölkəmizin turizm potensialının beynəlxalq aləmdə tanıdılması istiqamətində, habelə turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi sahəsində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Ölkə başçısının imzaladığı sərəncamlar, qəbul edilən Dövlət proqramlarının uğurlu icrası Azərbaycanı dünyada turizm ölkəsinə çevirmişdir. Azərbaycanın bütün bölgələrində yeni turizm obyektləri, yay-qış turizm kompleksləri, mehmanxanalar inşa olunmuş, mədəni- tarixi qoruqlar yaradılmışdır. 2011-ci ilin “Turizm ili” elan edilməsi isə respublikamızda bu sahənin inkişafına göstərilən diqqətin daha bir ifadəsi olmuşdur.

Ölkəmizin hər bir guşəsi kimi, onun qədim insan və mədəniyyət məskəni, təbii sərvətlər muzeyi olan, “Şərqin qapısı” adlandırılan Naxçıvan Muxtar Respublikası bu gün turistlərin ən çox sevdiyi məkanlardandır. Əlverişli coğrafi mövqeyi, müxtəlif iqlim qurşaqlarının mövcudluğu, zəngin mədəni irsi, təbii müalicə mərkəzləri, mineral suları, özünəməxsus mətbəxi, yüksək qonaqpərvərlik ənənələri və müasir tərəqqisi muxtar respublikada turizmin inkişafını şərtləndirən başlıca amillərdir. 200-dən çox mineral bulağı, 400-ə qədər böyük və kiçik çayı olan Naxçıvan Muxtar Respublikasında Azərbaycanın nadir fauna və florası məskunlaşmışdır. Muxtar respublikanın zəngin təbiəti və onun qorunması sahəsində həyata keçirilən tədbirlər turizmin bir çox növünün inkişafına şərait yaratmışdır. Ərazidə olan flora və faunanın nadir növləri Naxçıvan Muxtar Respublikasının “Qırmızı kitabı”na daxil edilmiş və xüsusi mühafizəyə alınmışdır. Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı, Şahbuz Dövlət Təbiət Qoruğu, Arazboyu, Ordubad və Arpaçay Dövlət Təbiət yasaqlıqları hesabına xüsusi mühafizə olunan təbiət əraziləri muxtar respublika ərazisinin 28 faizini təşkil edir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı ilə son illər qədim diyarın tarixi-mədəni irsinin tanıdılması, müalicə mərkəzlərinin yenidən qurulması, həyata keçirilən abadlıq-quruculuq işləri turizmin inkişafına təkan vermiş, muxtar respublikaya gələn turistlərin sayı ilbəil artmışdır. Bu gün muxtar respublikanın ən ucqar dağ kəndlərinə belə, rahat asfalt yollar salınmış, su xətləri çəkilmiş, müasir infrastruktur obyektləri tikilmiş, fasiləsiz təbii qaz, elektrik enerjisi, rabitə xidməti və sürətli internet istifadəyə verilmişdir. Qədim diyarın Biçənək, Kükü, Ağbulaq, Nursu, Keçili, Xanəgah, Dırnıs, Nəsirvaz, Bist, Tivi, Şahbulaq, Gümüşlü, Ərəfsə və başqa yaşayış məntəqələrində kənd yaşıl turizminin inkişafı üçün geniş imkanlar mövcuddur. Həmin kəndlərdə asudə vaxtını səmərəli keçirmək istəyən turistlərə həm də bütün zəruri xidmətlər təklif olunur. Həmçinin ailə təsərrüfatları tərəfindən hazırlanan ekoloji cəhətdən təmiz qida məhsulları və münasib qiymətlər turist məmnunluğunu səciyyələndirən amillərdəndir. Bu baxımdan muxtar respublikanın kənd yaşayış məntəqələrinə gələn turistlər həm də onlarla çeşiddə təmiz ekoloji məhsullarla tanış olmaq imkanı əldə edirlər. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması haqqında” Sərəncamı isə dayanıqlı turizm sektoru formalaşdırmaqla yanaşı, turistlərin bütün xidmətlərin kompleks şəkildə istehlakına zəmin yaratmışdır. Sərəncama əsasən yaradılmaqda olan Ağbulaq Xizək Mərkəzi Naxçıvanda yüksək turizm infrastrukturunun formalaşdırılması istiqamətində görülən işlərə mühüm töhfə verəcək, qış turizminə marağı daha da artıracaq, yeni turizm növlərinin formalaşmasına stimul verəcəkdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 9 oktyabr tarixli Sərəncamına əsasən yaradılmış Sahil Parkı qısa müddətdə şəhər sakinlərinin və qonaqların ən sevimli istirahət məkanlarından birinə çevrilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Müasir dünyada turizm sektoru iqtisadi cəhətdən ən gəlirli və perspektivli sahələrdən biridir. Zəngin mədəni-tarixi irsə və əlverişli şəraitə malik olan Naxçıvan Muxtar Respublikasında turizmin əksər növlərinin inkişafı üçün geniş imkanlar mövcuddur. Hazırda muxtar respublikada iqtisadi-sosial və ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür”.

Naxçıvan Muxtar Respublikasının tarix-mədəniyyət abidələri ilə zənginliyi turistləri bu diyara cəlb edən əsas amillərdəndir. Ali Məclis Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli Sərəncamına uyğun olaraq muxtar respublikada 1200-dən çox tarixi abidə pasportlaşdırılaraq qeydiyyata alınmış, 70-ə yaxın tarix və mədəniyyət abidəsi bərpa olunmuşdur. Son illər ərzində Möminə xatın türbəsi bərpa edilmiş, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksində yenidənqurma işləri aparılmış, Nuh Peyğəmbərin məzarüstü türbəsi, muxtar respublika ərazisindəki buzxanalar, Naxçıvan şəhərindəki İmamzadə Kompleksi, “Came” məscidi, Zaviyə mədrəsəsi, İsmayılxan hamamı, Naxçıvanqala, Xan sarayı, Şərur rayonunun Yengicə kəndindəki Şərq hamamı, Culfa rayonundakı Xanəgah Abidə Kompleksi, Əlincəqala, Gülüstan türbəsi, Qazançı körpüsü, Ordubad rayonundakı Aza körpüsü, Qeysəriyyə, Kəngərli rayonundakı Qarabağlar Türbə Kompleksi, Babək rayonundakı Nehrəm imamzadəsi və digər tarixi abidələr bərpa olunmuşdur. Cari ildə Yusif Küseyir oğlu türbəsinin, Naxçıvan şəhər buzxanasının və Şahtaxtı kəndindəki Şərq hamamının yenidənqurma və bərpadan sonra istifadəyə verilməsi bu istiqamətdə görülən işlərin davamlı xarakter daşıdığını göstərir. Hazırda Ordubad şəhərində yerləşən “Cümə” məscidinin və Ərəfsə kəndindəki qədim körpünün bərpası davam etdirilir.

Qədim diyarda müalicə turizminin inkişafına da xüsusi diqqət yetirilir. Dünyanın bənzərsiz təbii şəfa mənbəyi olan Duzdağ Fizioterapiya Mərkəzində tənəffüs yolları xəstəliklərindən əziyyət çəkən xəstələr üçün müasir şərait yaradılmışdır. Darıdağ Arsenli Su Müalicəxanası da müalicə turizmi sahəsində böyük imkanlara malikdir. Hazırda tikintisi davam edən Darıdağ arsenli su müalicə və istirahət kompleksi, həmçinin ərazidə “Darıdağ” Termal Hotelin tikintisi bu şəfalı suyun müalicəvi xüsusiyyətlərindən səmərəli şəkildə istifadəyə şərait yaradacaqdır.

Naxçıvanda dini turizmin inkişafı istiqamətində görülən işlər, dini-mədəni abidələrin bərpası və qorunması, təşkil olunan turizm marşrutları dini dəyərlərimizin dünyaya tanıdılmasında vasitə rolunu oynayır. Qədim inancları, möcüzəvi sirləri və əfsanələri özündə yaşadan “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi dünyanın dörd bir yanından gələn zəvvarların ziyarətgahına çevrilmişdir. Bütün bunlar onu göstərir ki, Naxçıvanda dini turizmin inkişafı üçün də real imkanlar mövcuddur.

2016-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisində turizmin inkişafı ilə bağlı müşavirənin keçirilməsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamına əsasən “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Pro­qramı”nın qəbul olunması bu sahənin inkişafında yeni mərhələnin əsasını qoymuşdur. Ali Məclis Sədrinin ­müvafiq sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin yaradılması isə bu sahədə dövlət idarəçiliyinin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. 2019-cu ilin 23 sentyabrından etibarən Turizm Departamenti tarixi binada – Naxçıvanskilərə məxsus malikanədə fəaliyyətini davam etdirir. Departamentin fəaliyyəti üçün müasir standartlara cavab verən maddi-texniki baza yaradılmış, departamentin nəzdində fəaliyyət göstərən Milli Dəyərlər Muzeyinin ekspozisiyası yeni maddi mədəniyyət nümunələri ilə zənginləşdirilmişdir.

Ölkənin zəngin və özünəməxsus mətbəxi turistləri cəlb edən əsas amillərdəndir. Bu baxımdan Naxçıvan mətbəxi hər zövqə uyğun dadlı təamları ilə seçilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 9 aprel tarixli Sərəncamına əsasən yaradılmış “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzi qədim mətbəx nümunələrimizin, eləcə də milli mətbəximizə aid adət-ənənə və folklor nümunələrinin toplanması, qorunması, sistemli şəkildə öyrənilməsi, inkişaf etdirilməsi və təbliği istiqamətində səmərəli fəaliyyətini davam etdirir. Mərkəzin nəzdində olan “Milli Yeməklər” ictimai iaşə Məhdud Məsuliyyətli Cəmiyyətində milli mətbəx nümunələrinin hazırlanma qaydalarına dair televiziya verilişləri və videoçarxlar hazırlanaraq internet resursları vasitəsilə təbliğ olunur. Son illərdə qədim diyarımızın turizm potensialından səmərəli istifadə olunması, mövcud tələblərə cavab verən turizm infrastrukturunun formalaşdırılması sahəsində mühüm uğurlar əldə olunmuş, yeni hotellər və istirahət mərkəzləri istifadəyə verilmiş, tarixi yaddaşı əks etdirən abidələr bərpa edilmiş, muxtar respublika ərazisində təhlükəsiz mühit formalaşdırılmışdır. Hazırda fəaliyyətdə olan 5 ulduz kateqoriyasına malik “Təbriz” və “Duzdağ” hotelləri, “Saat Meydanı” turistik istirahət mərkəzi, Ağbulaq İstirahət Mərkəzi və digər turizm obyektlərində yüksəkkeyfiyyətli xidmət təklif olunur. Sevindirici haldır ki, muxtar respublikamızda qonaq olan turistlərin bir qismi geri qayıtdıqdan sonra sosial şəbəkələrdə, müxtəlif internet saytlarında qədim diyarımızla bağlı xoş təəssüratlarını bölüşürlər. Təsadüfi deyil ki, Böyük Britaniyada nəşr olunan dünyanın ən məşhur səyahət jurnalı “Vanderlast” Naxçıvan şəhərini səyahət edilən 50 ən təhlükəsiz və gözəl şəhərlər sırasına daxil etmişdir. Naxçıvanın mübarizliyinin, əyilməzliyinin simvolu olan Əlincəqala Perudakı Machu Picchu qala şəhəri ilə müqayisə olunur. Bütün bunlar muxtar respublikamızda qısa müddətdə turizm sahəsində qazanılmış böyük uğurların göstəricisidir. Turizmin inkişafına göstərilən qayğı muxtar respublikamıza gələn turistlərin sayının ilbəil artmasına öz müsbət təsirini göstərir. Ötən il muxtar respublikamıza 415 min 932 turist gəlmişdir ki, bu da müstəqillik illərində muxtar respublikamızda qeydə alınan ən yüksək göstəricidir.

Turizm sahəsində kadr hazırlığı mühüm məsələlərdəndir. Hazırda Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərində Turizm və otelçilik ixtisası üzrə kadr hazırlığı aparılır, Ordubad Texniki Peşə və Sürücülük Məktəbində, eləcə də Naxçıvan Şəhər Peşə Liseyində Turizm agenti ixtisası üzrə peşə kursları fəaliyyət göstərir. Tədris ilində tələbələrlə görüşlər keçirilir, onların Naxçıvan Muxtar Respublikasında yerləşən muzeylərə, tarixi abidələrə, müalicə mərkəzlərinə və xüsusi qorunan təbiət ərazilərinə ekskursiyaları təşkil edilir, təcrübələr və maarifləndirici seminarlar keçirilir. Bununla yanaşı, qədim diyarımızın turizm potensialının öyrənilməsi və təbliğində, keçirilən tədbir və festivallarda tələbələrin fəal iştirakını təmin etmək, onları turizm sektoru üçün təcrübəli kadr kimi formalaşdırmaq məqsədilə Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən “Turizm könüllüsü” layihəsi həyata keçirilməkdədir.

Son illərdə muxtar respublikamızda ümumi turizm infrastrukturunun yaradılması, kənd, müalicə, ziyarət, tranzit və digər turizm növlərində əldə edilən nailiyyətlər, həyata keçirilən tədbirlər, yaradılan şərait qədim diyarın turizm potensialının inkişafı üçün bundan sonra da geniş üfüqlər açacaqdır.

Naxçıvan Muxtar Respublikası
Turizm Departamenti

01081203
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
5
253
1218
8125
1081203

Tarix: 27-12-2024
Biz, sosial şəbəkələrdə: