"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

2021-ci ilin yekunları və 2022-ci ildə qarşıda duran vəzifələr müzakirə edilmişdir

10 yanvar 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində “2021-ci ilin yekunları və 2022-ci ildə qarşıda duran vəzifələr” mövzusunda iclas keçirilmişdir.

İclası giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov açaraq 2021-ci il ərzində görülmüş işlər və keçirilən tədbirlər haqqında ətraflı məlumat vermişdir.

Qeyd olunmuşdur ki, hesabat dövründə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamına əsasən təsdiq edilmiş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın icrası davam etdirilmiş, təbliğat sahəsində fəaliyyət gücləndirilmişdir. Naxçıvan Turizm İnformasiya Mərkəzinin internet səhifəsi muxtar respublikanın turizm imkanlarını əks etdirən materiallarla zənginləşdirilmiş, Mərkəzin sosial şəbəkələrdəki səhifələrinə muxtar respublikanın turizm potensialı barədə məlumatlar mütəmadi olaraq daxil edilmişdir. Bildirmişdir ki, muxtar respublikanın turizm potensialını daha geniş kütləyə çatdırılması məqsədilə müxtəlif tarixlərdə İradə Qədirova adlı səyahət bloqeri və Türkiyə Respublikasının kesfetsek.com səyahət bloqunun rəhbəri, jurnalist Buğra Tokmakoğlunun redaktoru Sezgin Uzen ilə birgə muxtar respublikaya səfərləri təşkil edilmişdir. Kesfetsek.com səyahət bloqunun rəhbəri, jurnalist Buğra Tokmakoğlunun idarə etdiyi sosial şəbəkə hesablarında Naxçıvan Muxtar Respublikasının turizm potensialı ilə bağlı ümumilikdə 368 məlumat paylaşılmış və 1 milyon 100 min baxış sayı qeydə alınmışdır. Həmçinin, “Ege Telgraf” adlı qəzetdə müxtəlif başlıqlar altında Naxçıvan Muxtar Respublikası haqqında 5 məqalə dərc olunmuşdur. Cari ildə muxtar respublikanın turizm potensialının müxtəlif onlayn tədbirlər vasitəsilə də təbliği diqqət mərkəzində saxlanılmışdır.

Məruzəçi qeyd etmişdir ki, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti arasında “Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı 2020-2023-cü illər üzrə birgə Tədbirlər Planı”nın icrası ilə əlaqədar olaraq muxtar respublikanın turizm potensialının daha geniş kütləyə çatdırılması məqsədilə 21-22 oktyabr 2021-ci il tarixlərdə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin, Azərbaycan Turizm Bürosunun əməkdaşlarının və yerli media nümayəndələrinin iştirakı ilə Naxçıvan Muxtar Respublikasına media-tur təşkil olunmuşdur.

Yaponiyanın Tokio şəhərində açılması nəzərdə tutulmuş Azərbaycanın Ticarət Ofisində muxtar respublikanın da turizm potensialının nümayiş etdirilməsi üçün H.I.S Qrupunun nümayəndəsi Takahashi Shinsuki 2­-3 dekabr 2021-ci il tarixlərdə Naxçıvan Muxtar Respublikasında səfərdə olmuşdur. Səfər müddətində qonaq şərab istehsalı müəssisələrində olmuş, Departamentin əməkdaşları tərəfindən qonağa bələdçilik edilmiş və gedilən turizm obyektləri, həmçinin muxtar respublikadakı şərabçılıq  haqqında geniş məlumat verilmişdir.

Diqqətə çatdırılmışdır ki, il ərzində Naxçıvan Muxtar Respublikasının turizm potensialının beynəlxalq sərgilərdə tanıdılması  məqsədilə Rusiya Federasiyasının Moskva şəhərində keçirilən 27-ci “OTDYKH Leisure Moscow” beynəlxalq sərgi və forumunda, həmçinin, Qətərin paytaxtı Doha şəhərində  keçirilən “Qatar Travel Mart” sərgisində Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin əməkdaşları iştirak etmişdir. Keçirilən beynəlxalq sərgilərdə “Naxçıvan Muxtar Respublikası” stendi qurulmuş, muxtar respublikada yerləşən tarix-mədəniyyət abidələrinin maketləri və şəkilləri nümayiş etdirilmişdir. Quraşdırılmış monitor vasitəsilə diyarımızın turizm potensialı ilə bağlı videoçarxlar sərgi iştirakçılarına  təqdim olunmuşdur.

Naxçıvan Muxtar Respublikası  Ali  Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamının icrası məqsədilə Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan tələbələri ilə görüşlər və müxtəlif formatlı tədbirlər keçirilmişdir. Həmçinin, “Naxçıvan” Universitetinin “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan III və IV kurs tələbələrinin 2020-2021-ci tədris ilinin yaz və payız semestri üçün tərtib olunmuş qrafikə uyğun olaraq istehsalat təcrübəsi keçmələri təşkil olunmuşdur.

Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti arasında təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı 2020-2023-cü illər üzrə birgə Tədbirlər Planı”nın müvafiq bəndinin icrası məqsədilə Naxçıvan Regional Peşə Tədris Mərkəzində “Naxçıvan Muxtar Respublikasında mövcud olan turizm marşrutları üzrə bələdçilərin texniki peşə biliklərinin təkmilləşdirilməsi” təlimi keçirilmiş, təlimi uğurla başa vuran iştirakçılara bələdçi şəhadətnamələri və sertifikatları verilmişdir.

Departamentin nəzdində fəaliyyət göstərən Milli Dəyərlər Muzeyi tərəfindən muxtar respublikamızda milli dəyərlərin qorunması, təbliği və gələcək nəsillərə çatdırılması məqsədilə işlər davam etdirilmişdir. İl ərzində Milli Dəyərlər Muzeyinin fonduna 17 (on yeddi) ədəd yeni eksponat daxil olmuşdur. Hazırda muzey fondunun yeni eksponatlarla zənginləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Direktor bildirmişdir ki, hesabat dövründə “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzi tərəfindən unudulmaqda olan mətbəx nümunələri ilə yanaşı, milli mətbəximizə aid adət-ənənələr və folklor nümunələrinin toplanması işi davam etdirilmiş, Naxçıvan mətbəxinə xas olan yemək reseptləri sosial şəbəkələr vasitəsi ilə təbliğ edilmişdir.

Həmçinin qeyd olunmuşdur ki,2022-ci ildə də Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində yaradılmış şəraitdən ən səmərəli şəkildə istifadə ediləcək, təbliğat-təşviqat sahəsində fəaliyyət daha da gücləndiriləcək, Departamentin kollektivi qarşıya qoyulmuş vəzifələrin icrası üçün səylə çalışacaqdır.

Sonda məruzə ətrafında çıxışlar dinlənilib.

01081377
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
10
169
1392
8299
1081377

Tarix: 28-12-2024
Biz, sosial şəbəkələrdə: