"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Kənd turizminin inkişafı məqsədilə kənd sakinləri ilə görüş keçirilmişdir

9 iyun 2021-ci il tarixdə Şahbuz rayonunun Ağbulaq kəndində kənd turizminin inkişafı məqsədilə Şahbuz rayon Ağbulaq və Gömür kənd sakinləri ilə görüş keçirilmişdir. Tədbirdə çıxış edən Şahbuz Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Söhrab Kərimov bildirmişdir ki, muxtar respublikada dövlət səviyyəsində turizm sahəsinə göstərilən diqqət və qayğı bu sahənin inkişafına əsaslı təsir etmişdir. Bu gün muxtar respublikanın ən ucqar dağ kəndlərinə belə, rahat asfalt yollar salınmış, su xətləri çəkilmiş, müasir infra­struktur obyektləri tikilmiş, fasiləsiz təbii qaz, elektrik enerjisi, rabitə xidməti və sürətli internet şəbəkəsi istifadəyə verilmişdir. Bütün bunların nəticəsi olaraq muxtar respublikaya gələn turistlərin sayı ilbə il artır.

Daha sonra Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Statistika və sertifikatlaşdırma sektorunun müdiri Süleyman Rüstəmov çıxış edərək Naxçıvan Muxtar Respublikasının turizm potensialı haqqında tədbir iştirakçılarına məlumat vermiş,  bildirmişdir ki, turizm iqtisadiyyatın ən dinamik inkişaf edən sahələrindən biri sayılır. Azərbaycanda da bu sahənin inkişafına ciddi diqqət göstərilməkdədir. Azərbaycanın, o cümlədən dünyanın ən qədim yaşayış və mədəniyyət mərkəzlərindən biri olan Naxçıvanda turizmin inkişafı muxtar respublika iqtisadiyyatının prioritet sahələrindən biri hesab edilir. Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi, özünəməxsus iqlimi, fauna və florası, təbii bulaqları, mineral və müalicəvi suları, qədim tarixə malik tarix-memarlıq və mədəniyyət abidələri turizmin inkişafı üçün əlverişli şərait yaradır.

Məruzəçi qeyd etmişdir ki, bərəkətli torpaq, saf su, təmiz hava, zəngin dərman bitkiləri, bol günəş – bütün bunlar Naxçıvanda ekoloji turizmin inkişafı üçün geniş imkanlar açır.

Qədim diyarın Biçənək, Kükü, Ağbulaq, Nursu, Keçili, Gömür və başqa yaşayış məntəqələri kənd yaşıl turizminin inkişafı üçün səciyyəvi xüsusiyyətlərə malikdirlər. Şəhərin səs-küyündən uzaq, fərqli mühitdə dincəlmək istəyənlər adətən kənd turizminə üstünlük verirlər. Turizmin bu növü getdikcə populyarlığını artırmaqdadır. Dağların qoynunda, füsunkar təbiət mənzərələri ilə zəngin, sadə, kiçik bir kənd evində yaşamaq 5 ulduzlu otellərdə qalmaq arzusunu bəzən üstələyir.

Məruzəçi   kənd evi, kənd  evində qonaqlama xidmətinin təşkili,  kənd evində qonaqlama xidməti üçün tələblər, qonaqların qarşılanması və yola salınması, qonaqların məmnunluğunun təmin edilməsi, qidalanmanın təşkili, ev sahibləri tərəfindən turistlərə göstərilən əlavə xidmətlər və başqa mövzular haqqında tədbir iştirakçılarını məlumatlandırmışdır. Qeyd etmişdir ki, evini turistlərə kirayəyə vermək istəyən şəxslər Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinə və ya aidiyyəti kənd icra nümayəndəliyinə müraciət edə bilərlər.

Tədbirin sonunda kənd sakinlərini maraqlandıran suallar cavablandırılmış, və  tədbir iştirakçılarına Naxçıvan-Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi turizm marşrutunu əks etdirən buklet təqdim olunmuşdur.

01081178
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
233
225
1193
8100
1081178

Tarix: 26-12-2024
Biz, sosial şəbəkələrdə: