"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Taksi sürücüləri ilə görüş keçirilmişdir

18 iyun 2021-ci il tarixdə Naxçıvan şəhər Nəqliyyat İdarəsində Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən  taksi fəaliyyəti ilə məşğul olan sürücülərlə “Turizmin inkişafında taksi fəaliyyətinin rolu” mövzusunda görüş keçirilmişdir. Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası  Dövlət Nəqliyyat Xidmətinin Nəqliyyatın təşkili və idarə olunması sektorunun müdiri Natiq Həsənov bildirmişdir ki, sərnişindaşıma xidməti göstərən sürücülərlə xidmət mədəniyyətinin yüksəldilməsi və xidmət səviyyəsinin mövcud tələblərə uyğunlaşdırılması ilə bağlı vaxtaşırı olaraq maarifləndirici söhbətlər aparılmışdır. Natiq Həsənov bu istiqamətdə həyata keçirilən tədbirlərin daim diqqət mərkəzində saxlanıldığını və davamlı xarakter daşıdığını qeyd etmişdir.

Sonra Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin “Statistika və sertifikatlaşdırma sektoru”nun müdiri Süleyman Rüstəmov çıxış etmişdir. Məruzəçi bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamına əsasən “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı” təsdiq edilmişdir. Dövlət Proqramında  qarşıya qoyulmuş vəzifələrdən biri də turistlərə xidmət göstərən nəqliyyat vasitələrinin təklif etdiyi xidmətlərin təkmilləşdirilməsindən ibarətdir. “Turizmin inkişafında taksi fəaliyyətinin rolu” mövzusunda keçirilən bu günkü görüşün məqsədi bu sahədə görülən işləri nəzərdən keçirmək, mövzu ilə bağlı sürücüləri maraqlandıran suallara aydınlıq gətirməkdən ibarətdir.

Muxtar respublikamızda geniş vüsət almış abadlıq və quruculuq işləri turizm sahəsinin də inkişafına əhəmiyyətli dərəcədə təsir etmişdir. 5000 illik tarixə malik qədim diyarımızda tarixi abidələrin bərpası, yeni muzeylərin yaradılması, müasir mehmanxanaların və istirahət mərkəzlərinin tikilməsi, milli və müasir memarlığın nailiyyətlərini özündə birləşdirən istirahət parklarının istifadəyə verilməsi müasir turizm infrastrukturunun formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, paytaxt Naxçıvan şəhərində şəhərdaxili avtomobil yolları yenidən qurulmuş, ən ucqar kəndlərə belə asfalt yollar çəkilmişdir. Bütün bunlar isə turizmin inkişafını şərtləndirən mühüm amillər olmaqla yanaşı, eyni zamanda bu sahəyə dövlət səviyyəsində göstərilən diqqət və qayğının əyani ifadəsidir.

Məruzəçi qeyd etmişdir ki, muxtar respublikamız turizmin dini, ekoloji, tarixi-mədəni, müalicə kimi növlərinin inkişaf etdirilməsi baxımından böyük potensiala malikdir. Bu potensialın təbliğində taksi sürücülərinin də üzərinə böyük məsuliyyət düşür. Məlumdur ki, muxtar respublikamıza fərdi qaydada gələn qonaqların bir çoxunun ilk həmsöhbəti taksi sürücüləri olur. Bu baxımdan taksi fəaliyyəti ilə məşğul olan sürücülərin muxtar respublikanın turizm potensialı, eyni zamanda onun tarixi, mədəniyyəti, adət-ənənələri haqqında zəruri biliklərə malik olması çox vacibdir. Taksi sürücülərinin muxtar respublikada fəaliyyət göstərən muzeylərə ekskursiyalarının təşkil olunması onların maarifləndirilməsi işində mühüm əhəmiyyət daşıyır. Taksi sürücüsünün etik davranış qaydalarına ciddi əməl etməsi də bu peşə ilə məşğul olanların diqqət etməli olduğu ən vacib məsələlərdən biridir.

Tədbirin sonunda sürücüləri maraqlandıran suallar cavablandırılmış, muxtar respublikanın turizm potensialını özündə əks etdirən bukletlər taksi sürücülərinə paylanmışdır.

01070360
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
4
113
4443
10563
1070360

Tarix: 24-11-2024
Biz, sosial şəbəkələrdə: