"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

“Naxçıvan” Universitetində “Peşəkar bələdçi” təliminin I modulu keçirilmişdir

11 oktyabr 2021-ci il tarixdə “Naxçıvan” Universitetində  “Turizm işinin təşkili” və “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan tələbələrə “Peşəkar bələdçi” təliminin I modulu keçirilmişdir.

Tədbirdə “Naxçıvan” Universitetinin rektoru Nurlana Əliyeva çıxış edərək bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası  Ali  Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 25 iyun 2021-ci il tarixli Sərəncamına uyğun olaraq “Naxçıvan” Universitetinin “Turizm işinin təşkili” ixtisası Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinə hamiliyə verilmişdir. Bu gün turizmin ölkə iqtisadiyyatı üçün nə qədər vacib bir sahə olduğunu vurğulamış, bildirmişdir ki, bu sahədə “Naxçıvan” Universitetində də ixtisaslı kadrlar hazırlanır. Məruzəçi onu da qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikasının turizm potensialının təbliğində bugünkü tələbələr gələcəkdə birbaşa rol oynayacaqlar.

Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov tədbirdə çıxış edərək bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə muxtar respublikada həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlar turizmi inkişaf edən sektora çevirib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın qəbul olunması yüksək keyfiyyətli və rəqabətə davamlı turizm xidmətlərinin təmin edilməsinə, turizm potensialından tam istifadə olunmasına yeni imkanlar yaratmışdır. 

Direktor bildirmişdir ki, bütün sahələrdə olduğu kimi turizm sahəsində də ən mühüm amillərdən biri kadr hazırlığıdır. Muxtar respublikamızda bu sahədə olan kadr təlabatını ödəmək məqsədilə Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərində “Turizm və otelçilik” və “Turizm işinin təşkili” ixtisasları üzrə kadr hazırlığı aparılır. Məruzəçi vurğulamışdır ki, ötən dövr ərzində tələbələrlə mütəmadi görüşlər keçirilmiş, seminarlar və ekskursiyalar təşkil edilmişdir. İdeyadan başlanğıca devizi altında startapların hazırlanması və dəyərləndirilməsi məqsədilə Departamentdə ekspert qrupu yaradılmışdır. Həmçinin “Turizm könüllüsü” layihəsinə start verilmişdir. Layihə çərçivəsində turizm və otelçilik ixtisasında təhsil alan tələbələrdən ibarət turizm könüllülərinin muxtar respublikada keçirilən festivallarda və digər mədəni-kütləvi tədbirlərdə iştirakı təmin edilmiş, könüllülərdən turların təşkilində bələdçi qismində istifadə edilmişdir.

Sonra direktor tələbələrə turizm sektorunda bələdçi peşəsinin vacibliyini vurğulamışdır.

Tədbirin ikinci hissəsində Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Statistika və sertifikatlaşdırma sektorunun müdiri Süleyman Rüstəmov tələbələrə ilkin səyahətlərin yaranması, Azərbaycanda turizmin qısa tarixi, ekskursiyanın mahiyyəti, ekskursiya zamanı məntiqi təfəkkür qanunlarından istifadə haqqında məlumat vermişdir.

 Həmçinin qeyd etmişdir ki, muxtar respublikamızda turizm sektoru sürətlə inkişaf etməkdədir. Bu qədim diyar artıq beynəlxalq turistlər üçün cəlbedici məkana çevrilir.  Ölkəyə gələn turistlərə yüksək standartlara uyğun xidmətin göstərilməsi isə bir çox faktorlardan asılıdır. Bu baxımdan turizm-ekskursiya işinin təşkilində bələdçilərin, bələdçi-tərcüməçilərin rolunu ayrıca qeyd etmək lazımdır.Bələdçi-ölkəyə gələn turistlərin yüksək səviyyədə qarşılayıb, yola salan şəxsdir.

Məruzəçi vurğulamışdır ki, məqsədimiz bu modulu tamamladıqdan sonra tələbənin turizm-ekskursiya işinin təşkilini yüksək səviyyədə bacarmağıdır.Modulumuzun I təlim nəticəsini mənimsəyən tələbə bələdçilik sənətinin tarixini, mahiyyətini və bələdçilik peşəsi ilə bağlı huquqi-normativ sənədləri biləcək, bələdçilik peşəsinin bu gününü və keçmişini uzlaşdırmağı, ekskursiyanın mahiyyətini müəyyən etməyi, peşəkar bələdçi peşəsi ilə bağlı huquqi normativ sənədləri sadalamağı bacaracaqdır.

Sonra təlimçi tələbələrə bələdçi şəhadətnaməsi almaq üçün prosedur qaydalarını izah etmişdir.

Həmçinin təlimdə müvafiq məlumatlar tələbələrə slayd vasitəsilə nümayiş etdirlimişdir.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılmış və Naxçıvan Muxtar Respublikası turist xəritəsi bukleti tələbələrə təqdim olunmuşdur.

01073838
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
108
148
459
760
1073838

Tarix: 04-12-2024
Biz, sosial şəbəkələrdə: