"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Turizm könüllülərinə “Peşəkar bələdçi” təliminin II modulu keçirilmişdir

16 may 2022-ci il tarixdə Gənclər Mərkəzində  turizm könüllüləri üçün “Peşəkar bələdçi” təliminin II modulu keçirilmişdir. Tədbirdə təlim keçən Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin “Statistika və sertifikatlaşdırma” sektorunun müdiri, Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının “Peşəkar bələdçi şəhadətnaməli” təlimçisi Süleyman Rüstəmov ilk öncə ekskursiya-bələdçisinin peşəkarlığının tərkib hissələri haqqında könüllülərə məlumat vermişdir. Bildirmişdir ki, peşəkarlıq hər hansı bir sahədə yüksək qabiliyyət, müstəsna bacarıq deməkdir. Ekskursiya-bələdçisinin peşəkarlığının mühüm cəhəti onun qrupa rəhbərlik edə bilməsi və turistlərlə ünsiyyət, əlaqə yaradıb onu uzun müddət saxlamaq bacarığıdır. Qeyd etmişdir ki, ekskursiya-bələdçisi obyektləri ekskursant qrupuna nümayiş etdirən və eyni zamanda bu nümayişi metodiki tələblərdən irəli gələn lazımı izahlarla müşayiət edərək ekskursiya keçirən bir şəxsdir. Ekskursiya işinin mərkəzi fiquru - bələdçidir. Bunlardan başqa təlimçi slayd vasitəsilə könüllülərə ekskursiya zamanı bələdçilərin vəzifəsi, peşə etikası, şifahi nitqin əsas xüsusiyyətləri, nitqin dinləmə və görmə elementləri, ekskursiya zamanı daxili və xarici maneələr haqqında geniş məlumat vermişdir. Həmçinin, ekskursiya zamanı informasiyanın turistlərə ötürülməsində diksiyanın, jestlərin, mimikanın və obrazlı çıxışın əhəmiyyətini təlim iştirakçılarının diqqətinə çatdırmışdır. Bundan başqa Azərbaycanın “Bir daha bax” turizm brendi, Naxçıvan Muxtar Respublikasının turizm loqosu slayd vasitəsilə könüllülərə təqdim edilmiş və geniş şəkildə izahı verilmişdir.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Turizmin inkişafı və təbliği sektorunun aparıcı məsləhətçisi, Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının “Peşəkar bələdçi şəhadətnaməli” təlimçisi Orxan Cəfərov çıxış edərək “Turist marşrutlarına tələblər və marşrutun hazırlanma qaydaları” haqqında könüllülərə geniş məlumat vermiş, müvafiq sxemlər slayd vasitəsilə nümayiş etdirilmişdir.  Bildirmişdir ki, turizm marşrutları turistlərin səyahət motivlərinə, turların müddətinə, hərəkət istiqamətinə, fəaliyyət zamanına, təşkil olunma üsullarına, istifadə olunan nəqliyyat vasitələrinin növlərinə görə təsnif olunur.

Həmçinin könüllülərə nəqliyyat vasitələrindən istifadədən asılılığa, hərəkət istiqamətinə, fəaliyyət zamanına, müddətinə görə turist marşrutlarının təsnifatları haqqında geniş məlumat verilmişdir. Sonra marşrutların hazırlanması zamanı tələb olunan qaydalar haqqında  könüllülər maarifləndirilmişdir.

Sonda könüllüləri maraqlandıran suallar təlimçilər tərəfindən cavablandırılmışdır.

01055960
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
97
110
1882
4012
1055960

Tarix: 14-10-2024
Biz, sosial şəbəkələrdə: