"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Media-tur iştirakçıları: “Naxçıvan YUNESKO-nun ilkin siyahısına salınacaq tarixi abidələrlə, turizm potensialı ilə zəngin bir diyardır”

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi muxtar respublikamıza media-tur təşkil edib. Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu əməkdaşları və media nümayəndələrinin iştirakı ilə dünən başlayan turda iştirakçılar ilk olaraq ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Bundan sonra Heydər Əliyev Muzeyi, Dövlət Bayrağı muzeyi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın türbəsi və Açıq Səma Altında Muzey Kompleksində olublar. Dünya memarlığının nadir nümunəsi və Naxçıvan dövlətçilik tarixinin nişanəsi olan, hələ XII əsrdə türk qadınına verilən dəyərin rəmzi sayılan Möminə Xatın məqbərəsi media-tur iştirakçılarının böyük marağına səbəb olub, qarşısında xatirə şəkli çəkdirilib. Sonra Əlincəqala, Xanəgah Memarlıq Kompleksi və Haçadağın kənardan görüntüsü ilə tanış olmaq üçün yola düşüblər.

 

 

Səfərin məqsədilə əlaqədar Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev məlumat verərək bildirdi ki, bu, Naxçıvana ilk səfəri deyil. Dövlət Turizm Agentliyi olaraq mütəmadi şəkildə burada olur və təcrübə mübadiləsi aparırıq. Elə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin də fəal iştirakı ilə təşkil edilən növbəti media-tur da bu mərama xidmət edir. Diyarınızın böyük turizm potensialı var, bizim də əsas məqsədimiz o potensialı nəinki bütün Azərbaycana, dünyaya tanıtmaqdır. Bu gün buraya ölkədə fəaliyyət göstərən müxtəlif media nümayəndələri də gəlib. Onların əhəmiyyətli coğrafi imkanlara, turizm potensialına malik bir diyarı kifayət qədər tanıyacaqlarına və tanıdacaqlarına əminik. Burada müxtəlif istiqamətlər var. Bu gün Dövlət Turizm Agentliyi təkcə turizm potensialını deyil, həmçinin mədəni irsi də araşdırır. Buna görə də bizimlə birgə mütəxəssislər də burada iştirak edirlər. Naxçıvanda YUNESKO-nun ilkin siyahısına düşəcək abidələr var. Mən istəyərdim ki, bununla bağlı da bizim əməkdaşlar fəaliyyət göstərsinlər və gələcəkdə həmin siyahıya salınması üçün Möminə xatın türbəsi və Ordubad qoruğu haqqında araşdırmalar aparılsın.

 

Onu da qeyd edim ki, pandemiya turizm sahəsindən də yan keçməyib. Lakin Naxçıvan istənilən ölkədən gələcək turistləri qarşılamağa hazırdır. Çünki artıq qeyd etdiyim kimi, buraya birinci səfərim deyil. Hər dəfə gələndə ötən dəfə gəldiyimdən də yaxşı inkişaf etmiş şəhər, təmiz küçələr, infrasturktur diqqətimi çəkir. Sonda turun yüksək səviyyədə təşkilinə, göstərilən diqqət və qayğıya görə muxtar respublika rəhbərinə minnətdarlığımı bildirirəm.

Florian Zenqstşmid – Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru: – Naxçıvana Azərbaycan Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun əsas komanda heyətini gətirmişik ki, onların hər biri turizm ekspertləri kimi Naxçıvanı görsün və buradakı turizm xidmətlərini təcrübə edib daha yaxından tanış olsunlar. Bununla yanaşı, Naxçıvanda olan həmkarlarımızla birlikdə müzakirə edək ki, Naxçıvanın turizm potensialını daha yüksək formada necə təbliğ edə bilərik. Həqiqətən də, Naxçıvan turizm potensialında mühüm əhəmiyyəti ilə seçilən yerlərdən biridir. Burada yaradılmış infrastruktur imkan verir ki, muxtar respublikaya üz tutan turistlərin sayı daha da çox olsun. Qeyd edim ki, qısa bir zamanda burda olmağıma baxmayaraq, hiss etdim ki, bu diyarın bənzərini heç yerdə görməmişəm. Naxçıvanın yaşıllığı, ətrafının təmizliyi, abadlığı və səliqə-sahmanı insanı məftun edir. Mənə təsir edən əsas nüanslardan biri də Naxçıvanın landşaftı və əlbəttə ki, bu dəqiqə ən çox ehtiyacımız olan təmiz havası oldu.

 

Səkinə Əsgərova – Azərbaycan Turizm Bürosunun Sənaye Birlikləri üzrə meneceri: – Xəritəyə baxdıqda Azərbaycanı Şərqdən-Qərbə doğru qanad çalan məğrur qartal kimi görürük. Qədim İpək Yolunun incisi olan, ölkəmizin bir qanadı da qədim Kiçik Qafqaz dağlarının Zəngəzur, Dərələyəz silsiləsi tərəfindən mühafizə edilən cahanın nəqşi Naxçıvandır. Sahib olduğu təkrarsız geoloji və təbii quruluş onun həm vizual landşaftının, həm də təklif etdiyi müxtəlif sahələr üzrə turizm xidmətlərinin unikallığına zəmin yaradır. İlk dəfə regionda qadının şərəfinə abidə ucaldan Naxçıvan, yaşı mini ötən bir çox abidələrin yurdudur. Nuh yurdudur Naxçıvan, necə deyərlər, ölkəmizin ən isti və ən soyuq nöqtələr ilə sahib olduğu kontinental iqlimin yaratdığı biomüxtəliflik nümunələri və kulinariya ənənələri ilə istər yerli, istərsə də əcnəbi turistlərin diqqətini çəkməyi bacarıb. Sual yarananda ki, Azərbaycan ərazisində neçə ədəd min yaşı olan abidə var? Təbii ki, qədim tarixi abidələrin zənginliyinə görə Naxçıvan bu siyahıda liderdir. Əsas məsələ isə həmin o mindən çox yaşı olan turizm nümayiş obyektlərinin necə qorunub saxlanılmasıdır. Buraya gələn turistlərin diqqətini çəkən məqam isə qədim abidələrin əvvəlki kimi restavrasiya edilməsidir. Həmçinin beynəlxalq forumlarda, ümumdünya turizm təşkilatının görüşlərində insanların marağına səbəb olan məhz bu sadaladığım məqamlardır. Ona görə də bütün bu məsələlərin hamısı əvəzsiz turizm təcrübəsinin yaşadılmasına gətirib çıxardır. Son olaraq bunu da vurğulayım ki, bu gün bizim üçün yaradılan şərait və tədbirin bu cür mükəmməl təşkili media nümayəndələrinin və mənim həmkarlarımın da ürəyindən oldu, bizlərə əsl mənəvi zövq bəxş etdi.

Azərbaycan Televiziyasının müxbiri Leyla Abbasova da təəssüratlarını bizimlə bölüşdü: – Naxçıvana ilk səfərim deyil. Bu dəfə gəlişimizdə məqsəd qədim tarixə malik olan bu yurdun turizm potensialını işıqlandırmaqdır. Burada diqqətimi çəkən Naxçıvan mətbəxinin nümunələri oldu. Öz zənginliyi və təamlarının ağız dadına uyğunluğu ilə yaddaqalandır. Ümumiyyətlə, hər dəfə bura gələndə mütləq bu diyar insanı təəccübləndirir. Hazırda dayandığımız Əlincəqalaya qalxmaq o qədər asan olmasa da, hər bir tur iştirakçısı alınmaz qala kimi tarixə düşən bu yerləri görmək məqsədilə dəniz səviyyəsindən 1700 metr yüksəklikdə olan bu qalaya qalxmağa can atdı. Buradan aldığımız məlumatları, eləcə də buranın görüntüsünü öz tamaşaçılarıma çatdırmaq mənim üçün çox qürurverici bir vəzifədir. Bu tur ona görə əhəmiyyətlidir ki, aramızda bu yerlərdə ilk dəfə olanlar var ki, onlar həm özləri öyrənir, tanış olur, həm də milyonlarla izləyicini bu yerlərə virtual səyahət etdirmiş olurlar. Əminəm ki, geri qayıtdıqdan sonra danışmaqdan doymayacağım ünvanlar içərisində Əlincəqalanın xüsusi yeri olacaq.

 

Növbəti müsahibimiz Real TV- nin müxbiri Vüsal Süleymanovdur: – Bu Naxçıvana tam fərqli bir səfərimizdir. Çünki əvvəl gəldiyimdən şəhər mərkəzi və Əshabi-Kəhf ziyarətgahından başqa bir yerdə olmamışdım. Bu gün isə tamamilə fərqli bir məkandan kilometrlərlə yüksəklikdən öz tamaşaçılarımıza məlumat aparacağam. Onu deyim ki, insanı vahiməyə salan Əlincə qalası Azərbaycan xalqının, o cümlədən naxçıvanlıların mərdliyinin, yenilməzliyinin simvoludur. Torpaqlarımızın işğaldan azad olunmasının verdiyi qürur hissi ilə bu gün bu yerlərdən dünyaya yayımlayacağımız materiallar bir növ onu deməkdir ki, bəli, biz Əmir Teymur kimi bir fatehlə mübarizə aparıb təslim olmayan xalqın varisləriyik. Bir qarış belə, torpağımızın yağı düşmən tapdağında qalmasına son qoymalı idik və qoyduq da. Mən hər yerdə həmişə demişəm, yenə də fikrimdə qalıram ki, Naxçıvan təmiz, gözəl, stabil şəhər təəssüratı doğurur insanda. Burada olan ictimai nəzarət məni heyran edir. Mən istərdim ki, insanlar arasında ictimai nəzarət bütün bölgələrimizdə bu səviyyədə olsun. Naxçıvan həmçinin özünün qədimiliyini qoruyaraq müasirləşən mükəmməl şəhərdir. Mən çalışacağam ki, bu yerlərə, bəlkə də, gəlməyi ağlından keçirməyən insanları Naxçıvana mütləq dəvət edəm. İnanıram ki, bizim xalqımız pandemiyanın da öhdəsindən gələcək və biz gələcəkdə hansısa xarici ölkələrə deyil, öz turizm imkanlarının mükəmməlliyi ilə seçilən Naxçıvan kimi bölgələrimizdə istirahət edəcəklər.

Növbəti müsahibimiz bloger Kübra Məhərrəmovadır. O deyir: –Naxçıvan haqqında çox eşitməyimə baxmayaraq, ilk dəfədir, buradayam. Tərif olunandan daha möhtəşəmdir burada hər şey. Elə Naxçıvan Beynəlxalq Hava Limanından çıxan kimi ilk diqqətimi çəkən havanın təmizliyi və taksilərin bir qaydada düzülüb səliqə ilə insanlara xidmət etməsi oldu. Bu şəhərdə hər yer tər-təmizdir, sanki işıq verir. Mən bir çox şəhərlərdə olmuşam. Bir çox şəhərdə müşahidə etmişəm ki, küçələr nə qədər təmizlənsə də insanlar çirkləndirir. Ancaq burada insanlar özləri qurulub-yaradılanlara, təmizliyə keşik çəkir.

Düşünürəm ki, bu dünyada ən böyük kapital insan kapitalıdır, gənclərdir. Burada gənclərə göstərilən diqqət və qayğı haqqında mütəmadi eşidirdik. Bu gün isə özümüz bunun şahidi oluruq. Biz bu gün Heydər Əliyev Muzeyində olduq. Buradakı eksponatlarla tanışlıq çox böyük marağa səbəb oldu. Çünki ümummilli liderimizin həyat və yaradıcılığına dair heç harda görmədiyimiz faktları burada öyrəndik. İndi isə Əlincəqaladayıq. Bura haqqında bir tək onu demək istəyirəm ki, damarında azərbaycanlı qanı axan hər bir kəs ömründə bircə dəfə də olsa, bu qalanı mütləq görməlidir. Başımızın üstündə üçrəngli bayrağımız dalğalanır. Bu da qalib xalqın media nümayəndəsi kimi mənə qürur verir. Bu gün turistlər üçün bu şəraiti yaradan insanlara da əhsən deyirəm. Bu qədər ağır bir şəraitdə hər pilləni diqqətlə qurub düzəldən, infrasturukturu yaradan insanlar, həqiqətən, alqışa layiqdirlər.


Ümumiyyətlə, Naxçıvan mərd insanların vətənidir. Bura düşmənə əsl gözdağıdır. Uzun illər blokdada yaşamasına baxmayaraq, həmişə mərd, qalib bir yer olaraq yaşayıb. 44 günlük Vətən savaşında da naxçıvanlı igidlərin necə dastan yazdığının şahidi olduq. Mən bu torpağa, bu elə hər zaman qalib olmasını arzu edirəm.


Media-tur iştirakçıları Biznes Mərkəzi ilə də tanış olublar. Qeyd edək ki, səfər davam edir.

 

Telli MƏMMƏDOVA

Aytac CƏFƏRLİ

"Şərq qapısı" qəzeti

22.10.2021

01073834
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
104
148
455
756
1073834

Tarix: 04-12-2024
Biz, sosial şəbəkələrdə: