"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Qış turizmi üçün əlverişli şəraitə malik olan Naxçıvan

Azərbaycanda qeyri-neft sektorunun inkişafına güclü təkan verən sahələrdən biri də turizm sektorudur. Son illər ölkəmizin uğurlu sosial-iqtisadi inkişafı, daxili sabitliyi respublikamıza turist axınını şərtləndirən əsas amillərdəndir. Azərbaycanın coğrafi baxımdan əlverişli məkanda yerləşməsi, flora və fauna növlərinin müxtəlifliyi, Xəzər dənizi, infrastruktur təminatının yaxşılaşdırılması ölkəmizin turizm imkanlarını daha da artırır. Regionlarımızda, o cümlədən Naxçıvan Muxtar Respublikasında da turizmin müxtəlif növlərini – biznes, istirahət, sağlamlıq, idman turizmlərini inkişaf etdirmək üçün hər cür şərait yaradılıb.

Son illər diyarımızda həyata keçirilən sosial-iqtisadi yönümlü layihələr, qəbul edilən Dövlət proqramları, imzalanan sərəncamlar turizmin daha da inkişafına səbəb olub. Muxtar respublikada çoxsaylı turizm şirkətlərinin fəaliyyəti, turizm marşrutlarının yaradılması, otellərin istifadəyə verilməsi, eləcə də peşəkar kadrların hazırlanmasına diqqətin artırılması çoxsaylı insanları bu məkana cəlb edir. Ümumilikdə, Naxçıvanda turizmin inkişafı ilə bağlı böyük addımlar atılıb. 

Qeyd olunmalıdır ki, turizm təsərrüfatının inkişaf etdirilməsinin vacib şərtlərindən biri iqlimdir. Qısamüddətli, eləcə də uzunmüddətli istirahəti seçən turistlər məhz hava şəraitinin daha əlverişli olduğu ərazilərə üstünlük verirlər. Son zamanlar aparılan araşdırmalar göstərir ki, skandinaviyalı turistlərin 90 faizə yaxını isti ölkələri, Qərb ölkələri turistlərinin 50 faizi isə yaşadıqları ölkə ilə səyahət edəcəkləri yerlərin iqlim uyğunluğunu seçirlər.

Naxçıvanın iqliminin formalaşmasına onun coğrafi mövqeyi və relyefi böyük təsir göstərir. Ərazinin iqliminin beş tipə ayrılması və şimal-qərb qurtaracağının mürəkkəb oroqrafik quruluşa malik olması burada iqlim şəraitinin müxtəlifliyinə səbəb olur. Aparılan tədqiqatlara görə yayı quraq keçən soyuq yarımsəhra və quru çöl iqlimi, dağlıq tundra iqlimi insanlarda komfortluq hissi yaradır ki, bu da turistlərin istirahətinə müsbət təsir edir.

Naxçıvan Muxtar Respublikasında yay turizmi ilə yanaşı, qış turizm bazasının yaradılması mövsümilik anlayışını aradan qaldırmaqla davamlı turizmə nail olmağa şərait yaradıb. Qış turizm növlərini inkişaf etdirmək üçün ərazidə davamlı qar örtüyünün olması əsas şərtlərdən biridir. Çünki dağ-xizək turizminin həyata keçirilməsi məhz davamlı qar örtüyünün olmasından asılıdır. Respublikamızın dağlıq ərazilərində davamlı qar örtüyünün olması buna zəmin yaradır. Qarlı günlərin sayının və qar örtüyünün qalınlığının çox olduğu Kiçik Qafqazın Dərələyəz silsiləsinin şimal-qərb hissəsində qış turizmini inkişaf etdirmək üçün əlverişli təbii-coğrafi şərait vardır.

Müasir tələblərə cavab verən infrastrukturun yaradılması, sahibkarlığın dəstəklənməsi, biznes mühitinin yaxşılaşdırılması, turizmin inkişafı iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi muxtar respublikada turizmin ən perspektivli sahələrindən sayılan qış turizm infrastrukturunun formalaşdırılmasına da təsir göstərib. Hazırda qış turizminin inkişaf etdirilməsi prioritet istiqamətlərdən biri hesab olunur və muxtar respublika rəhbəri bu sahəyə xüsusi diqqət yetirir. Bölgələrdə qış aylarında normal istirahətə imkan verən müasir turizm obyektlərinin inşası prosesi sürətlənib. Turizmin inkişafı ilə bağlı həyata keçirilən təşkilati tədbirlər, bu sahədə qanunvericilik bazasının müasir dünya standartları nəzərə alınmaqla təkmilləşdirilməsi diyarımızı turizmin sürətlə inkişaf etdiyi regionlardan biri səviyyəsinə yüksəldib. Həyata keçirilən uğurlu turizm siyasətinin nəticəsidir ki, burada turizm üçün olduqca əlverişli olan dağ-xizək turizmi yaradılıb. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2018-ci il noyabrın 29-da Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması ilə əlaqədar Sərəncam imzalayıb. Məhz bu sərəncam bir daha göstərdi ki, diyarımız mükəmməl turizm potensialına malikdir. Elə həmin il 31 yanvar tarixli Sərəncamla təsdiq edilən “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Ağbulaqda kənd və dağ-xizək turizminin inkişafı üçün kompleks işlər görülüb. Xizək mərkəzinin yaradılmasına isə 2018-ci ilin iyul ayından start verilib. Mərkəzdə dağ-xizək enişi, kanat yolu, əyləncə və uşaq parkları turistlərin ixtiyarındadır. Relyefi və iqlim xüsusiyyətləri dağ xizəkçiliyinin – idman turizminin inkişafı üçün əlverişli olan Ağbulaq Xizək Mərkəzində, həmçinin inzibati bina və yeni xidmət sahələri, kotteclər inşa edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri turizmin inkişafı ilə bağlı Ağbulaq kəndinin nə qədər önəmli bir bölgə olduğunu deyib: “Ağbulaq kəndində ilin bütün fəsillərində turizmi inkişaf etdirmək mümkündür. Təbiəti, havası və müasir infrastrukturu kənddə istər yaz, yay və payız, istərsə də qış turizminin inkişafı üçün geniş imkanlar açır. Qış turizminin inkişafı sahəsindəki imkanları nəzərə alaraq kənddə dağ-xizək mərkəzinin qurulmasına başlanılmışdır. Turizmin inkişafı sahəsində həyata keçirilən tədbirlər Ağbulaq kəndini təkcə muxtar respublikada deyil, ölkəmizdə və dünyada tanıdacaqdır”.

Ağbulaq İstirahət Mərkəzində nəhəng infrastruktur yaradılıb. Ümumiyyətlə, bu istirahət məkanı turistlərə qış mövsümündə xizəklə sürüşməyə, otel və digər xidmətlərdən istifadə etməyə imkan verir.

Ümumiyyətlə, idman turizmi həm də xalqlararası həmrəyliyin, multikultural və milli dəyərlərin nümayiş etdirilməsi baxımında mühüm əhəmiyyət kəsb edir. Hər il Türkiyənin müxtəlif peşə sahiblərindən və nüfuzlu kütləvi informasiya vasitələrinin əməkdaşlarından ibarət alpinist qrupunun naxçıvanlı idmançılar ilə birgə Xocalı soyqırımı qurbanlarının xatirəsini anmaq üçün Culfa rayonu ərazisindəki hündürlüyü 2 min 415 metr olan Haçadağa ənənəvi yürüşü buna unikal nümunədir. Bu, diyarımızın ərazisinin idman turizminin ən maraqlı növlərindən olan dağ-piyada turizmi üçün geniş imkanlara malik olmasının göstəricisidir.

Ekstremal turizmə aid olan dağ xizəkçiliyinin inkişafı üçün də muxtar respublika əlverişli relyefə malikdir. Belə ki, ərazinin çox hissəsinin Kiçik Qafqazın Zəngəzur və Dərələyəz silsilələri ilə əhatə olunması, cənub-qərb yamacında dağların minimal hündürlüyünün 3000 metrdən yüksək olması və Zəngəzur silsiləsinin cənub-qərb yamacında, yüksək dağlıq qurşağın mərkəz zolağında yağıntıların çox olması (orta illik miqdarı 600 – 700 mm) buna imkan yaradır. Eyni zamanda ərazidə yayı quraq və sərin keçən soyuq iqlim tipinin olması da dağ xizəkçiliyi üçün mühüm amillərdən biridir.

Diyarımıza gələn turistlərin sayında artımın müşahidə olunması onu göstərir ki, keçirilən bir çox tədbirlər, idman yarışları turistlərdə muxtar respublikaya olan marağı xeyli artırıb.

 Ceyhun MƏMMƏDOV

"Şərq qapısı" qəzeti

07.01.2021

01070366
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
10
113
4449
10569
1070366

Tarix: 24-11-2024
Biz, sosial şəbəkələrdə: