"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

“Turizm və otelçilik” ixtisası üzrə təhsil alan tələbələrin istehsalat təcrübəsi keçirilir

Naxçıvan Muxtar Respublikası  Ali  Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamına əsasən 10 noyabr 2020-ci il tarixdən etibarən Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin hamiliyinə verilmiş “Naxçıvan” Universitetinin “Turizm və otelçilik” ixtisası üzrə IV kurs tələbələrinin istehsalat təcrübəsinə start verilmişdir. Qrafikə uyğun olaraq 10 noyabr 2020-ci il tarixdən 13 noyabr 2020-ci il tarixədək tələbələr Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində olmuş və Departamentin fəaliyyəti ilə yaxından tanış olmuşlar.

Bildirilmişdir ki, muxtar respublikamızda bütün sahələr kimi turizmin inkişafı da daim diqqət mərkəzində saxlanılır. Bu sahəyə dövlət səviyyəsində göstərilən davamlı qayğının nəticəsidir ki, muxtar respublikamız ilin bütün fəsillərində öz gözəlliyini və cəlbediciliyini qoruyub saxlayır.

Məlumat verilmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 23 aprel tarixli Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti yaradılmışdır. Bu addım turizm sahəsi üçün mühüm töhfə olmaqla yanaşı, yeni inkişaf mərhələsinin də əsasını qoymuşdur. Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin və Milli Dəyərlər Muzeyinin yerləşdiyi tarixi binanın bərpa olunaraq istifadəyə verilməsi və müasir tələblərə cavab verən iş şəraitinin yaradılması Departamentin fəaliyyətinə göstərilən diqqət və qayğının əyani ifadəsidir.

Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti muxtar respublikada turizm sahəsində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Departament öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını və qanunlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti haqqında Əsasnaməni rəhbər tutur. Departament öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Naxçıvan Muxtar Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, muxtar respublikada qeydiyyatdan keçmiş qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

Bildirilmişdir ki, imzalanan sərəncamlar və qəbul edilən dövlət proqramları Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti qarşısında mühüm vəzifələr müəyyənləşdirmişdir. Departamentin kollektivi muxtar respublikanın turizm potensialı haqqında məlumatların toplanması, reklam-informasiya materiallarının hazırlanması, ölkə və beynəlxalq miqyaslı tədbirlərdə muxtar respublikamızın təmsil olunması və qarşıya qoyulmuş digər mühüm vəzifələrin icrası istiqamətində səylə çalışır.

Çıxışlarda həmçinin, turizm statistikasının və mehmanxanaların sertfikatlaşdırılmasının aparılma qaydaları, Naxçıvan Muxtar Respublikasının beynəlxalq səviyyədə turizm mərkəzinə çevrilməsi, buraya turistlərin cəlb edilməsi üzrə aparılmış təbliğat-təşviqat tədbirləri, həmçinin mühasibat uçotunun və hesabatının aparılması işlərinin təşkili və tənzimlənməsi, insan kapitalının formalaşdırılması, kargüzarlıq, sənəd dövriyyəsi, arxiv, vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində işlərin tənzimlənməsi, habelə dövlət qulluğu və əmək qanunvericiliyinin tətbiqinin həyata keçirilməsi haqqında tələbələrə geniş məlumat verilmiş, tələbələri maraqlandıran suallar cavablandırılmışdır.

Qeyd edək ki, 29 dekabr 2020-ci il tarixədək davam edəcək təcrübənin qrafikinə əsasən tələbələrin Naxçıvan şəhərində fəaliyyət göstərən mehmanxanalar, muzeylər və turizm şirkətlərində də istehsalat təcrübəsi keçmələri nəzərdə tutulmuşdur.

01081203
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
5
253
1218
8125
1081203

Tarix: 27-12-2024
Biz, sosial şəbəkələrdə: