"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvanın turizm könüllüləri loqosunun təqdimatı keçirilmişdir

6 may 2022-ci il tarixdə Gənclər Mərkəzində Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti və Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Naxçıvanın turizm könüllüləri loqosu”nun təqdimatı keçirilmişdir. Tədbirdə çıxış edən “Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu” publik hüquqi şəxsin icraçı direktoru Cəbi Quliyev dövlətin gənclər siyasətindən danışmış, görülən işlər barədə məlumat vermişdir.

Daha sonra çıxış edən Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin direktoru Əkbər Novruzov bildirmişdir ki, turizm müasir dövrdə demək olar ki, əksər ölkələrin müzakirə obyektinə çevrilmiş sahələrdən biridir. Hazırda dünyadakı bütün qabaqcıl ölkələr malik olduqları turizm-rekreasiya ehtiyatlarından ən səmərəli şəkildə istifadə etməklə büdcələrini artırmağa çalışırlar. 

Muxtar respublikada turizm sektoruna dövlət qayğısından danışan direktor bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə muxtar respublikada həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlar turizmi inkişaf edən sektora çevirib. Son illər qədim diyarın tarixi-mədəni irsinin tanıdılması, tarixi və mədəni abidələrin bərpa olunması, müalicə mərkəzlərinin yenidən qurulması, yeni otel və istirahət mərkəzlərinin tikilməsi, ən ucqar yaşayış məntəqələrində müasir tələblərə cavab verən istirahət, ticarət, xidmət və səhiyyə ocaqlarının istifadəyə verilməsi, avtomobil yollarının yenilənməsi turizmin inkişafına təkan vermiş, muxtar respublikaya gələn turistlərin sayını ilbəil artırmışdır.

Qeyd olunmuşdur ki, muxtar respublikada turizm sektorunun peşə və ixtisas səviyyəsi yüksək olan kadrlarla təminatı da diqqətdə saxlanılmışdır. Belə ki, Naxçıvan Dövlət Universitetində və “Naxçıvan” Universitetində “Turizm işinin təşkili” ixtisasları üzrə kadr hazırlığı aparılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 03 aprel 2019-cu il tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamına əsasən sözügedən ixtisasda təhsil alan tələbələr Naxçıvan  Muxtar Respublikasının Turizm Departamentinə hamiliyə verilmişdir. Tədris ili ərzində tələbələrlə mütəmadi görüşlər keçirilir, Naxçıvan Muxtar Respublikasında yerləşən muzeylərə, tarixi abidələrə, müalicə mərkəzlərinə və xüsusi qorunan təbiət ərazilərinə ekskursiyalar təşkil edilir, təcrübələr keçirilir, maarifləndirici seminarlar təşkil olunur. Həmçinin, bu ixtisas üzrə təhsil alan tələbələrin iştirakı ilə “Turizm könüllüsü” layihəsinə start verilmişdir. Layihə çərçivəsində müvafiq ixtisasda təhsil alan tələbələrdən ibarət turizm könüllülərinin muxtar respublikada keçirilən festivallarda və digər mədəni-kütləvi tədbirlərdə iştirakı təmin edilmiş, könüllülərdən turların təşkilində bələdçi qismində istifadə edilmişdir.  Çıxışının sonunda məruzəçi vurğulamışdır ki, hər bir turizm könüllüsü yaşadığı ölkənin tarixini, mədəniyyətini, adət-ənənələrini və bütövlükdə turizm potensialını dərindən mənimsəməli, ölkədə turizmin inkişafı istiqamətində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidir.

Sonra Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Turizmin inkişafı və təbliği sektorunun aparıcı məsləhətçisi Orxan Cəfərov könüllülərə “Naxçıvanın turizm könüllüləri loqosu”nu təqdim edərək loqonun üzərindəki simvolları izah etmişdir.

Tədbirin sonunda Naxçıvan Muxtar Respublikasının turizm potensialını əks etdirən videoçarxa baxış keçirilimiş, layihəyə yeni qoşulan turizm könüllüləri ilə könüllülük müqaviləsi bağlanmışdır.

 

01055970
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
107
110
1892
4022
1055970

Tarix: 14-10-2024
Biz, sosial şəbəkələrdə: