"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

İstehsalat təcrübəsinin yekun konfransı keçirilmişdir

28 dekabr 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan IV kurs tələbələri üçün təşkil olunan istehsalat təcrübəsinin yekun konfransı keçirilmişdir. Konfransı giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov bildirmişdir ki, istehsalat təcrübəsi ixtisas üzrə təhsil alanların bilik, bacarıq və vərdişlərini möhkəmləndirən, təkmilləşdirən praktik fəaliyyət prosesidir. İstehsalat təcrübəsinin əsas məqsədi qazanılmış biliklərin təkrarlanması və təkmilləşdirilməsi, habelə onların istehsalatda tətbiq edilməsidir. Bu gün turizm sektorunda savadlı, peşəkar və hazırlıqlı mütəxəsislərin yetişməsinə muxtar respublika rəhbərliyi böyük diqqət və qayğı göstərir. Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərində “Turizm və otelçilik” ixtisası üzrə kadr hazırlığının həyata keçirilməsi bunun əyani ifadəsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli  “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamına əsasən Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin “Turizm və otelçilik” ixtisasları Naxçıvan  Muxtar Respublikası Turizm Departamentinə hamiliyə verilmişdir. Sərəncamın icrası ilə bağlı Turizm Departamenti tərəfindən adıçəkilən ixtisas üzrə təhsil alan tələbələrin iştirakı ilə mütəmadi olaraq müxtəlif formatlı tədbirlər keçirilir, tələbələrin tarix və mədəniyyət abidələrinə, muzeylərə ekskursiyaları təşkil olunur, tədris qrafikinə uyğun olaraq tələbələrin mehmanxana və mehmanxana tipli obyektlərdə, muzeylərdə, turizm şirkətlərində istehsalat təcrübəsi keçmələri təşkil edilir. Bütün bunlar tələbələrin peşə hazırlığının yüksəldilməsi və gələcəyin təcrübəli turizmçisi kimi formalaşmasına güclü stimul yaradır.

Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikasının rəngarəng landşaftı, fauna və florası, mineral bulaqları, müalicə mərkəzləri, qədim tarixi, mədəniyyət və təbiət abidələri, mövcud sabitlik, ekoloji cəhətdən təmiz qida məhsulları və müasir infrastruktura malik olan yaşayış məntəqələri burada turizmin bir çox növünün inkişafına zəmin yaradır. 200-dən çox mineral bulağı, 400-ə qədər böyük və kiçik çayı olan Naxçıvan Muxtar Respublikasında Azərbaycanın nadir fauna və florası məskunlaşmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə son illər qədim diyarın tarixi-mədəni irsinin tanıdılması, müalicə mərkəzlərinin yenidən qurulması, həyata keçirilən abadlıq-quruculuq işləri turizmin inkişafına təkan vermiş, muxtar respublikaya gələn turistlərin sayı ilbəil artmışdır. Bu gün muxtar respublikanın ən ucqar dağ kəndlərinə belə rahat asfalt yollar salınmış, su xətləri çəkilmiş, müasir infrastruktur obyektləri tikilmiş, fasiləsiz təbii qaz, elektrik enerjisi, rabitə xidməti və sürətli internet istifadəyə verilmişdir.

Hazırda fəaliyyətdə olan 5 ulduz kateqoriyasına malik Təbriz və Duzdağ hotelləri, “Saat meydanı” Turistik İstirahət Mərkəzi, Ağbulaq İstirahət Mərkəzi və adını çəkmədiyimiz onlarla digər turizm obyektlərində turistlərə yüksək keyfiyyətli xidmət təklif olunur. Dünyanın bənzərsiz təbii şəfa mənbəyi olan Duzdağ Fizioterapiya Mərkəzində tənəffüs yolları xəstəliklərindən əziyyət çəkən xəstələr üçün müasir şərait yaradılmış, cari ilin 20 noyabr tarixində Duzdağ Fizioterapiya Mərkəzinin inzibati binası istifadəyə verilmişdir. Sevindirici haldır ki, muxtar respublikamızda qonaq olan turistlər onlara göstərilən xidmətlərin təşkili və keyfiyyətindən razılıq edirlər. Təsadüfi deyil ki, Böyük Britaniyada nəşr olunan dünyanın ən məşhur səyahət jurnalı “Vanderlast” Naxçıvan şəhərini səyahət edilən 50 ən təhlükəsiz və gözəl şəhərlər sırasına daxil etmişdir. Naxçıvanın mübarizliyinin, əyilməzliyinin simvolu olan Əlincəqala Perudakı Machu Picchu qala şəhəri ilə müqayisə olunur. Bütün bunlar muxtar respublikamızda qısa müddət ərzində turizm sahəsində qazanılmış böyük uğurların göstəricisidir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamına əsasən “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın qəbul olunması turizmin inkişafında yeni mərhələnin əsasını qoymuşdur. Ali Məclis Sədrinin 2018-ci il 23 aprel tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin yaradılması və müasir iş şəraiti ilə təmin olunması bu sahədə dövlət idarəçiliyinin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

Sonra təcrübə rəhbərləri - Naxçıvan Dövlət Universitetinin müəllimi Həbib Zeynalov və “Naxçıvan” Universitetinin müəllimi Ülviyyə Əliyeva çıxış etmişlər. Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli  “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamı muxtar respublikada tələbələrin təcrübəli və hazırlıqlı kadr kimi formalaşmasında müstəsna əhəmiyyətə malikdir. Keçirilən istehsalat təcrübəsi tələbələrin tədris prosesində əldə etdikləri nəzəri bilikləri real iş prosesində tətbiq etməsinə imkan verir, onların peşə hazırlığının yüksəldilməsinə, praktik biliklərinin artırılmasına öz müsbət təsirini göstərir. Təcrübə rəhbərləri istehsalat təcrübəsinin yüksək səviyyədə keçirilməsi üçün yaradılan şəraitə görə minnətdarlıqlarını bildirmişlər.

Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Statistika və sertifikatlaşdırma sektorunun aparıcı məsləhətçisi Süleyman Rüstəmov çıxış edərək istehsal təcrübəsinin gedişi haqqında ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, 10 noyabr 2020-ci il tarixdən 28 dekabr 2020-ci il tarixədək Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində, Departamentin tabeliyində olan müəssisələrdə, eləcə də Naxçıvan şəhərində fəaliyyət göstərən muzeylərdə, mehmanxana və mehmanxana tipli obyektlərdə istehsalat təcrübəsi keçmələri təşkil olunmuşdur. Ümumilikdə 38 nəfər tələbənin iştirakı ilə keçirilən təcrübə müddətində tələbələr ölkəmizdə, o cümlədən muxtar respublikamızda həyata keçirilən dövlət turizm siyasətinin məqsədi və bu sahədə qazanılmış uğurlar haqqında biliklərə yiyələnmiş, turizm fəaliyyəti ilə məşğul olan obyektlərin çoxşaxəli fəaliyyəti ilə yaxından tanış olmuşlar.

Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin fəaliyyəti ilə tanışlıq zamanı tələbələr Departamentin müxtəlif sektorlarında işin təşkili, sənədlərlə iş, həmçinin elektron sənəd dövriyyəsi və kargüzürlığın aparılması qaydaları ilə yaxından tanış olmuşlar. Təcrübə müddətində tələbələrin muzeylərə və tarixi abidələrə ekskursiyalarının təşkili onların xalqımızın tarixi, mədəniyyəti, milli dəyərləri, görkəmli şəxsiyyətləri haqqında biliklərini dərinləşdirməsinə əlverişli şərait yaratmışdır. Tələbələrin eyni zamanda Naxçıvan şəhərində fəaliyyət göstərən “Saat Meydanı”, “Təbriz”, “Hotel Qrand Naxçıvan” və “Avtovağzal” mehmanxanalarında istehsalat təcrübəsi keçmələri təşkil edilmiş, tələbələr mehmanxanaların iş prinsipi, o cümlədən mühasibatlıq, qəbul-qeydiyyat, restoran, təmizlik, təhlükəsizlik və digər bölmələrinin fəaliyyəti ilə yaxından tanış olmuşlar.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılmışdır.

01081153
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
208
225
1168
8075
1081153

Tarix: 26-12-2024
Biz, sosial şəbəkələrdə: