"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvan Muxtar Respublikasının turizm potensialı Təl-Əvivdə təbliğ olunub

29-30 mart 2022-ci il tarixlərdə İsrail Respublikasının Təl-Əviv şəhərində 30-dan çox ölkənin iştirak etdiyi “Beynəlxalq Aralıq dənizi Turizm Bazarı” (IMTM 2022) sərgisində vahid Azərbaycan stendi altında “Naxçıvan Muxtar Respublikası” stendi təşkil edilərək muxtar respublikanın turizm potensialı təbliğ olunmuşdur.

Muxtar respublikanın ilk dəfə  iştirak etdiyi sərgidə “Naxçıvan Muxtar Respublikası” stendi, xüsusilə də quraşdırılmış monitor vasitəsilə diyarımızın turizm potensialı ilə bağlı videoçarxların nümayişi marağa səbəb olmuşdur. Həmçinin Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən hazırlanmış bukletlər, eləcə də muxtar respublikada fəaliyyət göstərən hotellər haqqında çap məhsulları, “Naxçıvan mətbəxi”, “Naxçıvan 4 fəsildə”, “Naxçıvan şərqin əfsanəsi” kitabları, eyni zamanda yerli istehsal məhsullarımızdan “Badamlı”, “Sirab” mineral suları, Naxçıvan duzu beynəlxalq sərgidə nümayiş etdirilmişdir.

Səfər müddətində İsraildə Azərbaycanın turizm nümayəndəliyinin Təl-Əviv ofisinin açılışı olmuşdur. Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev martın 30-da İsraildə Azərbaycanın rəsmi turizm nümayəndəliyinin Təl-Əviv ofisinin açılış mərasimində bildirmişdir ki, İsraildə Azərbaycanın turizm nümayəndəliyinin açılışı Azərbaycan və İsrail arasında turizm əlaqələrinin inkişafına təkan verəcək. Agentliyin sədri nümayəndəliyin fəaliyyətinin İsraildə Azərbaycan haqqında məlumatlılığın artmasına və ikitərəfli turizm əlaqələrinin möhkəmlənməsinə töhfə verəcəyini qeyd edib. Fuad Nağıyev iqtisadi və strateji amillərlə yanaşı, xalqlarımız arasında mədəni-tarixi əlaqələrin, qarşılıqlı dostluq və anlaşmanın turizm münasibətlərinin inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb.

Tədbirdə çıxış edən İsrailin turizm naziri Yoel Razvozov bildirib ki, 2021-ci ilin avqust ayında Azərbaycanın ticarət, eləcə də turizm nümayəndəliyinin, indi isə Təl-Əviv ofisinin açılışı Azərbaycanla İsrail arasında ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə, turizm əlaqələrinin genişlənməsinə xidmət edəcək.

Səfər çərçivəsində, həmçinin Dövlət Turizm Agentliyi ilə İsrail Turizm Nazirliyi arasında “Turizm sahəsində əməkdaşlıq haqqında” saziş imzalanıb. Sazişə əsasən tərəflər turizm sahəsində əməkdaşlığı inkişaf etdirmək, hər iki ölkənin turizm idarəetmə orqanları, turizm assosiasiyaları, təşkilatları və müvafiq şirkətləri arasında əlaqələrin qurulmasını, o cümlədən tarixi, rəqəmsal, ekoloji, macəra turizmi üzrə əməkdaşlığı genişləndirmək, mədəni irs və dini məkanlara səyahətləri təşviq etmək öhdəliyi götürürlər.

Azərbaycanın nümayəndə heyətinin tərkibində İsrailə səfər edən Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov İsraildə Azərbaycanın turizm nümayəndəliyinin Təl-Əviv ofisinin açılış tədbirində iştirak etmiş, İsrailin turizm naziri Yoel Razvozova “Naxçıvan 4 fəsildə” kitabı hədiyyə olunmuşdur.

Naxçıvan Muxtar Respublikasının 
Turizm Departamenti

01081196
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
251
225
1211
8118
1081196

Tarix: 26-12-2024
Biz, sosial şəbəkələrdə: