"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvan-Dırnıs turizm marşrutu

Hər il yeni turizm mövsümü başladıqca insanlar ənənəvi olaraq builki səyahətlərini harada və necə keçirəcəyini planlaşdırmağa başlayırlar. Bu baxımdan stressdən uzaq yaşayıb mənalı istirahət keçirmək hamının arzusu olduğu kimi, daha yeni və kəşf edilməmiş turizm marşrutlarının da öyrənilməsi həm turistlərin, həm də turizmin inkişafına maraqlı olan hər kəsi düşündürən məsələlərdəndir. Zəngin turizm potensialı olan Naxçıvan Muxtar Respublikasında yeni turizm marşrutlarının işlənib hazırlanması, onların tanıtımı və bu istiqamətdə turlarının təşkili regiona xas turizm məhsulunun xüsusi çəkisinin artmasına imkan yaradır. Ordubadın dilbər güşələrindən biri olan Dırnıs kəndi istiqamətində səyahətə çıxanlar üçün Naxçıvan-Dırnıs turizm marşrutu barədə təəssüratlar, bu mənada, oxucularımız və həvəskar turistlər üçün də maraqlı olardı.

 

Dırnıs Ordubadın Vənəndçay hövzəsi boyunca yerləşən böyük yaşayış məntəqələrindən biridir. Naxçıvan şəhərindən, təxminən, 90, Naxçıvan-Ordubad magistral yolundan isə 25 kilometr məsafədə Şimal-Şərq istiqamətində yerləşən Dırnısa çatmaq üçün turistlər Dəstəbaşından bu kənd istiqamətində yeni salınmış yolla irəliləyərək Ağrı, Dizə, Vənənd, Vələver, Bəşkənd, Qoruqlar, Anaqut kəndlərindən keçməklə gələ bilərlər. Dırnısdan sonra isə bu gün adı, demək olar ki, yaxın bölgəmizdə hamıya yaxşı tanış olan Zəngəzur dağlarınadək uzanan yolda Kələki, Unus və Pəzməri kəndlərinədək gedib çatmaq mümkündür. Əgər bütün bunları, sadəcə, bir tanışlıq kimi görmək istəyənlər varsa, birgünlük ekskursiya kifayət edər. Ancaq, xüsusən yazın bu gözəl vaxtında və qarşıdakı isti yay günlərində Dırnısa yolunuz düşsə, azı bir həftə bu kəndin təbii gözəlliklərindən doyunca təəssürat qazanmaq üçün yaxşı fürsət yaranacaq. Naxçıvandan Dırnısa qədər uzanan təbii və insan əli ilə yaradılmış gözəlliklər bu təəssüratları daha da zənginləşdirəcək.
Dırnıs təbiətsevər turistlər üçün olduqca əlçatan mövqedə olub, Naxçıvan şəhərindən cəmisi birsaatlıq yol məsafəsindədir. Kəndə, ümumiyyətlə, Ordubad istiqamətinə ilk dəfə səyahət edən turistlər üçün isə yol boyunca insanın gözünü doyuracaq çox gözəl mənzərələr vardır. Naxçıvanın simvolu sayılan vüqarlı Haçadağı müxtəlif rakurslardan izləmək, xan Arazı ilk dəfə bu qədər yaxından görə bilmək və uzaqdakı Zəngəzur silsiləsinin açıq panoraması fonunda onu, sanki daha yaxından göstərən çılpaq dağların ahəngdar düzülüşünü seyr etmək üçün belə səfərlər ilin istənilən fəslində ən yaxşı fürsətdir. Odur ki, Dırnısa bir an öncə çatmaq üçün tələsmək yerinə qarşıdakı yolun hər kilometrinin rəngli hekayəsini dinləmək üçün dördgöz olub, yola yaxşı bələd olan həmsöhbətə qulaq verməyin faydası vardır. Dırnıs dəniz səviyyəsindən, təxminən, 1500 metr yüksəklikdə olub, kəndi əhatə edən Carbaş, Sarıdağ, Səhəngdağla əhatələnir. Dırnısa çatdıqda, uzaqdan, Naxçıvanın getdikcə populyarlıq qazanan digər bir turizm destinasiyası olan Pəzməri şəlaləsi istiqamətində açıq görünən Zəngəzur silsiləsinin sərt sıldırımları ilə diqqəti cəlb edən cənub yamacları isə, sözün əsl mənasında, bu yerləri ilk dəfə görən insanlar üçün nağıllardakı qeyri-adiliyi xatırladır. İlk baxışda adama elə gəlir ki, bu zəhmli dağlarla bərabər, buradakı hər şey – şimşəyə hamilə qatı yağmur buludları, quşlar, ağaclar, otlar, çiçəklər, sanki gizli bir tərs cazibənin gücü ilə havada asılı qalıb, ona çatmaq istəyənlərdən qaçaraq uşaqlaşır. Ancaq Dırnısa çatıb, buradakı sərinsulu bulaqların birindən bir ovuc su içəndən sonra insan, bir anda bu şirin nağıldan gerçək həyat hekayəsinə qovuşur: özünəməxsus Ordubad qonaqpərvərliyi!
Dırnısa gəlmiş turistlər üçün darıxmağa heç bir əsas yoxdur. Bu fikir, istər birgünlük gəzinti-istirahət, istər həftəsonu keçirmək, istərsə də bir və ya bir neçə həftəlik ailəliklə qalıb dincəlmək istəyənlər üçün belədir. Dırnısla yaxından tanış olduqda, burada hələ sovet dönəmində məktəbli düşərgələri, yəni indiki turizm termini ilə desək, kamp turizmi mövcud olub. Hər cür meyvə ağaclarının bar verdiyi terrasvari bağçalar, təmiz həyətlər, abad kəndaarası yollar, hər məhəllədəki qaynayan çeşmələr buraya mənalı istirahət üçün gəlmiş insanların seçim imkanlarını artırır. Seçim üçün isə, necə deyərlər, səbəb də çoxdur. Turist tələbatı sonsuz olsa da, şəhərin bürkülü istisindən cəmi bir saat sonra yamyaşıl sərinliyə qovuşub məst olanlar üçün buradakı hər kiçik bağça, hər bulaq başı, hər ağac kölgəsi bir seçimdir. Kəndin həm yayda, həm də qışda mülayim olan oksigenlə zəngin havası, iti axan Vənəndçayın şırıltısı, bu yerləri yerli sakinlər qədər sevən quşların bahar nəğməsi və insanların gülərüzlüyü bu kəndi seçənləri ürəkdən məmnun edir. Elə ticarətdə çox usta olan digər ordubadlılar kimi dırnıslılar da belə cazibə elementlərini iqtisadi fürsətə çevirməyi yaxşı bacarırlar.
Dırnıs müasir Naxçıvan kəndidir. Təxminən, 2 min nəfər sakini olan bu kənddə sosial həyat üçün zəruri olan bütün müasir şərait yaradılmışdır. 2021-ci il dekabr ayının 3-də müasirliyə qovuşmuş bu kənddə aparılmış müasir quruculuq tədbirləri sayəsində həm yerli əhalinin, həm də buraya gələn qonaqların sosial-mədəni tələbatlarının müasir standartlar səviyyəsində ödənilməsinə imkanlar yaradılmışdır. 2019-cu il dekabrın 4-də istifadəyə verilmiş “Allahşükür məscidi” isə təkcə Dırnısda və ya Ordubadda deyil, bütün Naxçıvanda dini dəyərlərə göstərilən qayğının nümunəsidir. Odur ki, Dırnısa kənar yerlərdən gələn hər bir qonaq burada keçmişlə müasirliyin vəhdətini yaşamaqla Naxçıvanın son onilliklərdə keçdiyi inkişaf yolunun qısa xülasəsini də görmüş olur.
Bir çox Ordubad kəndləri kimi Dırnısın da özünəmxsus xüsusiyyətləri vardır. Burada yerli sakinlərin adət-ənənələrimizə, milli mətbəx nümunələrinə bağlılığı qorunub saxlanılmaqdadır. Kəndə gələn qonaqların qarşılanıb onlara süfrə hazırlaması, Novruz bayramı keçirməsi zamanı yerli nümunələr maraqla qarşılanır. Kəndli fermerlərin istehsal etdiyi orqanik qida məhsullarının keyfiyyətinə isə söz ola bilməz. Mövsümdə yetişən Dırnıs meyvələri, bostan məhsulları şəhərli qonaqların dadından doymadığı yerli nemətlərdir. Dırnıs balı, ağartı məhsullarını isə burada, yerindəcə almaq həm turistlərə, həm də yerli sakinlərə iqtisadi cəhətdən sərfəlidir. Asudə vaxt keçirilməsinə gəldikdə isə Dırnıs bağlarının sakit guşələri, kəndin mərkəzindəki yaşı 300 ilə çatan qocaman çinar, Xıdırbulağı, Dərəbulağının dupduru çeşmələri, Ağamməd dərəsindəki müalicəvi Şorsu ilə tanışlıq, eləcə də kəndi dövrələyən dağ zirvələrinə yürüş bu kənddə keçirilən hər günü mənalı edir. Elə turizmdən yaxşı qazanc əldə etməyi bacaran kəndlilər də bu işə həvəslə yanaşırlar. Belə ki, kəndin girəcəyində yerli sahibkarlara məxsus yeni yaradılan müasir rekreasiya kompleksi eyni anda yüzə yaxın turistə mədəni xidmət göstərmək imkanına malik olacaq. Dırnıs bağlarındakı kölgəliklərdə isə çox da baha olmayan qiymətə şəhərli turistlər həftə sonlarını keçirə bilər, istəsələr, böyük villatipli evlərdə otaq da kirayə edib, daha geniş, daha yaddaqalan bir kənd təəssüratı qazana bilərlər. Belə abad ev və həyətlər isə Dırnısda xeyli saydadır.
Dırnıs gələcəkdə turizm potensialı daha böyük olacaq bir kənddir. Ordubadın bu kənd istiqamətindəki turizm cazibə elementlərinin tədqiqi, onların turizm marşrutlarında istifadəsi məqsədilə mövcud şəraitin tanıdılması üçün daha çox reklam və təbliğat işinə ehtiyac vardır. Çünki turizm yayılıb genişləndikcə daha çox sərfəli layihələr üçün yeni fürsətlər yaranır. Belə müsbət təcrübə isə Naxçıvanda artıq var.

Əli CABBAROV

"Şərq qapısı" qəzeti

20.05.2022

01081195
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
250
225
1210
8117
1081195

Tarix: 26-12-2024
Biz, sosial şəbəkələrdə: